Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzinin işçisi rəhbərlikdən şikayətçidir.
Yenixeber.org: Mərkəzin Dezinfeksiya bölməsinin müdiri Yaqut Abdullayeva redaksiyamıza 20 ilə yaxındır çalışdığı müəssisədə onun adından saxta sənədlərə imza atıldığını deyib.
Şikayətçi rəhbərliyi qanunsuzluqda ittiham edir:
“Adımdan Baş İdarəyə saxta hesabatlar verilir, idarə də o hesabatları Səhiyyə Nazirliyinə göndərir. Nazirliyin özünə bununla bağlı şikayət eləmişəm, lakin nəticə olmur. Məcbur edirlər ki, mən saxta sənədlərə imza atım. Onu etmədiyim üçün nizam-intizamı pozmaqla bağlı töhmət verirlər. Dövlət əleyhinə olan heç bir sənədə imza atmıram. Əmək funksiyalarım pozulur”.
O, əlində saxta sənədlərin olduğunu iddia edir:
“Bu sənədlər infeksion xəstəliklərin gedişatı haqqındadır. Mənim iştirakım olmadan bunlar icra olunub, amma sənədlər mənim adımdan göndərilib. Biz məktəblərə, bağçalara, fərdi evlərə də dezinfeksiya işləri ilə bağlı gedirik. Olmayan işlərin hesabatını mən dövlətə necə verim? Bizim işimiz dezinfeksiyadır, həmin işdə iştirak etmədiyimiz halda necə yalandan iştirak etdiyimizi yaza bilərik?! Getmirik, bəs dərmanlar hara gedir? Bunlar qanuni şəkildə oğrudurlar”.