VHP -Qadınlar Şurasına yeni sədr seçilib
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında partiyanın Qadınlar Şurasının toplantısı keçirilib. Toplantını VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı açdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yenixeber.org: İclasın gündəliyi təsdiq edildikdən sonra VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı toplantı iştirakçılarının salamlayaraq qadınların milli tariximizdə, bu günümüzdə və partiya fəaliyyətində rolundan danışdı: Qadına, anaya hörmət Azərbaycan xalqının minillik ənənəsindədir: Ana haqqı Tanrı haqqıdır, deyib atalarımız. Əski türk təfəkküründə mövcud olan qadınların seçmək, ərləri ilə bərabər məsuliyyəti daşımaq Azərbaycanda həmişə qorunub. Azərbaycan qadınları illərlə ana dilini unudulmağa qoymadı: laylalar, ənənəyə bağlılıq milli varlığımız olan dilimizi, mentalitetimizi yaşatdı və əlbəttə ki, Milli Azadlıq Hərəkatında da yenə Qadınların ön sıralarda görməyimiz təsadüfü deyildi. Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında kişilərlə çiyin-çiyinə olan Azərbaycan qadını son 30 ilin işğal acısını da hamıdan artıq içində yaşatdı. İkinci Qarabağ savaşında dünyaya səs salan döyüş qəhrəmanlığında məhz Azərbaycan qadınlarının yetişdirdiyi övladların imzası var. Bu gün də dövlət quruculuğunda, cəmiyyətin maariflənməsi və inkişafında Azərbaycan Qadını ön sırada durur. Vətəndaş Həmrəyliyi Partiyası da yarandığı gündən qadınların fəaliyyətinə önəm vermiş, hər zaman partiyanın rəhbər strukturlarında qadınlar təmsil olunmuşdur. Bu il yaranmasının 30 illiyini qeyd edən VHP ideologiyasının, siyasi xəttinin sabitliyinə görə Azərbaycan siyasi sistemində xüsusi yer tutur və heç şübhəsiz bu prosesdə bizimlə birgə yol gələn qadınların xidməti müstəsnadır. Sizin hər birinizə şəxsi həyatınızda uğurlar diləyir və partiya fəaliyyətində bundan sonra da aktiv olacağınıza ümid edirəm”.
Daha sonra VHP Qadınlar Şurasının üzvləri Narıngül Nadır, Şəfəq Sahibli, Aysel Bəgəliyeva, Kəmalə Hüseynova, Müşfiqə Baləddinqızı, Gülər Eldarqızı çıxış edərək Vətəndaş Həmrəyliyi Partiyasının keçdiyi tarixi yoldan, qadınların siyasi fəaliyyətinin cəmiyyət üçün faydalarından bəhs etmiş, VHP-çi qadınların partiya işində iştirakının daha da artırılmasının zəruriliyindən bəhs etmişdir.
Daha sonra gündəliyə uyğun təşkilati məsələyə baxılmışdır. VHP Qadınlar Şurasının sədr əvəzi Şəfəq Qulusoy hesabat məruzəsi ilə çıxış etmiş , partiya strukturunda yeni vəzifə tutduğu üçün bu vəzifəni apara bilməyəcəyini bildirib. VHP Qadınlar Şurasının 17 nəfərdən ibarət Məclis üzvü seçildi. Tanınmış yazar Aysel Xanlarqızı VHP Qadınlar Şurasının sədri, Narıngül Nadir, Aysel Bəgəliyeva və Aydan Səfərova VHP Qadınlar Şurasının sədrinin müavinləri seçildi.