Şabranda icra başçısının da adının qarışdığı böyük qalmaqal
Şabran rayon Zeyvə kənd sakini Məmmədov Elxan Mildam oğlu redaksiyamız vasitəsilə ölkə rəhbərliyinə müraciət edib
"Xeberinfo.com": Məlumata görə, o, müraciətində bildirib ki, dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələri Şabran rayon Pirəbədil bələdiyyəsi (əvvəlki adı Zeyvə bələdiyyəsi) üzrə saxtalaşdırılıb.
E.Məmmədov yazır ki, bu seçkilərdən əvvəl Nuriyev Cəmaləddin Müzəfəddin oğlu iki dəfə əvvəlki Zeyvə, hazırki Pirəbədil bələdiyyəsinə sədr təyin olunub. Şikayətçi iddia edir ki, əhali seçkidə iştirak etməsə də, C.Nuriyev bu dəfə də bələdiyyə üzvü təyin olunub və artıq özünü bələdiyyə sədri kimi aparır. Səlahiyyətləri təsdiq olunmasa da, saxtakarlıq edərək bələdiyyə sədri kimi sənədlər imzalayır.
Müraciət müəllifi iddia edir ki, yerli əhalinin etirazına, istəyinə zidd olaraq Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov C.Nuriyevi bələdiyyə sədri təyin etdirib. Bu isə səbəbsiz deyil. Şikayətçinin iddiasına görə, C.Nuriyev icra başçısı N.Novruzovla əlbir olaraq imkanlarından, mövqelərindən istifadə edərək uzun illərdən bəri kənd əhalisinin zəruri məqsədlərlə (əkin, pay, örüş və s.) istifadəsində olan torpaq sahələrini hələ mərhum prezident Heydər Əliyevin zamanında əhalinin adına sənədləşdirilməsi barədə sərəncamlar, fərmanlar olsa da, buna əməl etmirlər. Əksinə müxtəlif bəhanələr gətirməklə, saxta sənədlər tərtib etməklə əhalinin əlindən alırlar.
Şikayət məktubunda bildirilir ki, bu işdə Dövlət və Xəritəçəkmə Komitəsinin Şabran rayon Şöbəsinin rəhbəri Qalib Dəmirov və işçiləri C.Nuriyevlə əlbir hərəkət edirlər: “Onlar sənədləri saxtalaşdırmaqla Zeyvə kəndi ətrafında meşə zolağına daxil olan dağətəyi ərazidə, örüş yerlərində, gələcəkdə qoruq kimi qeydiyyata alınacağı nəzərdə tutulan yerdə torpaqların böyük hissəsini fərdi yaşayış evlərinin tikilməsi üçün ayrı-ayrı şəxslərə satıblar. (Şikayətçi meşə zolaqlarında ağacların qırılaraq yerində evlərin tikilməsi ilə bağlı redaksiyamıza fotolar təqdim edib). Bu torpaqların çox hissəsi Cəmaləddin Nuriyevin qohumlarına satılıb. Elə bələdiyyə üzvlərinin əksəriyyəti də onun qohumudur. Cəmaləddin Nuriyev Zeyvə kəndində ona məxsus olan tukinti materialları və ərzaq məhsulları mağazalarını qohumlarının adına sənədləşdirib. Bundan başqa hələ ulu babalarımın istifadəsində olan evimizin qarşısındakı həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi üçün dəfələrlə Cəmaləddin Nuriyevə müraciət etmişəm. Amma qanunun tələblərini ciddi pozaraq və mənim hüqualarımı tapdalayaraq bundan imtina edib. Əvəzində isə Şabran rayon Torpaq Şöbəsinin rəisi və Arxiv İdarəsi ilə əlbir olaraq həmin torpaq sahəsinin onun bələdiyyə üzvü olmasına köməklik göstərməsinin əvəzində Şabran rayon Pirəbədil bələdiyyəsi üzrə seçki komissiyasının sədri Baloğlanov Nizaməddin Rizvan oğlunun adına sənədləşdirməyə cəhd göstərib. Dövlət Torpaq və Xəritəçkmə Komitəsinin aidiyyəti şöbəsinə müraciət etdikdə məlum olub ki, həqiqətən də qeyd edilən torpaq sahəsinin Nizaməddin Baloğlanovun adına səndələşdirilməsi üçün səndələr Komitəyə daxil olub.
Qeyd olunan sənədlərə baxış zamanı müəyyən oldu ki, Cəmaləddin Nuriyevin təşəbbüsü və Şabran rayon Torpaq Şğbəsinin müdiri Qalib Dəmirovla onun işçilərinin vasitəsilə həmin torpaq sahəsinin Nizaməddin Baloğlanovun adına sənədləşdirilməsi məqsədilə toplanmış sənədlərin tərtibatında ciddi saxtakarlıqlara yol verilib. Sənədlərdə, xüsusən də əraziyə aid olan xəritənin tərtibatında aşkar olunan saxtakarlıqları fotoaparatla çəkmişəm. Həmin sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq”.
Məktubda o da qeyd olunur ki, C.Nuriyev hələ 2004-cü ildə Zeyvə bələdiyyəsinin sədri olduqdan sonra guya əvvəlki bələdiyyə tərəfindən Gilvar kəndində məskunlaşan Qərbi Azərbaycandan olan qaçqınlara qanunsuz torpaq sahələri verildiyini iddia edərək həmin torpaq sahələrini onların əlindən almaq istəyib. Ancaq qaçqınların sərt etirazlarından sonra geri çəkilməli olub. E.Məmmədov C.Nuriyevin ordudan yayındığını və buna görə də ona qarşı cinayət işi açıldığını yazıb. Onun sözlərinə görə, əhali növbəti dəfə belə bir şəxsin bələdiyyə sədri təyin etdirilməsinə sərt etirazını bildirir və təcili tədbirlər görülməsini tələb edir.
Şikayətçi daha sonra bildirir ki, C.Nuriyevin yenidən bələdiyyə üzvü olmasına dəstək verən seçki komissiyasının sədri N.Baloğlanov 1989-1992-ci illərdə kənd Sovetinin sədri işləyib və kənd məktəbinin 80 sot olan futbol meydançasını özəlləşdirərək onun 50 sotunu satıb, 30 sotu isə hələ də onundur.
Müraciətin sonunda Zeyvə kəndinin 12 sakini öz imzaları ilə E.Məmmədovun yazdıqlarını təsdiq etdiklərini bildirirlər.
Müraciətdə öz əksini tapan iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
gunxeber.com