300 MANAT MAAŞLA DOLANMAQ OLARMI? -Minimum əməkhaqqı nəyə çatır, nəyə çatmır?
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının məbləği 300 manat müəyyən edilib. Bu artım ümumilkdə 800 min vətəndaşı əhatə edəcək.
Yenixeber.org: Xatırladaq ki, minimum əməkhaqqı axırıncı dəfə 2019-cu ildə 180 manatdan, 250 manata qaldırılmışdı.
Minimum əməkhaqqının artırılması müsbət addım olsa da, cari ilə nəzərə salsaq görərik ki, ölkədə ərzaq məhsulları, kommunal xərclər, dövlət rüsumları, enerjidaşıyıcılarının qiymətləri xeyli bahalaşıb. Nəticədə də əhalinin xərcləri artıb.
Ekspertlər bahalaşmanın və inflyasiyanın 2022-ci ilin birinci yarısında da davam edəcəyini proqnozlaşdırırlar.
Minimum əməkhaqqının artırılması vətəndaşları sevindirsə də, sosial şəbəkədə keçirdiyimiz sorğuya əsasən deyə bilərik ki, respondentlərin əksəriyyəti bu artımın yetərli olmadığı qənaətindədir.
Paytaxt sakini Vüsal Şahverdiyev "AzPolitika.info"-ya bildirib ki, 300 manat iki uşağın məktəb xərclərini qarşılamağa yetmir: "İki övladım var, hər ikisi repetitor yanına hazırlığa gedirlər. Hazırda bu əməkhaqqı bir övladımın təhsil xərcini belə qarşılamır. Düşünürəm ki, normal yaşamaq üçün minimum əməkhaqqı ən azı 600-700 manat olmalıdır".
Samir Bağırov isə xatırladır ki, 2021-ci ildə bütün xidmət sahələrində qiymət artımı baş verdi: "Nəticədə xərclərimiz əvvəlki illərlə müqayisə xeyli artdı. Xüsusən, kommunal ödənişləri etməkdə çətinlik çəkirik. Təyin olunan minimum əməkhaqqı 1 aylıq kommunal ödənişlərimizi güclə qarşılayır".
Səbuhi Əliyev 3 il əvvəl minimum əməkhaqqının 180 manat olduğunu xatırladır: "Düzdür, bu göstəricinin 3 ildə 300 manata yüksəlməsi yaxşı nəticədir. Amma bazardakı qiymətləri nəzərə alsaq, minimum əməkhaqqı ilə xərclərimizin böyük bir hissəsi qarşılanmır".
Anar Quliyev xatırladıb ki, Azərbaycanda ailələrin bütün üzvləri işləmir: "İşləsə belə, minimum əməkhaqqı ilə 4 nəfərlik ailənin aylıq qazancı 1200 manat edir. Bu məbləğlə ölkədə yaşamaq çətin olsa da, sağ qalmaq olar".
Məlumat üçün qeyd edək ki, 2022-ci ildə Rusiyada minimum əməkhaqqı 317 manat, Qazaxıstanda 234 manat, Belarusda 307 manat, Ukraynada 419 manat, Türkiyədə 584 manat, Ermənistanda isə 240 manat təşkil edəcək.
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, minimum əməkhaqqı 300 manata qaldırılsa da, son 2-3 ildə inflyasiya nəticəsində ərzaq xərcləri 70-80 faiz artıb: "Ötən il ərzaq qiymətləri 12 ay ərzində 4,5 faiz, bu ilin 10 ayında 15,2 faiz bahalaşıb. Önümüzdəki aylarda da qiymət artımının davam edəcəyi gözlənilir. Çünki qlobal bazarda ərzaq qiymətəri xeyli bahalaşıb. Bu da daxili bazara təsir edir".
Ekspert qeyd edir ki, minimum əməkhaqqının artırılması əhalinin rifah səviyyəsini yaxşılaşdırmayacaq: "Ən azından məlumdur ki, yaşam standartları 2019-cu ildən aşağı olacaq. Bu artım sadəcə əhalini cari inflyasiyanın təsirindən qoruyacaq. Əhalinin gəlirləri nominal olaraq artırılsa da, real alıcılıq qabiliyyəti əvvəlki illərdən aşağı olacaq".
X.Kərimli bildirib ki, belə artımlar adətən tələb inflyasiyası yaradır: "Lakin Mərkəzi Bankın hesabatlarından aydın olur ki, hazırkı inflyasiya idxalla əlaqədardır. Ümumi proqnoz belədir ki, gələn ilin birinci yarısında inflyasiya və qiymət artımı davam etsə də, ilin ikinci yarısından qlobal miqyasda inflyasiya aşağı düşəcək. Maaşların və sosial müavinətlərin artması inflyasiyanı yüksəldəcək, əksinə, xammalın və ərzağın qiymət artımının dayanması inflyasiyanı zəiflədəcək. İndiki məqamda inflyasiyanın qarşısını almaq mükün deyil.
Minimum əməkhaqqının məbləğinin artırılması hökumətin imkanları ilə tənzimlənir. Bunlar büdcənin müdafiə olunan ödənişləridir. Ona görə də hökumət nəzərə alır ki, bu ödənişləri gələn ildə əhaliyə qaytarmalı və dayanıqlı olaraq artırmalıdır. Əmək haqqlarının artırılması adətən iqtisadiyyatda məhsuldarlığın yüksəldilməsi ilə paralel getməlidir. Hökumət planlı şəkildə rezervlərinə və imkanlarına uyğun olaraq əmək haqqlarını artırır. Ölkədəki minimum əməkhaqqı və yaşayış səviyyəsi dövlətin imkanlarıyla məhdudlaşır. Yəni minimum əməkhaqqının artırılması xüsusi bir hesablama mexanizmindən daha çox, qəbul edilmiş sosial yönümlü qərardır. Bu qərar gələcəkdə baş verə biləcək sürətli inflyasiyanın təsirindən əhalini müəyyən qədər qorumağa hesablanıb".
2022-ci il üçün Azərbaycanda yaşayış minimumu 210 manat müəyyənləşdirilib. Nazirlər Kabinetinin 2014-cü ildə təsdiq etdiyi qərara əsasən, Azərbaycanda minimum istehlak səbəti yaradılıb və 3 ildən bir yenilənir. İstehlak səbətində il ərzində əmək qabiliyyətli bir adamın illik istehlakı üçün nəzərdə tutulan normalar qeyd olunub.
Minimum istehlak səbətində qeyd olunub ki, əmək qabiliyyətli bir adamın illik istehlakı üçün 116,8 kiloqram çörək (ayda 16 ədəd) 54,8 kiloqram kartof (ayda 4,5 kq), 97,2 kiloqram tərəvəz və bostan məhsulları (ayda 8,1 kq), 38 kiloqram meyvə və giləmeyvə (ayda 3,2 kq), 32,9 kiloqram ət və ət məhsulları (ayda 2,7 kq), 223,6 kiloqram süd və süd məhsulları (ayda 18,6 kq), 7,7 kiloqram balıq və balıq məhsulları (ayda 0,64 kq), 150 ədəd yumurta (ayda 12,5 ədəd), 10,9 kiloqram bitki yağı və marqarin (ayda 0,91 kq), 7 kiloqram kərə yağı (ayda 0,58 kq), 16,9 kiloqram şəkər və qənnadı məmulatları (ayda 1,4 kq), 4,7 kiloqram (ayda 0,39 kq) çəkidə digər ərzaq məhsulları nəzərdə tutulur.
Hazırkı qiymətlərlə hesabladıqda ay ərzində əmək qabiliyyətli bir adam çörək üçün 9 manat, kartof üçün ən azı 3,5 manat, tərəvəz və bostan məhsulları üçün 12,1 manat, meyvə və giləmeyvə üçün 5 manat, ət və ət məhsulları üçün 30 manat, süd və süd məhsulları üçün 20 manat, balıq və balıq məhsulları üçün 3,8 manat, yumurta üçün 2,5 manat, bitki yağı və marqarin üçün 5 manat, kərə yağı üçün 7,5 manat, şəkər və qənnadı məmulatları üçün 4,2 manat xərcləməlidir. Ümumilikdə əmək qabiliyyətli bir adam ay ərzində ərzaq məhsullarına olan tələbatını qarşılamaq üçün ən azı 102 manat pul xərcləməlidir. Bu da minumum yaşam xərcinin 48 faizi deməkdir.
Minimum istehlak səbətində nəzərdə tutulub ki, əmək qabiliyyətli bir adam ildə minimum 692 dəfə (ayda 57 dəfə) ictimai nəqliyyatdan istifadə edir ki, bu da ay ərzində 17 manat deməkdir. Hesablamaların sonunda minimum yaşam xərci hesab olunan 210 manatdan 91 manat pul qalır ki, bu məbləğlə geyimə olan tələbatı, kommunal xərcləri, icbari ödənişləri və digər ehtiyacları qarşılamaq lazımdır. "Azpolitika"