Sağlamlıq ocağında şou və xaos: “Kurort” QSC-də nə baş verir? -DE-FAKTO
Nazir səhnədə - tamaşa arxada
Yenixeber.org: İki gün öncə Səhiyyə naziri Teymur Musayev “Abşeron” sanatoriyasında olub. Baxış keçirib, vəziyyətlə tanış olub. Amma dərhal sonra sanatoriyanı tərifləyib. Bu tərif nə məntiqə, nə vicdana sığır. Çünki elə həmin baxış zamanı onun özü də görmüşdü: tibbi avadanlıqlarla bağlı problemlər mövcuddur, ozonoterapiya və digər aparatlarının ştativləri yoxdur, kardiogramma otağına isə heç girmədi - çünki çatışmazlıqlar qapıdan belə görünürdü.
Nazirin mövqeyi isə hələ də anlaşılmaz qalır - o, gördüyü çatışmazlıqları niyə dilə gətirmədi və ya niyə susdu - bu sual açıq qalır.
Rəqəmlərin dili ilə
Ötən il payız aylarında sanatoriyada 250 nəfərə qədər pasiyent müalicə alırdı. Bu gün isə cəmi 20 nəfər qalıb. Bunun əvəzində isə 90 işçi maaş alır, təkcə müalicə korpusunda 50 nəfər var. Suallar çoxdur: bu qədər maaş hansı pulla ödənilir? Sanatoriya niyə bu günə düşüb? Cavab sadədir: putyovkaların qiyməti qanunsuz şəkildə günü 200-300 manata qaldırılıb.
Mənbələrin iddiasına görə, sanatoriyanın 3-cü mərtəbəsini təmir ediblər, Türkiyə üslubunda VIP otaqlar düzəldiblər və 300 manata satırlar. Amma o pulla zəhmətkeşlərdən heç kim ora gedə bilməz. Zəhmətkeşin cibində bu qədər pul hardan olsun? İmkanlı isə heç vaxt gəlib şəraitsiz “Abşeron” sanatoriyasında qalmaz - gedər beşulduzlu SPA oteldə, həm də daha ucuz qiymətə.
“İslahat” adı ilə talan
Bir neçə ayda “Kurort” QSC-də ştatın 19 nəfərdən 120 nəfərə qədər süni şəkildə artırılması, bəzi mənbələrin dediyinə görə “ölü canlar”ın yaradılması, eyni vaxtda bir neçə sanatoriyada təmir işlərinin başlanması və ehtiyacdan kənar avadanlıqların alınması ciddi suallar doğurur.
Nəticədə həm üzvlük haqları, həm də dövlət büdcəsindən ayrılan vəsaitlərin milyonlarla manatın səmərəsiz xərcləndiyi bildirilir. Zəhmətkeşin sağlamlığı üçün toplanan pulların VIP otaq dekorasiyasına, şou təmirlərə yönəldilməsi səbəbindən sanatoriyalarda əməkhaqqı ödəməkdə çətinliklərin yarandığı qeyd olunur.
Əslində, bu proseslər “islahat” adı ilə təqdim edilsə də, faktiki olaraq səmərəsiz idarəçilik, məsuliyyətsizlik və üzvlərin maraqlarına zidd fəaliyyət təəssüratı yaradır.
“Buzovna” sanatoriyası – ümumi mənzərədə ən yaxşısı?
Sanatoriyalardan nisbətən “normal” vəziyyətdə olan yalnız “Buzovna”dır. Amma orada da problem yoxdur demək sadəlövhlük olardı. Keyfiyyətsiz yeməklərin səbəbi aydındır - menyunun dəyəri qəsdən aşağı salınıb. Redaksiyamıza daxil olan məlumatlara görə, bu da bilavasitə “Kurort” QSC-nin baş direktorunun göstərişidir. Yəni “ən yaxşı” sanatoriyada belə, xəstələrin yeməklə bağlı narazılığı qaçılmazdır.
Digər sanatoriyalar - iflic vəziyyətdə
Qalan sanatoriyaların durumu isə “bərbad” ifadəsini də aşır. Avadanlıqların bəziləri işləmir, işçi qıtlığı var, rüşvət və intriqa gündəlik normaya çevrilib. İnsan sağlamlığı üzərində qurulan bu müəssisələr əslində korrupsiya mənbəyinə çevriliblər.
Bu məqalədə bir daha “Şıx” sanatoriyasının faciəvi mənzərəsinə toxunacağıq. Çünki daxil olan məlumatlara görə, orada baş verənlər təkcə təsadüfi nöqsanlar deyil, məqsədli şəkildə qurulmuş xaos və məsuliyyətsizlikdir.
Növbəti yazılarda isə “Bilgəh”, “Günəşli”, “Naftalan” sanatoriyalarında hökm sürən rüşvət və özbaşınalıqlardan bəhs edəcəyik. Həmçinin “Pirşağı” sanatoriyasının yeməkxanasının icarəyə verildikdən sonra necə “gecə klubuna” çevrilməsi barədə də faktlar açıqlanacaq. Bu artıq sanatoriya deyil, əsl rüsvayçılıqdır - insanların sağlamlığına xidmət etməli ocaq tam dağıdılmış, əyləncə və əxlaqsızlıq məkanına çevrilir.
Eyni zamanda, 30 illik fəaliyyəti olan “Ülfət” qəzetinin bağlanması, işçilərinin işdən çıxarılması və qəzet rəhbərliyinə hörmətsizlik edilməsinə dair redaksiyamıza daxil olan faktlar da açıqlanacaq. Mənbələrin dediyinə görə, qəzet rəhbərliyinə hətta “Abşeron” sanatoriyasında gözətçi işi təklif edilməsi kimi qeyri-adi hallar da baş verib.
“Şıx” sanatoriyasında xaos və təxribat
Redaksiyamıza daxil olan məktublar və fotolar göstərir ki, vəziyyət artıq fəlakət həddindədir. Çünki, avadanlıqlar sıradan çıxıb - darsanval işləmir, zərbə-dalğa aparatı yoxdur, portativ cihaz evdən gətirilir; peşəkarlar sıxışdırılır - təcrübəli işçilərə “köhnə” damğası vurulur, yerlərinə təsadüfi kadrlar gətirilir; pasiyentlərdən gələn şikayətlər arasında massaj faciəsi - Elmira adlı massajçı bir xarici pasiyentin kürəyini qançır edib, digərləri isə evdə hazırladıqları məlhəmləri çəkir, sonra pasiyenti mətbəx streçi ilə bürüyürlər; qiybət idarəçiliyi - rəhbərliyə yaxın bir qrup işçi günün çoxunu şəxsi maraqlara və dedi-qodulara sərf edir, sanatoriyanın idarəçiliyi isə faktiki olaraq “daxili intriqalar üçlüyünün” əlindədir; qidalanma bərbad vəziyyətdədir - Braziliyadan gətirilmiş şübhəli donmuş ətlər, plastik qablarda ucuz bitki yağları, kimyəvi qatqılarla yeməklər hazırlanır, bunun nəticəsində xəstələrin mədə-bağırsağı pozulur; təmizlik və şərait - otaqlar çirk içində, həkim və fizioterapiya otaqları vaxtında təmizlənmir, postellər vaxtında dəyişilmir, “ölü canlar” sistemi - baş aşpazın adı maaş cədvəlində var, amma özü işə çıxmır və daha nələr…nələr…
“Şıx” sanatoriyasında hazırda cəmi 90 nəfərədək qonaq qalır. Halbuki əvvəlki illərdə bu aylar ərzində qonaqların sayı 170 nəfərdən aşağı olmurdu.
Bu rəqəmlər göstərir ki, sanatoriyanın nüfuzu və insanların etimadı getdikcə azalır. Əsas səbəblərdən biri də göndərişlərin əvvəlki kimi təmin edilməməsi, qiymətlərin süni şəkildə qaldırılması, müalicə və qidanın keyfiyyətsizliyi və sanatoriyadakı vəziyyətlə bağlı yayılan narazılıqlardır.
Sanatoriyanın direktorunun faktiki fəaliyyəti demək olar ki, görünmür. İşçilərin sözlərinə görə, o, gündəlik problemlərin həllinə, xəstələrin müalicəsinə və şəraitin yaxşılaşdırılmasına diqqət yetirmir, vaxtını başqa işlərə sərf edir. Nəticədə həm 90 nəfərlik kollektivdə ciddi narazılıq yaranır, həm də idarəçilik xaos və nizamsızlığa çevrilir.
Deyilənlərə görə, sanatoriyanın işçiləri artıq AHİK və “Kurort” QSC vəzifəlilərinə dəfələrlə izahat verməkdən yorulublar. Onların sözlərinə görə, ard-arda gələn yoxlamaların əsas hədəfi təcrübəli və ya narazılıqlarını ifadə edən işçilərdir. İddialara görə, belə işçilərin işdən uzaqlaşdırılması, onların yerinə isə müxtəlif yollarla yeni əməkdaşların gətirilməsi halları müşahidə olunur.
Ən acınacaqlısı odur ki, mənbələrin bildirdiyinə görə, rəhbər vəzifə sahiblərinin yaxınları da sanatoriyalarda müxtəlif vəzifələrə gətirilir. Bu isə işçilər arasında həm ədalətsizlik təəssüratı yaradır, həm də kollektivdə narazılığa səbəb olur.
Ən dəhşətli məqam – saxta “müalicə”
Xəstələr vannalarda verilən suyun keyfiyyətsizliyindən şikayətlənəndə rəhbərlik deyir: “Əgər bu su pis olsaydı, yüksək vəzifəlilər burada vanna qəbul etməzdilər.” Amma fakt odur ki, bu lay suları hələ də “termal su” adı ilə xalqa sırınır. Bu, sadəcə məsuliyyətsizlik deyil - bu, insanların sağlamlığı ilə oynamaqdır.
Ən dəhşətlisi odur ki, neft quyularından çıxan həmin lay sularına Səhiyyə Nazirliyi tərəfindən guya “müalicəvi mineral su” statusu verilib. Bu, sadəcə səhv deyil - faciəvi bir yanlışlıqdır. Çünki belə bir rəy verilməklə xəstələrin sağlamlığı birbaşa təhlükə altına atılır.
Sanatoriyanın divarına isə həmin saxta rəy çərçivəyə salınıb asılır - guya ki, bu, pasiyentlərə etibar aşılayan “elmi sənəd”dir. Əslində isə bu, xəstələrin gözünə kül üfürmək, onları aldatmaqdan başqa bir şey deyil.
Əgər Nazirlik doğrudan da belə bir rəyi təsdiqləyibsə, deməli məsuliyyət ikiqat artır: həm saxta “müalicə” təşkil edənlər günahkardır, həm də buna rəsmi möhür qoyan qurum.
Belə bir rəyin Səhiyyə Nazirliyi tərəfindən verilməsi özü-özlüyündə açıq korrupsiya əlamətidir. Əslində isə burada məqsəd qanunsuz əməllərə hüquqi don geyindirməkdir. İddialara görə, məsələ bununla da bitmir - QSC rəhbərliyi hətta “Azərsu” qurumundan da oxşar rəy almağa cəhd göstərib, yəni lay sularını guya “təhlükəsiz” və “müalicəvi” göstərmək üçün bütün yollar sınanıb.
Bu isə artıq təkcə vəzifə səlahiyyətlərindən sui-istifadə deyil, həm də insanların sağlamlığı ilə açıq-aşkar alverdir. Belə ki, ekspertlərin fikrincə, belə suların istifadəsi ilə bağlı elmi əsaslandırmaların, müstəqil laborator yoxlamaların aparılması vacibdir. Əks halda, pasiyentlərin sağlamlığı ilə bağlı risklər aradan qaldırılmamış qalır.
Dünən dərc etdiyimiz fotolardan sonra sualımız budur: Düz demirik, cənab Səhiyyə naziri? Axı, neft quyusundan çıxarılan lay sularını “müalicəvi” adı ilə xəstə insanların qarşısına çıxarmaq nə dərəcədə doğrudur? Bu insanlığa və həkim andına sığarmı?
Siz özünüz həmin su ilə dolu vannaya bir yaxınınızı salardınızmı? Əgər yoxsa, onda niyə vətəndaşların həyatını təhlükəyə atmağa göz yumursunuz?
Qorxu atmosferi yox, həll yolları gərəkdir
Redaksiyamıza daxil olan məlumatlara görə, son vaxtlar “Kurort” QSC-nin baş direktoru diqqətini əsasən mətbuata məlumat ötürən işçiləri tapmağa yönəldib. İşçilərə qarşı hədə-qorxular səsləndirildiyi, hətta onları müxtəlif qohum əlaqələri ilə qorxutmağa cəhdlər olduğu barədə iddialar dolaşır.
Halbuki, rəhbərliyin enerjisi və diqqəti başqa istiqamətə yönəlməlidir: sanatoriyalarda yığılıb qalan problemlərin aradan qaldırılmasına. Çünki əsas vəzifə - işçilərin əmək hüquqlarının qorunması, xəstələrin sağlamlığı üçün təhlükəsiz və keyfiyyətli şəraitin yaradılmasıdır.
Əgər rəhbərlik gücünü məhz bu sahələrə sərf etsə, həm işçilərin, həm də xəstələrin inamı bərpa olunacaq, sanatoriyalar isə öz profilinə uyğun olaraq həqiqi sağlamlıq mərkəzlərinə çevriləcəkdir. Bu, həm də “Kurort” QSC-nin nüfuzunu artıracaq, ictimaiyyət qarşısında etimadı möhkəmləndirəcəkdir.
Son söz əvəzi...
Sanatoriyalarda baş verənlər ayrı-ayrı təsadüfi hallar kimi deyil, daha çox sistemli problemlər kimi qiymətləndirilir. Ən vacib məsələ isə şəffaflıq, səmərəli idarəçilik və ictimai etimadın bərpasıdır.
Burada müalicə əvəzinə kommersiya maraqlarının üstünlük təşkil etdiyi, “islahat” adı ilə səmərəsiz xərclərin aparıldığı, idarəçilikdə isə xaos elementlərinin müşahidə olunduğu barədə çoxsaylı iddialar səsləndirilir.
Ən diqqətçəkən məqam odur ki, bu proseslərə göz yumulduğu təəssüratı yaranır. İctimaiyyət arasında yayılan fikirlərə görə, yalnız AHİK və “Kurort” QSC rəhbərliyinin deyil, həm də Səhiyyə Nazirliyinin daha açıq mövqeyinə ehtiyac var. Çünki görülən nöqsanlara münasibət bildirilmədikdə, ictimai inamın zədələnməsi qaçılmaz olur.
P.S. Redaksiya Səhiyyə Nazirliyi, AHİK, “Kurort» QSC və digər dövlət orqanları, müəssisə və təşkilatlara, həmçinin məqalədə adları hallanan şəxslərin məsələyə münasibətlərinə yer ayırmağa hazırdır.