Sahibkardan pul yığmağın yeni “dəbi” -Banklar vətəndaşların kart məlumatlarını vergiyə satır və...
“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 467 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib...”
Yenixeber.org: DVX bu ilin 29 oktyabr tarixindən etibarən az qala hər gün belə xəbərlər yayır. Araşdırmamıza görə, iki ay yarım ərzində 3000-ə qədər sahibkara maliyyə sanksiyası tətbiq edilib.
Xidmətdən bildirilir ki, həmin obyektlərdə istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. “Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib”, - açıqlamada qeyd olunur.
Oktyabrın 28-də isə DVX sahibkarlara müraciət ünvanlayaraq? xəbərdarlıq etmişdi: “Nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir”.
Müraciətdə qeyd edilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir: “Eyni zamanda, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib”.
Cərimələrin məbləğinə gəlincə, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1000 manat, 2-ci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat maliyyə sanksiyaları tətbiq olunur.
Maraqlıdır, kifayət qədər ağır maliyyə sanksiyalarına baxmayaraq, sahibkarlar nağdsız ödənişləri qəbul etməkdən niyə yayınmağa çalışır?
Vergi orqanı kartdan-karta ödənişlərin aparılmasını necə müəyyən edir? Sahibkarlara tətbiq olunan maliyyə sanksiyaları adekvatdırmı?
Maliyyə sektoru üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov məsələni şərhində deyib ki, sahibkarın vergi ödəyicisi kimi gpstərdiyi xidmətin qarşılığında aəldə etdiyi pul, onun fiziki şəxs kimi kartına oturur, problem də elə bundadır: “Ola bilər, sahibkarın həm sahibkar kartı var, həm hamının istifadə etdiyi adi bank kartı. Vergi onu ittiham edir ki, pul məhz o adi bank kartına gəlir, yəni sahibkar kartına köçürmələrdə problem yoxdur, çünki dərhal vergisini tutur. Amma bəzi sahibkarlar malı, xidməti və s. satanda vətəndaşa deyir ki, pulu şəxsi kartıma göndər. Bu, mağazada da ola bilər, başqa yerdə də. Aydın məsələdir ki, bu, vergidən yayınmadır. Vergidən yayınma həmişə olur, sadəcə əvvəllər bunu köçürmə ilə yox, daha çox nağd formada edirdilər. Vergi orqanının ruhu da incimirdi, o haradan bilərdi ki, kimsə gəldi, nağd ödəniş etdi və s.”
Bəs vergi xidmətinin əməkdaşı bunu necə müəyyən edə bilir? Ekspert bildirir ki, əvvəla, gərək vətəndaş ondan pulu şəxsi bank kartına atmağı tələb edən sahibkardan şikayət etsin: “Təcrübədə bunu edən yoxdur, heç kim maraqlı deyil. Elə Vergi Xidməti də maraqlı deyil, çünki cərimə məbləği azdır. Həmçinin bu məsələni sübut etməlidir. Buna görə də vergi orqanı çox asan yol tapıb. Banklardan sahibkarların adi fiziki şəxs kimi bank hesabları haqqında məlumatları alır. Halbuki banklar vergi orqanına bu məlumatı verməməlidirlər, çünki bu, bank sirridir. Bank DVX-ə sahibkar hesabını verə bilər, adi fiziki şəxsi hesabını yox! Vergi orqanı baxır ki, adi vətəndaşın bank hesabına müxtəlif yerlərdən tez-tez pullar gəlir, ehtimal edir ki, bu vəsaitlər bizneslə bağlıdır. Pullar bizneslə bağlı da ola bilər, bir hissəsi ticarətə aid ola, digər hissəsi olmaya bilər. Amma vergi orqanı bütün məbləği sahibkarlıq fəaliyyəti hesab edir və onun cəriməsini vergi ödəyicisinin belinə yükləyir”.
Hüquqşünas qeyd edir ki, bu halda sahibkarın savadı, bacarığı, cürəti çatsa, vəziyyətdən çıxa bilər: “Deyə bilər ki, bu pullar sahibkar fəaliyyəti ilə bağlı deyil, tanışım, dostum verib, sən sübut et ki, bu vəsait sahibkarlıqdan gəlib. Vətəndaş şikayət etməyibsə, vergi orqanı bunu necə müəyyən edəcək? Ona görə də vergi orqanları sahibkarları qorxudur, tutur, cərimələyir”.
Bəs sahibkarların kütləvi şəkildə cərimələməsi nəyə gətirib çıxaracaq? Ekspert deyir ki, sadəcə kimsə qeyri-rəsmi vergidən yayınmaq istəsə, əvvəlki dövrə qayıdacaq. Yəni, ödənişi nağd şəkildə qəbul edəcək, camaat da kartından pulu çıxarıb, nağd verəcək.
Ə.Həsənov hesab edir ki, bu, vergi orqanının pul yığmaq üçün icad etdiyi yeni üsuldur, amma müvəqqətidir: “Tutaq ki, heç bir sahibkar kartdan-karta pul qəbul etməyəcək, nağd sövdələşməyə keçəcək. O zaman vergi orqanı nə edə bilər? Məcburdur ki, gələn il də başqa bir şey fikirləşsin. Əlbəttə, sahibkarlar vergidən yayınmamalıdırlar, bu düzgün deyil. Amma vergi orqanları da banklardan qanunsuz məlumat ala bilməz, banklar da belə məlumatı qanunsuz verməməlidir. Bunlar bütünlüklə Azərbaycanda ciddi bir problemin olduğunun göstəricisidir. Çünki vətəndaşlar da bunu edir. Niyə edir? Ona görə ki, vətəndaşlar vergiyə vergi kimi baxmır. Normalda vicdanlı, qanunpərəst vətəndaş nə fikirləşər? Mən niyə sənin şəxsi kartına pul ödəməliyəm ki? Canın çıxsın, dövlətin vergisini ver. İnkişaf etmiş ölkələrdə vətəndaş bu cür fikirləşir, bizdə isə yox...”
Ekspert vurğulayır ki, bu vəziyyətin yaranmasına vergi yükü, nağdlaşma üçün vergi, komissiya haqqı və s. amillər təsir edir: “Sahibkarlar xərclərinin çox olmasına görə bu yola əl atır. Məsələn, nağdlaşma üçün 1 faizlik vergi tutulması biabırçılıq və tam qanunsuzluqdur. Mən hətta bununla bağlı Vergi Xidmətini məhkəməyə vermişdim. Konstitusiya Məhkəməsi mənim şikayətim əsasında Milli Məclisə müraciət etdi ki, bu məsələyə baxın, amma heç baxan da olmadı”.
İqtisadçı Natiq Cəfərli isə bildirib ki, hökumət büdcəni vergi hesabına doldurmaq üçün iqtisadiyyatı ağartmağa, daha çox pul toplamağa çalışır: “Pandemiya insanları kartla ödənişə öyrətdi. Baxın ticarət dövriyyəsindən gələn vergilərə... Həmin insanıq, həmin qədər yemək yeyir, paltar geyinirik. Amma 5-8 il bundan əvvəlki ticarət dövriyyəsinin həcmi ilə indikinin arasında ciddi fərq var. Ticarət dövriyyəsi artıb. Dövriyyə artdıqca ƏDV, vergi, büdcə daxilolmaları da artır. Nəyin hesabına? İnsanlar daha çoxmu istehlak edir? Xeyr…”
İqtisadçı ölkə iqtisadiyyatında böyümə dinamikasının aşağı olmasına diqqət çəkir: “Bir-üç faiz böyümə, ümumiyyətlə, böyümə sayılmır. Deməli, nə baş verib? Leqallaşma. Daha çox kartla ödəyirik. Daha çox kartla ödəyəndə də dövriyyə artır. Dövriyyə artanda vergi daxilolmaları da artır. Məsələn, “qeyri-neft sektorunun artımı olub” deyirlər, baxırsan ki, ticarətdir. Belə qeyri-neft sektoru olur? Aldıqlarımız Azərbaycan istehsalı olsaydı, yenə dərd yarı idi. Hamısı ixrac mallarıdır. Biz beş manat ödəyəndə xarici maliyyələşdiririk, çünki həmin beş manat gedir xaricə. Sonra da hökumət üzvləri deyirlər ki, valyutaya tələbat niyə artır? Artmalıdır da, heç nə istehsal etmirik, hər şeyi xaricdən alırıq, tələbat da artacaq. Yəni, rəqəmlərdə mən problem görmürəm. Problem xərclərin şəffaflığında və istiqamətindədir”.
Natiq Cəfərli bu kontekstdə gələn ilin büdcəsinin 38.3 milyard manata çatmasının həm də ağartmanın hesabına olacağını düşünür: “Bunlar ağartmanı iqtisadi uğur kimi təqdim edirlər. Halbuki bu, iqtisadi uğur deyil, vətəndaşın, biznesin çiyninə qoyulmuş əlavə yükdür. Mən demirəm hamı boz zonada işləsin. Ancaq boz zonadan ağ zonaya çıxmaq bir tək dəyənəklə, cəzalarla olmur. Bunun təşviq ayaqları da olmalıdır. Bizdə təşviq ayaqları olmadı”.(pressklub)