Yenixeber.org: Hadisə vaqe olur 8 may 2024-cü ildə Quba-Bakı yolunun Tuqzavod deyilən ərazisində. Yolun kənarındakı çala-çuxurlarla, hansının ki - "dyp”çilər demiş, "yola isti-soyuğu yoxdur” - hərəkət edərkən üzbəüz DYP avtomobilinin gəldiyini görsəm də, hərəkətimi saxlamadım, çünki asfalt yol ilə yox, asfaltın qırağındakı çala-çuxur ilə, hansının ki, nə yola, nə də yol polisinə aidiyyatı yoxdur, hərəkət edirdim və DYP avtomobili də məni saxlamadı, amma gördüm ki, içəridən məni planşetlə çəkirlər, ürəyimdə "çəksinlər də” deyib, 30-40 metrimi də gedib, mənzil başına çatdım.
Arxayın idim ki, "dyp”çilər mənə heç bir protokol yaza bilməzlər, çünki bu 50-60 metrlik məsafədə ümumiyyətlə asfalt yoldan istifadə etməmişəm və asfalt yoldan istifadə etmədiyim üçün də heç bir qanunu pozmamışam.
Bir neçə dəqiqədən sonra isə telefonuma "AsanPay"dan sms gəldi ki, haqqınızda protokol tərtib edilib. Dərhal "AsanPay" tətbiqindəki kabinetimə daxil oldum və öyrəndim ki, haqqımda İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə protokol tərtib edilib.
Əvvəlcə gəlin baxaq görək İXM-nin 327.4-cü maddəsində nə deyilir:
327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə
və ya
1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə - yüz əlli manat: 4 bal.
Göründüyü kimi, İXM-nin 327.4-cü maddəsi iki paraqrafdan ibarətdir, "dyp”çilər mənə I paraqrafı şamil ediblər. I paraqrafda isə açıq-aydın deyilir ki, "birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə”, yəni yol ilə əks istiqamətdə hərəkət etmə. Mən isə ümumiyyətlə asfalt yola çıxmayaraq yolun kənarındakı çala-çuxurla hərəkət etmişəm.
Ümumiyyətlə isə İnzibati Xətalar Məcəlləsində yolun hərəkət hissəsi olmayan kənarı ilə və ya yolun hərəkət hissəsi olmayan çala-çuxurla hərəkət barədə heç bir maddə və ya bənd yoxdur. Əcaba, bəs niyə protokol tərtib edilib? Əgər mən qanunu pozmuşdumsa niyə DYP avtomobili məni saxlamadı və qanunun tələb etdiyi kimi məni geri qaytarmadı? Sualdan sual doğur, amma mən bir şeyi dəqiq bilirəm ki, həmin "dyp”çilər məndən qisas almaq üçün bu qeyri-qanuni əmələ imza atıblar.
Təqribən bir 10 gün əvvəl həmin DYP ekipajı məni st.Sumqayıt ərazisində saxlayaraq, avtomobilimin nömrəsinin görsənmədiyini bildirdi və mənə planşetdə avtomobilimin arxadan çəkilmiş şəkilini göstərdi. Şəkilə baxıb "nömrə görsənir axı” dedim, "şəkildə görsənir də, belə görsənmir” deyib, sənədlərimi alıb, getdi. Nə qədər çətin olsa da avtomobildən düşüb, "dyp”çilərə yaxınlaşdım, başladılar ki, sənin cərimən 150 manat və 4 baldır, artıq bu sistemə oturub və s.
Bildirdim ki, maşının baqaj qapısı cəmi 4-5 sm bağlanmayıb və çölə də cəmi 2-3 sm kiçik bir boru çıxıb, bu qanun pozuntusu ola bilməz, əgər qanun pozuntusu olsa belə siz bunu mənə keçə bilərsiniz. "Keçə bilmirik də” dedikdə mən də "onda yaz” dedim. Sonra keçdilər B variantına ki, bəs biz bunu sistemnən silirik, amma gərək bizə 18 manat (niyə 20 yox, məhz 18?) cərimə ödəyəsən.
Əvvəl rüşvət istədiklərini başa düşmədim, elə bildim ki, mənə hörmət edib 20 manat cərimə yazırlar ki, onu vaxtında ödəsəm 18 manat ödəyəcəm, "yaz da, canın sağ olsun” dedim, "dyp”çi onu başa düşmədiyimi anladı və "yoxe, get otur maşında, 18 manatı hazırla, gəlim götürüm” dedi. "Pulum yoxdur” deyəndə əsəbi halda "biz sənə bu boyda hörmət edirik, sən isə....” deyib, maşına minib, getdilər. Bildim ki, nə vaxtsa mənə zəhərlərini tökəcəklər və sən demə o gün elə də uzaqda deyilmiş.
Həmin ekipajın DYP-nin Saray postuna aid olub-olmamasını dəqiqləşdirmək üçün Saray postuna getdim və öyrəndim ki, həmin ekipaj DYP-nin Saray postuna tabedir, postda qarşılaşdığım durum barədə yazmaq istəmirəm, zatən yuxarıda yazdıqlarım həmin postdan yollarda qaydanı tənzimləmək üçün növbəyə çıxan "dyp”çilərin hansı tapşırıqlarla yollara buraxıldığının bariz nümunəsidir.
İndi Baş Dövlət Yol Polisinə bir neçə sualım var:
1. Əgər mənim yolun kənarındakı çal-çuxurla hərəkətim "əks istiqamətdə” hərəkətdirsə onda niyə həmin DYP avtomobili məni saxlayıb, qanunun tələb etdiyi kimi geriyə qayıtmağımı tələb etmədi?
2. Yox, əgər çala-çuxurla hərəkət qayda pozuntusu deyilsə onda həmin avtomobildəki yol polisləri niyə öz səlahiyyətlərini aşaraq, qanunun konkret maddəsini özlərinə sərf edən şəkildə tövsif edirlər?
3. Konkret mənim bu olayıma dəxli olmasa da, yuxarıda qeyd etdiyim ikinci epizoda birbaşa dəxli olduğu üçün soruşuram: niyə yol polisləri sürücülər ilə maarifləndirici təşviqat aparmaq əvəzinə gücü rüşvət almağa, bu mümkün olmadıqda isə gücü cərimə yazmağa sərf edirlər?
P.S. Protokolda hadisə Bakı-Sumqayıt yolunun 29-cu km-yində qeyd edilib, amma faktiki hadisə yerinin Bakı-Sumqayıt yoluna heç bir aidiyyatı yoxdur.
Rafiq Cəlilov,
araşdırmaçı-jurnalist
Redaksiyadan: Yazıdakı iddialarla bağlı qarşı tərəfə də cavab haqqı tanıyırıq.