Çox qəribədir, ölkədə alkoqollu içkilərin və tütün məhsullarının reklamı qadağan olunduğu halda, cəmiyyətimizin gələcəyi üçün onlardan qat-qat zərəli olan qumar reklamları hər yerdə adamın gözünə, beyninə girir...
Yenixeber.org: Bu yaxınlarda bir tanışımla həmsöhbət oldum. Xeyli əsəbi və qəzəbli idi. Deyir ki, qumar reklamlarının əlindən evdə azyaşlı övladları ilə futbola, əyləncəli verlişlərə baxmağa həsrət qalıb.
Azərbaycan Respublikasının qanunları 18 yaşdan aşağı şəxslərin mərc və lotoreya oyunlarında iştirakını qadağan etsə də, əndazəsini aşan qumar reklamları yaşından asılı olmayaraq hər kəsi bu yola “çağırır”, insanların hissləri ilə “qumar oynayır”. Xüsusən də iradəsi və maddi imkanları zəif olanlar bu tora daha tez düşür, əlində-ovcunda olanları da qumarda uduzur. Sonrasını isə hamımız bilirik. Son dövrlərdə artan intihar xəbərlərinin, ailələrin dağılmasının bir səbəbi də budur.
Çox qəribədir, ölkədə alkoqollu içkilərin və tütün məhsullarının reklamı qadağan olunduğu halda, cəmiyyətimizin gələcəyi üçün onlardan qat-qat zərəli olan qumar reklamları hər yerdə adamın gözünə, beyninə girir. Bu gün ölkənin reklam bazarının əsas bazasını da “Azərlotoreya”nın və “Misli”nin reklamları təşkil edir. Televiziya və internet resurlarda reklamlar əsasən istehsal və istehlaka aidiyyati olmayan, insanlarda pis asılılıq yaradan, onları maddi və mənəvi olaraq sömürən bu iki əmtəə nişanınından ibarətdir və bu da təbii ki, gələcəyimiz üçün yaxşı heç bir şey vəd etmir. Bir daha qeyd edək ki, reklamları qadağan olunan akoqollu içkilər və tütün məhsulları qumar qədər cəmiyyətimizə və gələcəyimizə zərər vermir. Qumar alkoqollu içkilərdən və tütün məhsullarından daha çox asılıq yaradır və daha çox ailələrin dağılmasına, ocaqların sönməsinə və kriminal ortamın inkişafına yol açır.
![]()
Kimisi asan yolla varlanmaq, kimisə də maddi problemlərdən, borc və kreditlərdən qurtulmaq üçün bu yola düşür. Belə bir deyim var: “Qumarı oynadan qazanır”. Həqiqətən də belədir. Bu cür oyunlardan yeganə qazanclı çıxan məhz “Azərlotoreya”dır. Uduzan isə kasıb təbəqə, qumara asılığı yaranan Azərbaycan gəncliyi və gələcəyimizdir. Əhalinin sıx toplaşdığı yerlərdə, avtobus dayanacaqlarında, metro çıxışlarında, müxtəlif iri marketlərin girəcəyində xeyli lotoreya satış məntəqələrinə, “Azərlotoreya”nın loqosu olan köşklərə rast gəlirik. Bir müddət əvəl Poliqon.info olaraq araşdırma aparmışdıq və müəyyənləşdirmişdik ki, orta məktəblərin, təhsil müəsissələrinin yaxınlığında belə bu cür satış məntəqələri var. Qanunla bu qadağan edilsə də, pul qazanmaq hərisliyi bütün bu qadağaları əhəmiyyətsiz bir kağız parçasına çevirib.
Üstəlik onlayn qumar “Misli”nin veb saytında yeniyetmələr üçün belə əl çatandır və “Misli”nin 50 qəpikdən başlatdığı onlayn qumar əslində yeniyetmələri və uşaqları hədəf olan layihədir. Biz bu barədə yazmışıq və bir daha qeyd edirik ki, məktəblərin önündə qumar masaları qoymaq, onlayn qumarda 50 qəpiklik gedişlər yaratmaq məktəblərdə nar kotik satmaq kimi bir şeydir. Çox təəssüf ki, “Azərlotoreya” və “Misli” bütün bunlara gedir və onlara dur deyən də yoxdur.
Bu hələ hamısı deyil, “Azərlotoreya” gəncləri qumar sevdasının ağuşuna daha sürətlə almaq üçün müxtəlif üsullara əl atır. Satış məntəqələri ilə yanaşı, onlayn qumar növlərinin də sayı durmadan artıb. “Azərlotoreya” “Misli”nin saytı vasitəsiylə qumarı iradəsi zəif, həyat təcrübəsi az olan gənclərin evinə qədər gətirir, mobil telefonlar vasitəsiylə onları 24 saat bu “işin” içində olmağa sövq edir. Sözsüz ki, bu cür asan və əlçatan qumar növləri sürətlə gəncləri özündən asılı vəziyyətə salır. Çox təəssüflər olsun ki, nəzarətsiz qalan bu sahədə “Azərlotoreya”nın fərqli qumar növləri misli görünməmiş sürətlə inkişaf etməkdədir.
Bir məqamı diqqətinizə çatdıraq. Artıq qumar təhlükəsi, onun belə sürətli inkişafı qardaş Türkiyədə ciddi narahatçılıq yaradıb. Diqqətçəkən məqam odur ki, qumar fitnəsinə qarşı mübarizə bu ölkədə bir-birinə barışmaz mövqedə olan iqtidarla müxalifəti də birləşdirib. Ötən həftə “TRT Genc” telekanalının açılışına qatılan Rəcəb Tayyib Ərdoğan “həyacan təbili” çalıb. Sitat: “gənclər onlayn mərc, qumar təhdidi ilə üz-üzədir. Biz cəmiyyət olaraq buna qarşı səfərbər olmalıyıq”. CHP lideri Özgür Özel də Türkiyədə qumar oyunların sürətlə yayıldığından narahatlığını ifadə edib. Partiyasının qrup toplantısında danışan Özel “Milli Piyanqo” şirkətinin “onlayn qumarxana”ya çevrildiyini tənqid edib, bildirib ki, hazırda bu şirkət gənclərin 119 növdə onlayn qumar oyununda iştirakı üçün münbit şərait yaradır, bu sayı daim artırır.
Azərbaycanda da durum elə Türkiyədəki kimidir. Baxmayaraq ki, biz əhali sayına görə qardaş ölkədən qat-qat geri qalırıq, amma “Azərlotoreya”nın yaratdığı qumar şəbəkəsi bizdə də xeyli gənci öz toruna salıb. Artıq ən yüksək səviyyədə “həyacan təbili” çalmağın zamanıdır.
“Azərlotoreya” hazırda “Misli.az” saytı vasitəsiylə fərqli növlərdə qumar oyunları təklif edir. Özü də söhbət təkcə real idman oyunlarından getmir. Xeyli sayda virtual qumar növləri var ki, onların necə idarə olunduğu qeyri-müəyyəndir. Deməli, bu cür oyunlarda sadə vətəndaşın qazanmaq şansı heçə bərabərdir. Saytın ana səhifəsində “bol uduşlu tezloto”, “50 qəpiklik binqo” oyunları pul qazanmaq həvəsiylə ora daxil olanların “gözünə girir”. Daha sonra nə az - nə çox düz 61 növ tələ tipli qumar növü “təklif olunur”.
“Menyu”da nələr yoxdur? Tazı və at yarışları öz yerindədir, atların və itlərin hansısa uzaq ölkədə xaotik qaçışı çox adamı müflis edib. “Yumurta döyüşü”, “Bal küpü”, “Şən fişəng”, “Sür qazan”... hələ çeşid-çeşid “poz qazan” tipli oyunları demirik. “Misli”nin texnoloqları futbol mərclərinin də onlayn variantını yaradıb, “Böyük beşlik” ölkələrindən Almaniya Bundesliqasının və İngilitərə Premyer Liqasının, eləcə də Türkiyə Super Liqasının onlayn variantlarını qumar növünə çeviriblər. Belə “oyunlar” cəmi 2-3 dəqiqə davam edir, bunun nə demək olduğunu təsəvvür edirsizmi? Cəmi bir saat ərzində 20-dən çox oyuna pul qoymaq və külli miqdarda uduzmaq!
Görünən odur ki, “Misli” gənclərimizi məhv etmək və onlarda qumar asılığı yaratmağı qarşısına məqsəd qoyub və bu mıəqsədinə doğru da durmadan irəliləyir. “Misli” gənclərimizin zəif damarını tutub, müxtəlif virtual və real qumar növləri ilə onları müflis etməkdə qərarlıdır. Buna isə dur deməyin zamanı çatıb.
Məncə bunun üçün gecikmişik belə. Ümid edirik ki, qardaş Türkiyədə olduğu kimi, bizdə də məsələ ən yüksək səviyyədə müzakirəyə çıxarılacaq, yüksək tribunalardan “Azərlotoreya”nın əməllərini durdurmaq üçün çağırışlar eşidəcəyik.
Cənablar bu yolun sonu uçurumdur, “Azərlotoreya” bizi uçuruma aparır və bunu bilməyimiz gərəkir...(poliqon.info)
Azər QARAMANLI










AZ
RU
