Dövlət Gömrük Komitəsində baş verən rəhbər dəyişiklərindən sonra, görünür ki, sadəcə, iddialar və vədlər dəyişib. Yeni sədr Şahin Bağırov sələfindən fərqli olaraq, rüşvətin kəsiləcəyi, maxinasiyaların aradan qaldırılacağı barədə konkret vədlər verir, lakin faktiki olaraq, dəyişən heç nə yoxdur: “köhnə hamam, köhnə tas”.
Yenixeber.org: Bunu sübut edən onlarca nümunələrə, vətəndaş şikayətlərinə yer vermək olar. Lakin, ən sonuncu və maraqlı örnəklərdən birinə meydan verəcəyik.
Belə ki, gənc alim, filosof Yunis Dürüst də məlum idarənin özbaşınalığına rast gəlsə də, cavabsız qalmayıb və sarkazm ilə qarşılıq verib! Daha doğrusu, Yunis bəy problemin həlli üçün öncə, məktub yazıb və bildirib ki, nəticə olmayacağı təqdirdə, məktubunu mediada yayacaq. Nazirlikdən gələn cavab, formal xarakter daşıyıb və problem həll olmayıb!
Beləliklə, filosofun Gömrük Komitəsi rəhbəri Şahin Bağırova ünvanladığı məsxərə və yumor dolu məktubunu dərc edirik:
Dövlət Gömrük Komitəsinin sədri hörmətli Şahin Bağırov!
Sizə müraciət edərək bildirirəm ki, onlayn alış-veriş zamanı sifariş etdiyim bağlama, heç bir səbəb, hətta HEÇ BİR BƏHANƏ OLMADAN gömrükdə saxlanılıb!
Bağlamanı gətirən “Sürət karqo”nun bizə bildirdiyi budur ki, komitəniz, zeytun yağını, ŞÜBHƏLİ YAĞ hesab edib!
Bağlamadakı məhsul, təqdim olunan sübutdan da göründüyü kimi, həqiqətən, zeytun yağıdır. Elə isə, sual ortaya çıxır: Gömrük Komitəsi, “şübhəli yağ” deyərkən nəyi nəzərdə tutur? Olmaya, bəlkə, komitə, yeni bir cihaz icad edib və analiz etmədən, hətta yağa toxunmadan, dərhal tərkibini və mənşəyini müəyyən edə bilir? Əgər elədirsə, bu möhtəşəm ixtiranı və elmi nailiyyəti, dərhal dünyaya çıxarmaq, bəşəriyyətə təqdim etmək lazımdır! Çünki, hələki belə bir şeyi, Yaponiya, ABŞ, Çin alimləri belə, icad etməyiblər…
Bir də onu anlaya bilmədik ki, şəxsi istifadə üçün alınan zeytun yağının tərkibini belə dərin araşdırmaq, gömrük komitəsinin nəyinə lazımdır? Olmaya, bəlkə, tez-tez harasa birləşdirilən bədbəxt Antiinhisar Xidməti, sonda Gömrük Komitəsinə birləşdirilib?… Ya da, bəlkə, Milli Kulinariya Mərkəzi, Gömrük Komitəsinə birləşdirilib?…
Hörmətli Şahin Bağırov! Səmimi sual veririk: komitəniz necə müəyyən etdi ki, verilən məlumat, yalandır və qutunun içindəki, hansısa “şübhəli yağ”dır? Hansı aparat və cihazla etdiniz bunu? Meyar nədir? Yoxsa, bəlkə, ekstrasens xidmətindən istifadəyə başlamısınız, xəbərimiz yoxdur?…
Əgər elədirsə, onda həmin ekstrasenslərinizi yönləndirin, media da onları tanısın, tanıtsın, cəmiyyət faydalansın!
Allah, sizi güldürsün, ay Gömrük Komitəsi! 1 aprel, artıq çoxdan keçibdir, amma siz hələ də bizi güldürməyə davam edirsiz, ilin 365 günü camaatla məzələnirsiz! Bağlamamızı, anidən götürüb gizlədirsiniz, deyirsiniz, tap görüm hardadır! İş orasındadır ki, tapanda da vermirsiniz, deyirsiniz pul ver, verim…
Şahin müəllim, vallah, bu etdiyiniz, zarafat deyil e, konkret dilənçilikdir, hətta dələduzluqdur! Başqa ölkələrdə, hansısa məmur, vətəndaşın halalca bağlamasını götürüb gizlətsə, ya da əvəzində pul istəsə, onu cəhənnəmə qədər qovarlar e…
P.S. Verdiyiniz nömrəyə, on dəfələrlə zəng etsək də, hətta nəhayət düşə bilsək də, nədənsə heç kim cavab vermədi, “adbvoy” verildi…. Sanki hansısa “əjdaha”, telefonun başında gözləyir ki, zənglərin qarşını alsın!
Görünür ki, əlaqə nömrəniz, formaldır və gözdən pərdə asmaq üçün qoyulub.(xeberçiniz.biz)