Yenixeber.org: Hörmətli media, bu dəfə "Bahar" karqoyla bağlı daxil olan şikayətin üzərində durmaq qərarına gəldik. Çünki, müştərinin təqdim etdiyi sübutlar onu deməyə əsas verir ki, sözügedən karqo, aşkar şəkildə istehlakçı hüquqlarını pozur və heç bir qaydaya məhəl qoymur. Digər vətəndaşların bu karqonun "tor"una düşməməsi və maarifçilik adına bu şikayətin mediada getməsini lazımlı və önəmli hesab edirik. Hər halda müvafiq dövlət qurumuna göndərilən şikayət təəssüf ki, nəticəsiz qalib. Daha doğrusu. qurumun geridönüş edən əməkdaşı, çox əcaib şəkildə, belə karqo barədə məlumat olmadığını bildirib və bununla bağlı başqa quruma müraciət etməyi tövsiyyə edib.
Halbuki, əgər bir karqo özbaşına fəaliyyət göstərirsə, bu da zatən QANUN POZUNTUSUDUR və həm elə "Antiinhisar" qurumunun məsuliyyət arealına daxil olan bir məsələdir. Düşünürük ki, bu cür qaydasız karqoların ifşa olunması və layiqli cəzasını alması üçün vətəndaşın ümid yeri, mediadır. Bundan dolayı da "Bahar" karqonun müştərisi olmuş Loğman Hüseynov adlı vətəndaşın haqlı və dramatik şikayətini, gündəmə gətirməniz üçün sizə təqdim edirik.Təşəkkürlər!
Əvvəla onu bildirməliyik ki, "Bahar karqo" adı daşınma şirkətindən ilk dəfə yayda istifadə etmişdik. Hələ o zaman əcaib bir problemlə qarşılaşmışdıq: yay fəslində "Neftçilər anbarı"nda kondisioner yoxdur! Şirkətin əməkdaşı problemin tezliklə həll olacağını desə də, sonradan bunun səbəbini, "əlavə xərc olması" ilə əsaslandırdı. Lakin, artıq bağlama çoxdan sifariş edilib gəlmişdi və tez xarab olan məhsul, zərər görmüşdü. Etirazlardan sonra, şirkət, məhsulun dəyərini qismən kompensasiya etməyə razılaşdı. Bu qüsur, böyük bir problem demək idi, çünki çoxlu müştəri, yay fəslində qida maddələri və kosmetika məhsulları sifariş edir.. Lakin, məsafə yaxınlığı, vəd edilən qiymətin ucuzluğu səbəbindən, sonradan yenidən "Bahar" karqodan istifadə etməli olduq. Təbii ki, sərinlər düşdüyü zaman. Bu dəfə isə daha dramatik və əcaib problemlə qarşılaşdıq: şirkət, SAYTINDA VƏD ETDİYİ TARİFƏ əməl etmədi! Bağlamanın çəki haqqını çox hesabladı. Belə ki, rəsmi saytında elan etdiyi tarifə əsasən, 10kq və üstü bağlamaların çəkisini 1,1 dollardan hesablayacağını vəd etsə də, 1,5 dollardan hesabladı. Şirkətə dəfələrlə etdiyimiz xəbərdarlıqlara, məsulu ilə apardığımız telefon danışığına baxmayaraq, inadından və səhvindən dönmədi. Karqo, bu qərarını belə bir absurd arqumentlə əsaslandırdı ki, onlar sosial mediada başqa cür tarif qeyd ediblər və müştəri də saytı deyil, sosial medianı əsas götürməliymiş. (!!)
Halbuki bir şirkət üçün əsas olan məhz saytıdır və üstəlik də 2 fərqli tarif elan etmək, zatən müştəri haqlarını və müvafiq qanunları aşkar şəkildə pozmaqdır! Şirkət bəlkə də bundan sonra sudan quru çıxmaq üçün problemi, hansısa texniki səhvlə əsaslandırmağa çalışacaq, lakin xəbərdarlıqdan sonra da səhvlərini düzəltməmələri, bu arqumenti bəribaşdan inkar edir. Və bu da o deməkdir ki, Ortada, AŞKAR SAXTAKARLIQ VƏ İSTEHLAKÇI HAQLARI POZUNTUSU VAR!
Qeyd: Şəkildə gördüyünüz kimi, BHK1450634 nömrəli bağlamanın çəkisi 10kq-dır və tarifə əsasən 11 dollar hesablanmalıydı, lakin 15 dollar hesablanıb! ___ P.S. Məsələnin mediada gündəmə gəlməsindən öncə, bu gülünc saxtakarlıq barədə rəsmi istehlakçı hüquqlarının müdafiəsi qurumunu xəbərdar etsək də, onlar tədbir görmək bir yana, belə bir şirkəti tanımadıqlarını bildirdilər. Odur ki, ümidimiz siz dəyərli mediayadır! Sizə, karqoyla yazışmanı və onun əcaib izahını da göndəririk. Loğman Hüseynov Yenixeber.org olaraq iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik!