Qaxın Ağçay kəndi çaylarla zəngin olsa da, içməli su qıtlığı var(?) -GİLEY
Yenixeber.org: Qax rayonu dağları, meşə zolaqları ilə bərabər, irili-xırdalı çayları ilə də seçilir. Mənbəyi müxtəlif dağ silsilələrindən qaynaqlanan çaylar ilk baxışdan bu rayonda su bolluğu yaradırmış kimi görünür. Bəlkə də belədir, amma…
Qax rayonunun Ağçay kəndindən Yenixeber.org-a daxil olan məlumatlardan belə məlum olur ki, saysız çaylarla zəngin bölgədə əməlli-başlı su qıtlığı yaşanır. Xüsusi ilə də yay aylarında…
Xatırladaq ki, Ağçay kəndi Qaradolaq və İlisu kəndləri də daxil olmaqla İlisu İnzibati Ərazi Vahidliyinə daxildir. Həm də, İlisu Bələdiyyəsinin əhatə dairəsindədir.
(Yeri gəlmişkən, Google üzərindən bir axtarış yetər ki, Qax rayonunda içməli su problem ilə bağlı şoxlu sayda faktlarla zəngin yazılarla rastlaşaq. Red.)
Sakinlərin bildirdiyinə görə, iki xəttdən içməli su ilə qidalanan Ağçay kəndində yay aylarında xəttin birində ciddi problemlər yaşanır… Səbəb isə yağış yağmasıdır. Belə ki, yağış yağarkən təbii olaraq əmələ gələn lil qatları bu su xətlərində müəyyən “propkalar” yaranmasına səbəb olur.
Biz Yenixeber.org olaraq sözügedən problemlə bağlı bir neçə aidiyyatı dövlət instansiyalarına, eləcə də Qax Rayon İcra Hakimiyyətinə sorğu göndərdik. Hələlik digər instansiyalardan fərqli olaraq Qax Rayon İcra Hakimiyyətinə göndərdiyimiz sorğuya cavab ala bilmişik.
İlisu Bələdiyyəsinin sədri cənab Elman Xəlilovun imzasıyal redaksiyamıza daxil olmuş cavab məktubunda deyilir:
Qax rayonu Ağçay kənd əhalisinin ümumi sayı 500 nəfərdir. 2016-cı ilə qədər kənd əhalisi içməli su ilə bir mənbədən qidalanırdı. 2016-cı ildə Ağçay kəndinə Ağçay kənd icmasının, İlisu bələdiyyəsinin töhfəsiylə kənd investisiya layihəsi xətti ilə kəndin gələcək perespektiv inkişafını, əhali artımını nəzərə alaraq 6 km kənddən aralıdan alternativ su xətti çəkildi. Beləliklə, 2016-cı ildən sonra Ağçay kəndinə içməli su xətti 2 istiqamətdən gəlir. Kənd investisiya layihəsi xətti ilə çəkilmiş su xəttində 2023-cü ildə güclü yağışlar səbəbindən ( yığılmış yağış sularından yaranmış seldən) iki dəfə mənbədə qəza baş vermiş, dərhal bələdiyyə tərəfindən bərpa olunmuşdur.Həmin qəza baş verən dövrdə də digər su xətti ilə kənd sakinləri problemsiz su ilə təmin olunmuşlar.
Məlumat üçün bildiririk ki, evlərin 95 % hər iki xəttdən qidalanır. Sizə müraciət edən vətəndaşa yalnız bir istiqamətdən Kənd investisiya layihəsi xəttiilə çəkilmiş xəttdən su çəkilib.
Bildiririk ki, kənd əhalisinə kəndə qədər olan su xəttinə bələdiyyə xidmət etsə də evlərə çəkilən xətlər vətəndaşların vəsaiti hesabına çəkilir. Vətəndaşa da tövsiyyəmiz odur ki, hər iki xəttdən istifadə etsin.
Qeyd: İlisu bələdiyyəsi İlisu, Ağçay kəndlərində içməli suyun çatdırılmasını təmin etsə də, kənd sakinlərindən buna görə heç bir vəsait almır.
Mövzunun davamı olacaq.