Dayısı:“Babur hər gün işdən gələndən sonra otağına çəkilərək kitab oxuyardı...
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərdən Babur Hüseynovun meyiti Astara rayonuna aparılır
Yenixeber.org: onun ailə üzvləri artıq Bakıdan Astara rayonuna yola düşüblər.
B.Hüseynovun dayısı Rafiq Hüseynov bildirib ki, bacısı Gülxanım Hüseynova və yaxın qohumları dəfn üçün Astara rayonuna gedir. O deyib ki, B.Hüseynov itkin düşənə qədər anası ilə birgə Bakıda yeznəsi, şəhid polis serjantının evində qalırmış: "Onun yeznəsi bir neçə il əvvəl əməliyyat zamanı şəhid olub. Sonra Babur və anası da onlarda qalıb. Bacım Gülxanım Hüseynovanın ürəyində ciddi problemlər var. Bir neçə aydır, o, ürəyindən müalicə olunur".
R.Hüseynov söyləyib ki, B.Hüseynovun atası Vaqif Hüseynov da bir neçə il bundan əvvəl dünyasını dəyişib: "Vaqif Hüseynov da Astara rayonunda dəfn edilib. Babur da rayonda onun dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırılacaq".
B.Hüseynovun dayısı bacısı oğlunun çox savadlı olduğunu, daim mütaliə etdiyi qeyd edib: "Rəhmətlik hər gün işdən gələndən sonra otağına çəkilərək kitab oxuyardı. Daim savadını artırmaq üçün çalışardı. O, daha sonra daxili işlər orqanlarına müraciət etdi və polis kimi çalışmağa başladı. Babur alpinizmi də çox sevirdi. Həmişə uca dağların zirvələrinə qalxıb, üçrəngli bayrağımızı dalğalandırardı. Yəqin ki, bunu onun şəkillərində də görmüsünüz".
Xatırladaq ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.