Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Reallıqla şişirdilmiş rəqəmlər arasında:Azərbaycanda ərzaq ucuzlaşıb?

Sabiq maliyyə naziri: “Qiymətləri azaltmaq üçün bazarda bolluq və rəqabət yaratmaq lazımdır”

İqtisadçı: “Dünya ərzaq bazarında son 3 ayda 27-30, Azərbaycanda isə 1 faiz civarında ucuzlaşma qeydə alınıb”

Yenixeber.org: Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, cari ildə neft-qaz sektorunda gəlirlərin azalmasına baxmayaraq, qeyri-neft sektorunda artımlar qeydə alınıb: “Qeyri-neft qaz sahəsində sənaye zonalarında istehsalın artması müsbətdir. Xarici ticarət balansına toxunarkən qeyd etmək istəyirəm ki, bu il də biz yüksək həcmdə profisit əldə etdik. Xüsusilə qeyd etmək lazımdır ki, qeyri-neft sektoru məhsullarının ixracı ötən ilin bu dövrü ilə müqayisədə 15 faiz artıb”.

Nazir qeyd edib ki, qeyri-neft sektorunda vergi daxilolmalarının 76 faizi özəl sektorun payına düşür: “Bu, çox vacib məqamdır. Bu nəticələr bizim bir sıra göstəricilərə əsas verir, valyuta ehtiyatlarımızın artımına da müsbət təsir göstərir, Dövlət Neft Fondundan transferə ehtiyac yaranmır” – İqtisadiyyat naziri söyləyib. Əlavə edib ki, hökumətin tədbirləri nəticəsində ərzağın ucuzlaşması müşahidə olunub.

Xatırladaq ki, son dövrlər Azərbaycanda kəskin qiymət artımları baş verir ki, müstəqil iqtisadçılar və ekspertlər bununla bağlı dəfələrlə öz mövqeyini bəyan ediblər. Hətta bəzi ərzaq və qeyri-ərzaq məhsulları son bir ildə dəfələrlə bahalaşıb. Belə olan halda, Mikayıl Cabbarovun ərzaq qiymətlərinin aşağı düşməsi ilə bağlı fikirləri nəyə əsaslanır və nə dərəcədə reallığı əks etdirir? Doğrundamı Azərbaycanda ərzaq məhsullarının qiymətləri azalıb?

İqtisadiyyat nazirinin açıqlamasını şərh edən sabiq maliyyə naziri, professor Fikrət Yusifov hesab edir ki, nazir belə bir açıqlama verirsə, deməli, bunun üçün kifayət qədər ciddi əsasları var: “Doğrusu iqtisadiyyat naziri Mikayıl Cabbarovun bu açıqlaması ilə tanış deyiləm. Yəqin ki, nazir bunu deyərkən yerli istehsal məhsullarını əsas götürüb. Ola bilər ki, bazarda müəyyən qiymət enmələri müşahidə olunur. Misal üçün, ət və ət məhsullarının qiyməti son aylarda yenidən bahalaşıb. Digər ərzaq məhsulları barədə də oxşar fikirlər söyləmək mümkündür. Mövsümlə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarının qiyməti enib. Bu təbii və ənənəvi bir prosesdir. Hesab edirəm ki, Azərbaycan hökumətinin bazarda qiymətləri tənzimləmək üçün təsir mexanizmləri mövcuddur. Əgər iqtisadiyyat nazirinin də söylədiyi kimi, bu istiqamətdə addımlar atılırsa, bunu alqışlamaq lazımdır” – müsahibimiz söyləyib.

Əlavə edib ki, qiymətləri azaltmaq üçün bazarda bolluq və rəqabət yaratmaq lazımdır: “Azərbaycanda Rusiyaya idxal olunan kənd təsərrüfatı məhsullarının, pomidorun idxalında problemlər yaranan zaman ölkə daxilində bu məhsulların qiymətləri endi. Çünki bazar diqtə edirdi. Elə bir şərait yaratmaq lazımdır ki, qiymətləri bazar müəyyən etsin. Rəqabət Məcəlləsi Azərbaycan Parlamentinin müzakirəsinə təqdim edilib. Ümid edirəm ki, məcəllə qəbul ediləcək və işlək mexanizmləri ilə bazarda süni bahalıq yaradan oyunçuların qanunsuz fəaliyyətinə son qoyacaq” – deyə, Yusifov fikrini tamamlayıb.

İqtisadçı Rəşad Həsənov isə bildirib ki, Mikayıl Cabbarov belə bir açıqlama verərkən son üç ayı nəzərdə tutub: “Son illər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi artım müşahidə olunur. Bəzi məhsullar dəfələrlə bahalaşmaya məruz qalıb. Son üç ayda isə ərzağın qiymətlərində müəyyən enmələr müşahidə olunur. Bu, təkcə Azərbaycanda yox, dünya miqyasında baş verir. Baxmayaraq ki, dünyada qiymətlərin daha ciddi azalması baş verir, Azərbaycanda bu rəqəm 1 faiz civarında belə deyil. Mikayıl Cabbarov bəyan edir ki, qiymətlərin ucuzlaşması Azərbaycan hökumətinin gördüyü tədbirlərlə bağlıdır. Mən bu barədə qəti mülahizə yürüdə bilmərəm. Bunun üçün ciddi əsaslandırmalar olmalı və araşdırmalar aparılmalıdır. Əsas məsələ bu ucuzlaşmanın davam edəcəyi, yəni xroniki xarakter alması və miqyası ilə bağlıdır. Söylədiyim kimi, miqyas dünya bazarı ilə müqayisədə çox aşağıdır. Bəli, Azərbaycan hökumətinin ərzaq məhsullarının qimyətlərini aşağı salmaq üçün kifayət qədər təsir mexanizmləri mövcuddur. Misal üçün, inhisarçılığı aradan qaldırmaq, idxal-ixrac əməliyyatları zamanı süni maneələri dəf etmək, Rəqabət Məcəlləsini qəbul edib, işlək vəziyyətə gətirməklə bunu həyata keçirmək mümkündür”.

Ekspert qeyd edib ki, dünya bazarında ərzaq məhsullarının ucuzlaşması müxtəlif amillərlə bağlıdır: “FAO-nun açıqlamasına görə, dünya miqyasında ərzaq qiymətlərinin ucuzlaşması 27-30 faiz arasında dəyişir. Bizdə isə bu göstərici çox kiçik rəqəmlərlə ifadə olunur. Ucuzlaşmanı doğuran səbəblərə gəldikdə isə, koronavirus pandemiyası dövründə yaranan dəyər zəncirindəki pozulmalar, Rusiya-Ukrayna müharibəsi və digər amillər fonunda bahalaşma maksimum səviyyəyə çatdı. Bundan sonra görülən tədbirlər nəticəsində, eləcə də psixoloji faktorların azalması fonunda qiymətlərdə enmələr baş verdi. Eyni zamanda, kənd təsərrüfatı ilə bağlı mövsüm dövrü olduğuna görə də, qiymətlərdə azalmalar qeydə alındı. Azərbaycanın ərzaq bazarında da son 3 ayda müəyyən endirimlər olub. Amma daha çox ola bilərdi. Təəssüf ki, bu baş verməyib” – Həsənov söyləyib.(AYNA)

Azər Niftiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam