ƏVƏZİ pulla “əvəzləyənlər” və bu mənzərədən feyziyyab olan Feyziyev!!!...
Yenixeber.org: Ölkədə aləm qarışıb... Bir tərəfdə koronavirus təhlükəsi, bir tərəfdə neftin qiymətinin ucuzlaşması, bir tərəfdə devalvasiya havası və bütün bunların fonunda ölkədəki gərgin ictimai-siyasi vəziyyət. Yaranmış vəziyyətdən hər kəs öz mənfəəti və məqsədləri üçün bəhrələnməyə çalışır. Qarışıq vəziyyətdən siyasi məqsədlər üçün istifadə etməyə cəhd edənləri başa düşmək olar, siyasi texnoloqlar bunu mümkün hesab edirlər. Amma xalqın faciəsindən maddiyyat güdənləri nəinki başa düşmək olmur, hətta onları lənətləmək də azdır. Koronavirus təhlükəsi sərhədlərimizə yaxınlaşarkən ilk etiraz səsini qaldıran tanınmış jurnalist Əvəz Zeynallı idi. Xural TV-nin ekranlarından bar-bar bağıraraq müvafiq qurumları qabaqlayıcı tədbirlər görməyə çağıran məhz O idi. Bunun ardınca təsadüf nəticəsində apteklərə üz tutaraq maska axtaran Əvəz Zeynallı kəllə-çarxa çıxan qiymətləri müşahidə edərək etiraz səsini ucaltmaqla “Avromed”in sahibi, deputat (ona millətin vəkili deməyə dilimiz gəlmir:- red.) Cavanşir Feyziyevin qəzəbinə tuş gələcəyini ağlına belə gətirməmişdi. Nə baş verdi?... Qısa zaman kəsiyində Cavanşir Feyziyev arsenalında olan saytları ayağa qaldıraraq bütün istiqamətlərdən Əvəzi “yaylım atəşi”nə tutmağa cəhd etdi. Nəticəsi isə çox acınacaqlı oldu. Pulun “qızdırması”na dözməyən sayt rəhbərləri müxtəlif formalarda Cavanşir Feyziyevə “tribuna” verməyə başladılar. “Dünyada hər şeyi pul həll edir” təfəkkürünə sahib olan alverçi deputat yanlış yolda olduğunu dərk etməkdə çətinlik çəkirdi. Əvəz Zeynallı xarakterinə və peşəsinə uyğun olaraq təyin olunan deputatı və onun ətrafındakı “cib saytları”nı bir canlı yayımla darmadağın etdi. Acınacaqlı vəziyyət yaranıb. Əvəz Zeynallı haqqında ağızlarına gələnləri saytlarına suvayanları başa düşürük. Onlar zatən, neçə illərdir məhz bu işlərlə məşğul olublar, təcrübələri çoxdur. Onların bir hədəfi olub, pul qazanmaq!... Bu dəfə isə həmin trol dəstəsi burunları girməyən yerə başlarını soxmaqla ciddi yanlışlığa yol verdilər. Çünki, qarşılarında ƏVƏZ ZEYNALLI idi. Bu həmin Əvəz Zeynallıdır ki, 90-cı illərdən bəri Azərbaycanda azad mətbuatın meydana çıxaraq formalaşmasında və inkişafında əvəzsiz xidmətləri var. Bu həmin Əvəz Zeynallıdır ki, körpə və fidan balalarını, bütövlükdə ailəsini gözüyaşlı qoyaraq, şərlənərək ömrünün mənalı illərinin böyük hissəsini zindanlarda keçirib, VƏTƏNƏ və DÖVLƏTƏ qurban verib. O, bir vətən sevdalısıdır!... Onun içindəki VƏTƏN və DÖVLƏT sevgisini sındırmaq və ya məhv etmək mümkünsüzdür. Cavanşir Feyziyev özünə karyera qurub biznesini yaradarkən Əvəz Zeynallı uçuq-sökük redaksiyalarda, ac-yalavac millətin haqq səsini dünyaya bəyan edirdi. Özünü geydirmə dövlətçi və “türkçü” adlandıran Cavanşir Feyziyevdən fərqli olaraq, Əvəz Zeynallı bütün ömrünü təmənnasız mənsub olduğu xalqa və dövlətə həsr edib. Bunlar gəlişi gözəl sözlər deyil, hər şeyini DÖVLƏTƏ və XALQA qurban verməyə hazır olan qələm sahibinin həyat yoludur. Cavanşir Feyziyev ölkə başçısının etimadından sui-istifadə edərək milyonlar qazandığı zaman, Əvəz Zeynallı Prezident İlham Əliyevin köməkçisi kimi ölkəni qarış-qarış gəzir, insanları Dövlətə və Prezidentə qarşı qaldıran harınlamış və boynuyoğun məmurları ifşa edir, vətəndaşların hakimiyyətə olan inamını yüksəltməyə çalışır. Cavanşir kimilərsə dünyanı bürüyən təhlükəli virusun Azərbaycana ayaq açmasından "sevinərək" kapitallarını artırmağa səy göstərirlər. Həmişə olduğu kimi bu hakimiyyətin məmurları ehtiyat variant üçün “qurbanlıq quzular” hazırlayırlar. Cinayətlərinin üstü açılarkən yaxalarını kənara çəkib başqalarını qurban vermək indiki məmurların ənənəvi taktikasıdır. Necə ki, Cavanşir Feyziyev formal olaraq “Avromed” şirkətinə baş direktor təyin etdiyi Əzizə Baxşiyevanı və həyat yoldşı Riad Məmmədovu “qurban verməyə” hazırlaşır.
Pul və koronavirusun oxşar cəhətləri çoxdur. Hər ikisi təhlükəli və öldürücüdür. İmmuniteti zəif olanlar pul xəstəliyinə daha tez tutulur və qısa müddətdə məhv olurlar. İmmuniteti güclü olanlar isə pul xəstəliyinə tab gətirərək sağ qalırlar. Cavanşir Feyziyevin pul virusuna yoluxduğu dəqiqdir. Koronavirusun tibbi müalicəsi mümkün olduğu halda, pul virusunun tibbi yolla müalicəsi mümkün deyil. Belə insanları ancaq oturduqları taxtdan endirərək, həbsxanalardakı təkadamlıq kameralara yerləşdirmək lazımdır. Təcrübə göstərir ki, bu tip xəstələr yalnız bu yolla müalicə və islah olunurlar.
Əvəz Zeynallının “üstünə getməyi” və onu susdurmağa cəhd etməyi ağlının ucundan belə keçirmə, Cavanşir Feyziyev!!!... Azad mətbuata dil uzadanların aqibətini göz önünə gətir. Eyibini görürsənsə güzgünü sındırma, öz eyibini düzəltməyə çalış. Sizi və ətrafınızı əmin edirik ki, ölkə mətbuatında yüzlərlə Əvəz Zeynallılar fəaliyyət göstərir və onlar təhdid etdiyiniz şəxsi özlərinə USTAD hesab edirlər. Cavanşir Feyziyev, siz haram yollarla qazandığınız pulların hesabına heç bir əxlaqa və mənəviyyata sığmayan əməllərinizi ört-basdır edə bilərsiniz, amma İLAHİ ƏDALƏTdən qaça bilməyəcəksiniz. Siz Milli Məclisdəki rahat kreslonuzda yuxulayan zaman bizlərin səsi təmsil etdiyiniz Şəkinin ucqar dağ kəndlərindən, haqqı pozulan insanların içindən gələcək. İllərdir müticəsinə biət etdiyiniz ağalarınızın sayəsində məhv edilmiş azad mətbuatın dirçəlişi yuxularınıza haram qatacaq!!!... İnsanlar ən ucqar kəndlərdə belə Xural TV-yə dərdlərini danışacaqlar. Əvəz Zeynallı isə sizin kimilərin xirtdəyindən yapışaraq cavab istəyəcək, Prezidentin köməkçisi kimi!!!...
Vasif Bayramoğlu