“Azəristiliktəchizat” borcunu xalqa ödətdirir
Nazirlər kabinetinin etdiyi yeni dəyişikliyə əsasən isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılıb.
Xeberinfo.com: Bu vaxta qədər isti suyun qiyməti Tarif Şurası tərəfindən tənzimlənirdi. 2017-ci ilin yanvarın 1-dən isə “Azəristiliktəchizat” ASC müstəqil qiymət siyasəti həyata keçirəcək.
“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, “soyuq suyun qiymətini və onu qızdırmaq üçün sərf olunan qaz, enerji xərclərini hesablayıb yeni qiymət müəyyənləşdirəcəyik”. O, yeni qiymətin idarənin zərərlə işləməsinin qarşısını almağa və tədricən gəlir gətirən təşkilata çevrilməsinə xidmət edəcəyini deyib. Rafiq Əliyevin açıqlamasından aydın olur ki, gələn ildən etibarən xalqa satılan isti suyun qiymətində artımın baş verməsi şərtdir.
Qeyd edək ki, keçən ay “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev açıqlamışdı ki, “Azəristiliktəchizat” ASC sərf etdiyi qaz üzrə təxminən 35-38% səviyyəsində ödəniş edir. İ.Kərbalayev həmçinin demişdi ki, cari ilin 9 ayı ərzində “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi (İB) qarşısında əlavə olaraq 8 mln. 416 min manat həcmində debitor borcu yaranıb.
Görünən odur ki, qiymət artımına təkan verən əsas səbəblərdən biri “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi və yığılıb qalan külli miqdarda borcudur. Bu səbəbdən zaman-zaman iki qurum arasında yaranan “soyuq müharibənin” də şahidi olmuşuq. Bunun zərərini isə daha çox xalq ödəyib. Belə ki, keçən il Azəriqazın Azəristiliyi qazdan məhrum etməsi nəticəsində əhalinin istilik təchizatında təxminən 1 ay gecikmə baş vermişdi. Bu il də istilik sistemində problemlər yaşanmaqda davam edir. Xəstəxanalar, məktəblər də daxil olmaqla, əhalinin böyük qrupu hələ də istiliksiz qalıb.
Ölkədə iqtisadi böhranın baş verməsi və dolların bahalaşması fonunda son zamanlar bir çox əmtəə və xidmətlərin qiymət artımını müşahidə etmişik. Xaricdən idxal olunan məhsulların və maya dəyərində xarici valyutanın məzənnəsinin payının çox olduğu yerli məhsulların qiymətinin yüksəlməsində monopoliyanın təsirləri mövcud olsa da, qiymət artımının müəyyən həddə qədər baş verməsi labüd idi. Çünki 23 il ərzində Əliyev hakimiyyəti yerli istehsala diqqət ayırmayaraq, qeyri-neft sektorunu inkişaf etdirməyərək əhalinin təminatını idxal qiymətlərindən asılı hala salıb.
Bu ilin may ayında suyun qiymətinin 39 faiz, iyul ayında isə işığın qiymətinin 17 faiz qalxmağının şahidi olduq. İndi isə əhaliyə satılan isti suyun qiymətinin artırılmasının anonsu verilir. Son dövr rəsmilərin açıqlamasından hiss olunur ki, yaxın vaxtlarda qaz və benzinin də qiymətinin artımı baş verə bilər. İdxal məhsullarında yüksək qiymətə qeyri-qanuni varlanan məmur-oliqarxların yaratdığı monopoliyanının təsiri əsas olduğu halda, “Azərsu”, “Azərişıq”, “Azəristiliktəchizat” kimi dövlət inhisarlarında qiymət artımına əsas səbəblər ştatların şişirdilməsi, qeyri-effektiv idarəetmə və korrupsiya hallarıdır. Bütün bu maya dəyərinə silinən xərclər təşkilatın ödəmə qabiliyyətini və likvidliyini azaldır və qiymət artımına səbəb olmaqla sonda istehlakçının başında patlayır.(Azadliq.info)