Yeni bahalaşma dalğası gəlir- Həyəcan təbili
2018-ci ilin sonlarına doğru maşın bazarında bahalaşma müşahidə olundu. 2019-cu ilin ilk günlərində isə bahalaşma özünü istehlak bazarında göstərdi.
Yenixeber.org:Şübhəsiz ki, un, ət, alkoqollu içkilər və tütün məhsullarının bahalaşması əhali arasında narahatlığa səbəb olur.
Bəs görəsən, istehlak bazarında nə baş verir? Bahalaşma nə ilə əlaqədardır və qiymət artımı nə vaxta qədər davam edəcək?
İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bəzi istehlak məhsullarının qiymət artımının gözlənilən olduğunu bildirib. O, bahalaşmanı aksiz və gömrük rüsumlarının qaldırılması ilə əlaqələndirib:
"Aksiz dərəcələrində artımla əlaqədar tütün və alkoqollu içkilərin qiymətinin bahalaşması öncədən proqnozlaşdırılmışdı. Bu da sosial məsələ olmadığı üçün ciddi narazılığa da səbəb olmadı. Dünya ölkələrində aksiz dərəcəsinin artırılması yolu ilə tütün məmulatları və alkoqollu içkilərin qiymətini artırmaqla, onun istehlakını azaltmağa çalışırlar".
Ekspert siqaret və alkoqollu içkilərin qiymət artımının qaçaqmalçılığa yol açacağını bildirib:
"Azərbaycan izolə edilmiş məkan deyil. Ticarət tərəfdaşları və sərhəd qonşuları var. Gürcüstan, Rusiya və İran kimi ölkələrdə əgər tütün və alkoqollu içkilərin qiyməti daha ucuzdursa, bu, ciddi şəkildə qaçaqmalçılığa zəmin yaradacaq. Demək olar ki, hər gün qaçaqmalçılıqla bağlı xəbərlərin yayılması da təsadüfü deyil. Yəni bu cür məmulatların aksiz və gömrük rüsumlarını artırarkən, mütləq qonşu ölkələrdəki qiymətlər nəzərə alınmalıdır ki, qaçaqmalçılığa rəvac verilməsin və bu hal stimullaşmasın. Düşünürəm ki, belə bir artım 2019-cu ildə qaçaqmalçılığın artmasına gətirib çıxaracaq".
Ekspert avtomobil bazarındakı qiymət artımına da münasibət bildirib:
"Avtomobil bazarındakı qiymət artımı da öncədən bilinirdi. Çünki buna aksiz dərəcələrindəki artım səbəb oldu. Bu da anlaşılan məsələ deyil. Çünki dünya ölkələrində gömrük rüsumları və aksiz dərəcələri avtomobillərə o zaman tətbiq olunur ki, ciddi yerli istehsal olsun. Bu da yerli istehsalın qorunması üçün atılan addımdır. Amma Azərbaycanda ciddi yerli istehsal yoxdur".
Natiq Cəfərli ərzaq bazarında bahalaşmanı uzun illərdən bəri formalaşan ənənə ilə əlaqələndirib:
"Azərbaycanda uzun illərdir ki çox pis ənənə formalaşıb. Qış aylarında, əsasən də yeni ildən əvvəl tələbatın artımından asılı olaraq yerli kənd təsərrüfatı və ərzaq məhsullarının bazardan yavaş-yavaş çəkilməsinə görə qiymətlər artır. Novruz bayramına qədər bu artım davam edir. Yalnız mayın sonu və yayın əvvəlində yerli istehsal məhsullarının bazarda çoxalmasından sonra qiymət artımında bir qədər səngimə müşahidə olunur. Bu, olduca pis ənənədir. Bayramlardan öncə müxtəlif ölkələrdə endirim aksiyaları olduğu halda, Azərbaycanda qiymət artımı baş verir".
Ət və unun qiymət artımına gəlincə, ekspert səbəbləri belə açıqlayıb:
"Ətin qiymətinin artmasına gəlincə, bu, yerli istehsalın azalması ilə əlaqədardır. Çünki pambıqçılığa önəm verilməsi bəzi otlaq sahələrinin azalmasına səbəb oldu. Bu da yem bazasının zəifləməsinə gətirib çıxardı ki, sonda xırda və iribuynuzlu heyvanların sayının azalması ilə nəticələndi. Hətta xaricdən gətirilən ətin miqdarı az qala iki dəfə artıb. Keçən ilin noyabr ayına olan məlumata görə, xaricdən 65 milyon dollarlıq ət alınmışdı. Hansı ki, tarixdə belə şey olmamışdı. Xaricdən idxal da ətin qiymətinin artmasına gətirib çıxarır.
Unun qiymətinin artımı isə iki səbəblə əlaqəlidir. Yerli taxıl sahələri azaldı, bu da məhsuldarlığa təsir göstərdi. Rusiya və Qazaxıstanda taxılın qiymətində 10 faizlik artım oldu. Bizim taxıl donorlarımız da əsasən həmin ölkələr olduğu üçün bahalaşma qiymət artımına təsirsiz ötüşmədi".
İqtisadçı bahalaşmanın getdikcə artacağını da proqnozlaşdırıb:
"Novruz bayramına, hətta yay aylarına qədər ərzaq bazarında qiymətlərin addım-addım artması müşahidə olunacaq".