Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Başımızın ən təhlükəli bəlası:öldürücü xəstəlikdən necə qurtulmalı?

Yenixeber.org: Təbabət nə qədər inkişaf etsə də, xəstəliklər artmaqda davam edir. Dərd çox, dərman baha, həkim ondan da baha! Amma necə deyərlər, insan özü-özünün həkimi ola bilər. Və əslində olmalıdır. Bunun üçün əsrlərin sınağından çıxmış, varlısına-kasıbına, kəndlisinə-şəhərlisinə baxmadan, hamı üçün eyni dərəcədə əlçatan olan dərman bitkiləri, çaylar, qida vasitələri var. “Təbabətin atası” Hippokrat əbəs yerə deməmişdi ki, “Qoy yeyib-icdikləriniz dərmanlarınız, dərmanlarınız yeyib-içdikləriniz olsun”.

Pressklub.az “Təbib” adlanan yeni rubrikasında sizə təbii müalicə üsullarından danışacaq, zəmanəmizin bəlasına çevrilmiş xəstəliklərdən uzaq durmağın yollarını göstərəcək. Bələdçiniz isə 500-dən artıq dərman bitkisinin “dilini” bilən, fitoterapiya sahəsində 35 illik təcrübəyə malik tanınmış həkim Fuad Mahmudov olacaq.

Rubrikamızın ilk mövzusu təsadüfi seçilməyib. Statistikaya görə, insanlar arasında ölüm hallarının ən geniş yayılmış səbəbi nə pandemiya, nə digər fəlakətlər deyil, ürək-damar xəstəlikləridir. Ötən illərdə bu rəqəm bəzi dövrlərdə 70 faizə çatıb! Ona görə söhbətə arterial hipertoniya, yəni, çoxlarının əziyyət çəkdiyi qan təzyiqi xəstəliyinin əlamətləri, səbəbləri və təbii müalicə üsullarından başlayırıq.

Qan təzyiqi xəstəliyindən qurtarmağın 13 üsulu

Ölüm sayına görə ürək-damar sistemi xəstəlikləri dünya üzrə ilk yerdədir və onların da ən təhlükəlisi yuxarı qan təzyiqidir. Qan təzyiqinin yüksək olması insult ehtimalını və təbii olaraq, ölüm hallarının sayını aşırı dərəcədə artırır. 

Dünya əhalisinin təxminən 15-20%-ə qədəri yüksək qan təzyiqindən əziyyət çəkir. Belələrinin həyat tərzi xüsusi ilə gərgin olur, iş qabiliyyəti azalır, adətən, infarkt və insult (beyin qansızmaları) riski yüksəlir. 

Xəstəliyin əlamətləri. Xəstəliyin klinik gedişatı patoloji prosesin səviyyəsindən asılı olur. Xəstəliyi bəlli edən əlamətlər əsasən aşağıdakılardır:

  • ürək döyüntülərinin normadan artıq olması
  • qulaqlarda küy əmələ gəlməsi
  • gözlərin qarşısında çox kiçik “həşəratların” görünməsi
  • yaddaşın aşırı dərəcədə pozulması
  • düşünmək qabiliyyətinin pozulması

Hipertoniya zamanı bir çox xəstələrdə ürək çatışmazlığı əmələ gəlir ki, bunların da göstəriciləri var:

  • heç bir fiziki aktivlik olmadan təngnəfəsliyin yaranması
  • ayaqlarda ağırlıq hiss olunması
  • ətraflarda, xüsusən də ayaqlarda şişkinliyin olması
  • taxikardiya tutmaları 

Qan təzyiqinin yüksək olması nəticəsində böyrəklərin də fəaliyyətində qüsurlar yaranır, məsələn, sidik ifrazının gecikməsi, miqdarının azalması, rəng dəyişikliyi və s. müşahidə olunur. Ən başlıca əlamət isə baş ağrısıdır. Baş ağrısı əsasən ənsə payında (başın arxa tərəfi) və bir qədər yanlara doğru lokallaşmış olur.

Xəstəliyin səbəbləri. Hipertoniyanın səbəbləri müxtəlifdir, ancaq xəstəlik əsasən aşağıdakı səbəblərdən törəyir:

  • artıq çəkinin (köklüyün) olması
  • fiziki aktivliyin az olması və ya olmaması
  • siqaret və alkoqollu içkilərdən çox istifadə edilməsi
  • xolesterinin normadan çox olması
  • psixoemosional gərginliklər
  • duzdan çox istifadə edilməsi

Hipertoniya qadınlarda kişilərə nisbətən daha az rast gəlinir, amma menopauza dövründə xeyli artır.

Bəzi hallarda isə hipertoniya digər xəstəliklərin ağırlaşması fonunda baş verir. Boyun osteoxondrozu, pielonefrit, şəkərli diabet, ateroskleroz, qalxanabənzər vəzin fəaliyyətinin pozulması kimi xəstəliklər buna misaldır.

Arterial hipertoniya genetik bağlılıqdan da asılı olur. Belə xəstələrin təxminən yarısının ata və analarında hipertoniyaya meyllilik olduğu aşkar edilib. 

Müalicəsi. Təbii ki, biz bu xəstəliyin ancaq bitkilərlə əlaqəli müalicə üsullarından danışacağıq. 

Müalicəyə başlamazdan əvvəl iki şərtə tam əməl edilməlidir: pəhriz və yüngül fiziki hərəkətlər. Fiziki hərəkətlər stabil və müntəzəm olaraq hər gün təkrarlanmalıdır. Pəhriz üçün isə ilk növbədə aşağıdakılar vacidbir: 

  • şirin qidalardan imtina (şəkər, tort, biskvit, krem və s.) 
  • duzdan istifadəni minimuma endirilməsi
  • yağlı və çox kalorili yeməklərdən imtina 
  • çörək və un məhsullarının nəzərə çarpacaq dərəcədə azaldılması
  • tünd çay və qəhvə qəbulunun azaldılması

Hipertoniyaya meylli adamlar meyvə və tərəvəzlərdən daha çox istifadə etməlidirlər. Banan, xurma, ərik, limon, digər sitrus meyvələri, qarpız, xiyar, çuğundur, nar şirəsi və s. istifadə etmək faydalıdır. 

İndi isə söhbətimizin əsas mövzusuna – bu xəstəliyin müalicəsi üçün xalq təbabəti üsullarından istifadə formalarına keçək. 

Reseptlər 

  • Quru və xırdalanmış İtburnu  Yemişan meyvələrinin hər birindən 2-3 xörək qaşığı termosa doldurmaq, üzərinə 0,5-0,6 litr qaynar su əlavə edib axşamdan səhərə qədər saxlamaq, sonra süzmək. Alınan məhlulu hər dəfə 90-100 ml olmaqla, içib qurtarmaq. Növbəti gün üçün eyni məhlulu yenidən hazırlamaq. Müalicə müddəti 3-4 həftədir. 
  • Quru və xırdalanmış Qara qarağat yarpağı, Moruq yarpağı və Qatırquyruğu otunun hər birindən 1 xörək qaşığı termosa doldurmaq, üzərinə 700 ml qaynar su əlavə edib axşamdan səhərə qədər saxlamaq, sonra süzmək. Alınan məhlulu gün ərzində hər dəfə 100 ml olmaqla 6 dəfəyə içmək. Hər axşam növbəti gün üçün yeni tərkib hazırlamaq. Müalicə kursu 1 aydır.
  • Başınağacı bitkisinin təzə meyvələrini sıxmaqla, ya onları şirəçəkəndən keçirməklə 0,5 litr şirə hazırlamaq, üzərinə 250 qr təmiz bal əlavə edib yaxşı-yaxşı qarışdırmaq. Gündə 3 dəfə yeməkdən qabaq 1-2 çay qaşığı qəbul etmək.
  • Quru və xırdalanmış Öksəotu yarpaqlarından 2-3 xörək qaşığı termosa tökmək, üzərinə 600 ml qaynar su əlavə edib axşamdan səhərə qədər saxlamaq, sonra süzmək. Alınan məhlulu gün ərzində hər dəfə 100 ml olmaqla 5 dəfəyə içmək. Hər axşam növbəti gün üçün yeni tərkib hazırlamaq. Müalicə kursu 1 aydır.
  • Quru və xırdalanmış Damotu bitkisindən 2-3 xörək qaşığı termosa qoymaq, üzərinə 700 ml qaynar su əlavə edib axşamdan səhərə qədər saxlamaq, sonra süzmək. Alınan məhlulu gün ərzində hər dəfə 100 ml olmaqla 6 dəfəyə içmək. Hər axşam növbəti gün üçün yeni tərkib hazırlamaq. Müalicə kursu 1 aydır.
  • Quru və xırdalanmış İstiot nanəsi yarpaqlarından 2-3 xörək qaşığı termosa doldurmaq, üzərinə 600 ml qaynar su əlavə edib axşamdan səhərə qədər saxlamaq, sonra süzmək. Alınan məhlulu gün ərzində hər dəfə 100 ml olmaqla 5 dəfəyə içmək. Hər axşam növbəti gün üçün yeni tərkib hazırlamaq. Müalicə kursu 1 aydır.
  • Quru və xırdalanmış Gülümbahar çiçəyi, kiçik Qıfotu və İstiot nanəsinin hər birindən 1 xörək qaşığı termosa tökmək, üzərinə 600 ml qaynar su əlavə edib axşamdan səhərə qədər saxlamaq, sonra süzmək. Alınan məhlulu gün ərzində hər dəfə 100 ml olmaqla 5 dəfəyə içmək. Hər axşam növbəti gün üçün yeni tərkib hazırlamaq. Müalicə kursu 1 aydır.
  • Məlumdur ki, Günəbaxan toxumlarından çox keyfiyyətli yağ alınır. Lakin bu toxumlar həmçinin arterial təzyiqi aşağı salmaq və tənzimləmək xüsusiyyətinə malikdir. Bunun üçün 2 stəkan qovrulmamış günəbaxan toxumuna 2 litr soyuq su əlavə edib zəif alovda 2 saat bişirmək, sonra soyutmaq və süzmək. Süzülmüş məhlulu hər dəfə 100 ml olmaqla gün ərzində içib qurtarmaq. Bu məhlulun gündəlik  qəbul edilməsi arterial təzyiqi normallaşdırır, onun heç bir əks təsii yoxdur.  
  • Bağayarpağı bitkisinin spirtdə dəmləməsinin 2-3 ay ərzində daxilə qəbul edilməsi arterial təzyiqi normallaşdırır, qanda xolesterin miqdarını aşağı salır, qan damarlarının vəziyyətini yaxşılaşdırır və heç bir əks təsir göstərmir. Əksinə, bağayarpağı çox güclü yara sağaldıcı təsir də göstərir və iltihab prosesini aradan qaldırır. Bunun üçün quru və xırdalanmış halda 100 qr bitkini 1 litr 45-50%-li spirtə əlavə edib gündəlik 1-2 dəfə çalxalamaq, 1 həftədən sonra süzmək. Gündə 3-4 dəfə 20 ml adi suya 30 damcı əlavə edib içmək. Müalicə kursu 2-3 həftədir.  
  • Çuğundur şirəsi və ya suyu çəkmək, onu 1/3 hissə yerkökü şirəsi ilə qarışdırmaq və üzərinə 1 çay qaşığı da bal əlavə edib içmək. Göstərilən resept üzrə gündə 2-3 stəkan məhlul hazırlayıb içmək lazımdır. Qan təzyiqinin aşağı düşməsi  çuğundurun tərkibində olan vitaminlər, mikroelementlər, amin turşuları, mineral duzlar və s. hesabına baş verir. Amma şəkərli diabet, podaqra və s. xəstəliklər zamanı çuğundurdan az istifadə edilməsi məsləhət görülür.
  • Balıq yağı da tərkibində omeqa-3 yağ turşularının olmasi ilə çox faydalıdır. Qan təzyiqini müəyyən qədər aşağı salmaq qabiliyyətinə malikdir. 
  • Kətan toxumu və onun yağının tərkibi alfa-linolen turşusu ilə zəngindir, bu da qanın tərkibində xolesterinin miqdarını azaltmaqla, ürək-damar xəstəlikləri zamanı çox faydalıdır. Xolesterin miqdarının azalması ilə qan təzyiqi də aşağı düşür. 
  • Qan təzyiqini aşağı salmaq üsullarından biri də Alma sirkəsi ilə kompress etməkdir. Bunun üçün 1/2 stəkan alma sirkəsini 1/2 stəkan adi suya əlavə edərək, qarışdırmaq. Sonra bir dəsmalı həmin qarışıqda isladaraq, ayaqları 10-15 dəqiqə ərzində kompress etmək lazımdır.  

Göstərilən reseptlərdə istifadə olunan bitkiləri, bir sıra digər təbii dərman vasitələri kimi, apteklərdən asanlıqla əldə etmək olar: Yemişan meyvəsi və çiçəyi, Quşbuğdası (Qırxbuğum) otu, Başlıqotu, Başınağacı meyvə və qabığı, Gülümbahar çiçəyi, Qarameyvə quşarmudu, Qara qarağat meyvəsi və yarpağı, Sarımsaq, Qatırquyruğu otu, Quruca otu, Damotu, İstiot nanəsi, Pişikotu kökü və s. Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, yüksək qan təzyiqi istər xalq təbabəti üsulları, istərsə də ən müasir dərman preparatlarının istifadəsi ilə qısa müddətdə normallaşdırıla bilməz. Bunun üçün yorulmadan uzun müddət yuxarıda göstərilən reseptlərlə müalicə olunmaq lazımdır.

Qan təzyiqinin aşağı salınması üçün əlavə məsləhətlərə əməl olunması da vacibdir:

  • Hər axşam kontrast (isti və soyuq su növbələşməsi ilə) duş qəbulu
  • Bədən çəkisinə nəzarət. Kökəlməyə meyl varsa, tez bir zamanda qarşısı alınmalıdır. Bunun üçün ilk növbədə qəbul edilən çörəyin miqdarı azaldılmalıdır 
  • Stress faktorunu azaltmaq və tamamilə aradan qaldırmaq. 
  • Təmiz havada çox olmaq, fiziki aktivliyi artırmaq, gündə bir neçə kilometr yerimək. 
  • Alkoqol, qəhvə və siqaret asılılığı və qəbulu varsa, təcili olaraq azaltmaq və sıfıra endirməyə çalışmaq

Təbii müalicə üsullarından həmişə istifadə edin və sağlam olun! (Pressklub)

Fuad Mahmudov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam