Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sizə minnətdarıq, Əli Həsənov!!! -MÖVQE

 

Sizə minnətdarıq, Əli Həsənov!!! - MÖVQE

Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov barəsində mətbuatı zəbt edən neqativ məqalələri oxuduqca beynimizdə qeyri-adi fikirlər dolaşır. Doğrudanmı, Əli Həsənov bu illər ərzində heç bir müsbət addımı ilə yadda qalmayıb?... Doğrudanmı, Əli Həsənov Azərbaycan mətbuatına və orada çalışan jurnalistlərə xoş xatirələrlə anılacaq dəqiqələr bəxş etməyib?... Əslində Əli Həsənov və onun ətrafı Azərbaycan jurnalistikasına misilsiz və əvəzolunmaz xidmətlər göstərib. Çoxlarına qəribə gələ bilər, amma həqiqətən də belədir!... Əli Həsənov özü də bilmədən mətbuatımızın saflaşdırılması, kimlərin hansı əqidəyə və haralara qulluq etmələri, vəzifəyə və pula görə hər şeylərini satmağa hazır olan şərəfsizlər ordusunun ifşa edilməsi, dövlət başçısının yanında oturub dövlətin təməl prinsiplərinin bünövrəsini qazıyan buqələmunların üzə çıxması istiqamətində “ölçüyəgəlməz uğurlar”a imza atdı. Bilirsinizmi necə?...

Əli Həsənovun sayəsində, Azərbaycan mətbuatında heç bir halda və heç bir şərtlər çərçivəsində əqidəsini satmayan qəhrəmanlar yetişdi. Prezident köməkçisinin represiyalarına və cəza mexanizmlərinə mətanətlə sinə gərən, bu yolda malını, mülkünü, canını belə qurban verməyə hazır olan vətən sevdalıları meydana çıxdı...

Əli Həsənovun sayəsində, müstəqil mətbuatın çökdürülməsinin cəmiyyətə və dövlətə sarsıdıcı zərbələr vurduğunun bir daha şahidi olduq. Şüurlara hakim kəsildi ki, müstəqil mətbuatı və qələm sahibləri olmayan cəmiyyətdə nə demokratiyadan, nə də inkişafdan söhbət gedə bilməz.

Əli Həsənovun sayəsində, pul və hakimiyyət üçün etik normalara sığmayan əxlaqsız mübarizələrin dövlətin yuxarı eşalonlarına necə daşındığını müşahidə etdik.

Əli Həsənovun sayəsində, leksikonumuza “Trol” adlı yeni termini daxil etdik və qısa zaman kəsiyində bu söz ildırım sürətilə bütün Azərbaycana yayıldı.

Əli Həsənovun sayəsində, büdcənin 100 milyonlarla vəsaitinin “dövlətin mətbuata qayğısı”adı altında necə ustalıqla mənimsənilməsinin nadir mexanizmlərinə rast gəldik.

Əli Həsənovun sayəsində, dövlətə və xalqa sadiq müstəqil fikirli insanların şərlənməsi, məhkəmələrdə süründürülməsi, hətta həbsxanalara göndərilməsi kimi qeyri-qanuni, həm də qeyri-insani “siyasət”in zərərlərini hiss etdik.

Əli Həsənovun sayəsində, onlarla jurnalist ailələri illərlə başsız qaldı, övladlarının ac-yalavac, kədər dolu gözləri qapılara dikildi, jurnalistin ailə üzvləri və yaxınları “reket və cinayətkar” kimi ictimai qınaqlara məruz qaldılar. Gözləmədiyimiz və ağlımızın ucundan belə keçməyən tarixi mərhələləri yaşadıq və gördük.

Əli Həsənovun sayəsində, dövlət siyasətinin məişət səviyyəsinə endirilməsinin hansı fəsadlara gətirib çıxardığını, bunun ustalıqla “belə də olmalıdır” prinsipi ilə zorla cəmiyyətə necə sırındığının taktiki gedişlərini görə-görə susanların xəyanətkar xislətini acı kədərlə izlədik.

Əli Həsənovun sayəsində, vəzifəni və şan-şöhrəti hər şeydən üstün tutaraq, Dövlətə və Xalqa xəyanət edənlərin, insanlara yuxarıdan aşağıya baxanların, onların çörəyinə göz dikənlərin və haqqına girənlərin sonda cəmiyyət tərəfindən necə linç edildiyinin bir daha şahidi olduq.

Əli Həsənovun sayəsində, , ata, ana və oğul triosunun hakimiyyətin müxtəlif qanadlarını zəbt edərək şəxsi mülkə çevirdiklərinin, yaramaz idarəçiliklə insanları Prezidentə və Dövlətə qarşı necə qaldırdıqlarının nümunəsini gördük.

Əli Həsənovun sayəsində, bir daha əmin olduq ki, İlham Əliyev Heydər Əliyev ideyalarının ən layiqli, qətiyyətli və peşəkar davamçısıdır, təyin etdiyi kadrlara inanır və etimad göstərir, eyni zamanda xəyanəti bağışlamır, hər bir məmura islah olunaraq dövlətə və xalqa xidmət etmələri üçün şərait yaradır. Ta o günə qədər ki, həmin məmur insanlıq sifətindən çıxaraq İblisə biət edir və pul, vəzifə, şan-şöhrət üçün insanlıq və dövlətçilik dəyərlərini ayaq altına atır. Xalq növbəti dəfə Dövlətin və Prezidentin siyasi iradəsinin şahidi oldu.

Əli Həsənovun sayəsində, Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin ən böyük daşıyıcısı olduğu halda, ilk dəfə olaraq, məmurların hərəkətlərini ALLAHSIZLIQ adlandırdı və Prezidentin köməkçiləri kimi bizlər anladıq ki, dinsiz-imansız, ALLAHSIZ məxluqlarla mübarizədə ölkə başçısının yanında olmalıyıq.
Məhz Əli Həsənovun sayəsində, böyük bir məktəb keçdik. Bu günə qədər oxuduqlarımız, gördüklərimiz bir daha öz təsdiqini tapdı. Əmin olduq ki, bəşəriyyətin özünəməxsus İlahi Qanunları mövcuddur. Bu qanunlar daima işləkdir. Gec-tez hər kəs etdiyi qeyri-insani və qeyri-qanuni əməllərinə görə cavab verəcək. Bəli, Əli Həsənovla “çiyin-çiyinə” uzun bir yol gəldik. O, gəlişi və gedişi ilə bizə çox şeyləri öyrətdi. Unutmamalıyıq ki, Əli Həsənovun yoxluğu hər şeyin bitdiyi anlamına gəlməməlidir. Çünki arxada onun yaratdığı və himayədarlıq etdiyi “Həsənovşina ordusu” var.

Bir daha “Həsənovşina məktəbi”ndən aldığımız “dərslər”ə və gəldiyimiz nəticələrə görə Əli Həsənova təşəkkür edirik!...

Vasif Paşayev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam