Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"ƏSAS MƏQSƏDLƏRİ MİNGƏCEVİRİ VURMAQ VƏ XAOS YARATMAQ İDİ..." -Ermənilərin qorxunc Mingəçevir planlarını alt-üst edən qəhrəman danışdı

Vətən Müharibəsi Qəhrəmanı Səfər Qurbanov: “İçimizdə böyük stresslə birgə, böyük bir inam var idi..”

Yenixeber.org: 44 günlük Vətən müharibəsindən qələbə ilə ayrılmağımıza görə şəhidlərimizə, qazilərimizə, Vətən üçün canından keçən, əlindən gələni əsirgəməyən Vətən övladlarına borcluyuq. 30 ilə yaxın əzəli torpaqlarımızı işğal altında saxlayan Ermənistan ordusu 44 günə damadağın edildi.

Həmin günlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi rəşadətli Azərbaycan Ordusunun qarşısıalınmaz hucumlarını dayandırmaq üçün əl atmadığı məkrli plan qalmadı. Gah ağalarının yanına qaçıb atəşkəsə nail olmağa çalışdılar, gah da cəbhə bölgəsindən 100-200 kilometr aralıda yerləşən Azərbaycanın dinc şəhərlərini hədəf aldılar. Azərbaycanın mərd oğulları, peşəkar hərbçiləri sayəsində düşmənin arzusu ürəyində qaldı.

Həmsöhbətim 44 günlük Vətən müharibəsi günlərində göstərdiyi şücaətə görə ölkənin ən yüksək fərqlənmə dərəcəsinə - Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş Səfər Qurban oğlu Qurbanovdur.

Həmin şərəfli və çətin günlərdə Səfər Qurbanova Azərbaycanın strateji əhəmiyyətli şəhəri - Mingəçevirin Su və İstilik elektrik stansiyalarına düşmənin havadan hücumlarını dəf etmək tapşırılıb. Bu olduqca məsuliyyətli və çətin tapşırığın yerinə yetirilməsindən ümumilikdə ölkəmizin taleyi asılı durumda olub həmin günlər.

 

Qısa arayış

Səfər Qurban oğlu Qurbanov 1982-ci il mayın 9-da Salyan rayonunda anadan olub. Salyanda 27 nömrəli dəmir yol orta məktəbini bitirib. 1999-cü ildə Azərbaycan Ali Hərbi məktəbinə daxil olub. 2003-cü ildə həmin ali məktəbi zenit-raket qoşunları ixtisasını bitirib, 2004-cü ildə Təlim-Tədris Mərkəzinə daxil olub. Həmin ildən Hərbi Hava Qüvvələrinin zabiti olaraq xidmətə başlayıb. Havadan müdafiə - zenit-raket komplekslərində xidmət aparıb. Heyət rəisi, tağım komandiri vəzifələrini daşıyıb. 2010-cu ildə Sankt-Peterburqda təşkil olunan “S-300" zenit-raket kompleksləri ilə bağlı 3 aylıq kurslara qatılıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə Səfər Qurbanov xüsusi tapşırıq verilməklə tağım komandiri olaraq Mingəçevirə göndərilib.

 

“Ora 1 raket belə düşməli deyildi”

- Yuxarı komandanlıqdan tapşırıq verildi, xüsusi önəm kəsb edən Mingəçevir şəhərinin havadan müdafiəsi bizə tapşırıldı. Ora 1 raket belə düşməli deyildi. Əks halda, mülki əhali arasında çox böyük itkilər ola bilərdi. Düşmənin olduqca hiyləgər və rəzil olması da deməyə əsas verirdi ki, Mingəçeviri, hava hücumundan müdafiəsi bizə tapşırılan İstilik Elektrik Stansiyasını və Su Elektrik Stansiyasının bəndini hədəf alacaqlar. Biz öz döyüş tapşırığımızı, fəaliyyətimizi yerinə yetirmək üçün Mingəçevirdə döyüş mövqeyimizi tutduq. Cəbhədən bir-birinin ardınca sevincli xəbərlər alırdıq. Bilirdik ki, ermənilər qarşımızda çox da tab gətirməyəcəklər, qaçacaqlar. Eyni zamanda hücumu dayandırmaq üçün həmin günlərdə mülki əhalini hədəf alırdılar, Bərdəni raket atəşinə tutmuşdular.

Oktyabrın 9-da 14:31 radələrində düşmən Mingəçevirə istiqamətlənən “Elbrus” taktiki operativ raket atdı. Bu, olduqca qorxulu, məhvedici bir raketdir. Sonradan Gəncə şəhərinə, dinc əhalini hədəf alan zaman da məhz “Elbrus”dan istifadə etmişdilər. Oktyabrın 9-da Mingəçevirə atdıqları “Elbrus”u izləyib qoruduğumuz şəhərin üzərində, 23 kilometr hündürlükdə “S300" zenit-raket kompleksi ilə havada məhv etdik. Həmin günlərdə sayıqlığımızı 1 saniyə belə itirmədik, yuxarı komandanlığın tapşırığının icrası üçün gecə-gündüz bilmədən xidmət apardıq.

 

 

“Bəndin dağılması ilə ölkəmizin Aran zonası su altında qalar, digər hissəsi isə elektrik enerjisindən məhrum olardı”

Həmsöhbətim deyir ki, sonradan Mingəçevirə düşmən bir daha güclü, aldadıcı manevr kimi Gəncənin vurulmasından istifadə edilməklə havadan hücuma cəhd edib. Bu dəfə də məqsədinə çatmayıb.

- Düşmənin məqsədi əsasən Mingəçevir şəhərindəki çox böyük strateji əhəmiyyətli su bəndini dağıtmaq, İstilik Elektrik Stansiyasının yanacaq ehtiyatı olan anbarın məhvi idi. Oradakı minlərlə ton yanacaq anbarına bir qığılcım düşməsinin nəticəsini düşünmək belə ağırdır. Əgər atılan raketlərdən biri o əraziyə düşsəydi, Mingəçevirdə yanğın aylarla davam edərdi. Bəndin dağılması ilə ölkəmizin Aran zonası su altında qalar, digər hissəsi isə elektrik enerjisindən məhrum olardı. Bütün Kür çayı ətrafı rayonların əksəriyyətinin su altında qalma ehtimalı var idi. Düşmən istəyirdi ki, Azərbaycanın daxilində böyük problemlər yaratsın, böyük bir tələfata yol açıb Qarabağda döyüşlərin gedişinə bu şəkildə təsir etsin. Şükür Allaha, məqsədinə çatmadı. Biz yuxarı komandanlıqdan qoyulmuş tapşırığa əsasən, bilik və bacarığımızdan istifadə etməklə, yaradılmış texniki imkanların hesabına, təlimlərdə bizə verilmiş texniki biliyin nəticəsində buna nail olduq. Bu gün sevinc hissi ilə deyə bilərik ki, həqiqətən də bizim Hərbi Hava Qüvvələrində peşəkarlar xidmət edir. Peşəkarlıq təyyarəçilərimizə, vertolyotçularımıza, həm də zenit-raket kompleksində xidmət edən heyətə aiddir.

Allah göstərməsin, əgər orada qeyri-peşəkarlar olsaydı, işıq stansiyasına, ya bəndə, ya şəhərin mərkəzinə 1 raket düşsəydi, fəlakətin miqyası çox böyük ola bilərdi. Əgər hesablasaq ki, bu müharibə vaxtı baş versəydi, böyük xaosa və problemlərə gətirib çıxarardı. Cənab Ali Baş Komandan İlham Əliyevin qoyduğu tapşırığa əsasən bizlər bütün zamanında dərsləri, bütün ixtisas fənlərini, sutkanın bütün vaxtı, gecə-gündüz, fərq olmadan daimi olaraq keçirilmiş məşqlərin, təlimlərin nəticəsində bu fəaliyyətə, bu uğura nail olduq, ermənilər Mingəçeviri vura bilmədilər.

“Bizim qoruduğumuz xüsusi strateji əhəmiyyətli obyektə - yəni xüsusilə Mingəçevir şəhərinə iki ”Elbrus" raketi atdılar"

Səfər Qurbanov deyir ki, düşmən müharibədən əvvəl də Mingəçeviri hədəf alacağı ilə təhdid edib.

- Bizim döyüş tapşırığımız Mingəçevir şəhərini düşmənin hava hücumundan qorumaq idi və biz öz döyüş tapşırığımızı yerinə yetirdik. Bizim qoruduğumuz xüsusi strateji əhəmiyyətli obyektə - yəni xüsusilə Mingəçevir şəhərinə iki “Elbrus” raketi atdılar. Balaca bir şəhər üçün iki “Elbrus” raketi böyük rəqəmdir. Xüsusilə nəzərə almaq lazımdır ki, şəhərdə milyonlarla ton su tutumu olan bənd var. Düşmən Gəncə və Bərdə şəhərlərini hədəf almaqla diqqəti ora yönəldib əsas məqsədinə çatmağa can atırdı. Nəyin bahasına olur-olsun, Mingəçeviri vurmağa can atırdılar. Gəncə və Bərdə şəhərlərini vurub orada əhali arasında panika yaratmağı hədəfləmişdilər. Amma bu, daha çox aldadıcı manevr olaraq seçilən taktika idi. Bərdəyə “Toçka U”, “Elbrus” raketləri ilə zərbələr endirməklə qorxu, vahimə yaradacaqlarını düşünürdülər. Amma əsas məqsədləri Mingəçevir şəhərini vurmaq və xaos yaratmaq idi. Həmin günlərdə Hərbi Hava Qüvvələrimiz bir çox şəhərlərimizə atılan raketləri havada məhv edib. Gəncə şəhəri vurulan gecə məqsədləri əsasən Mingəçevir şəhəri idi, Mingəçeviri vurmaq idi. Biz havada həmin raketi məhv etmişik. O günlərdə bütün dünya görürdü ki, Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı terror həyata keçirir. Ermənistan silahlı qüvvələri Mingəçevirə raket zərbəsi endirməklə su anbarı və əsas elektrik stansiyasını sıradan çıxarmaqla çarəsizliklərinə çarə axtarırdılar. Növbəti günlərdə düşmən daha 2 “Elbrus” əməliyyat-taktiki raketini Mingəçevirə atdı. Düşmənin atdığı raketləri havada məhv etdik. Bizim məqsədimiz insanların həyatda sağ qalmasını təmin etmək idi. Biz bunu bacardıq, yuxarı komandanlığın etimadını doğrultduq. Bizə tapşırılan müqəddəs tapşırığı yerinə yetirirdik. İnsanların həyatda sağ qalmasına səbəbkar olduq.

“Və havada həmin raketləri məhv edəndən sonra...”

Səfər Qurbanov 44 günlük müharibədən sonra Ali Baş Komandanın sərəncamı ilə Vətən müharibəsində qələbə münasibətilə təsis edilən, Azərbaycanın ən ali fərqlənmə dərəcəsi Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb və eyni adlı medalla təltif olunub:

- Bizə göstərilən etimada görə Ali Baş Komandana təşəkkürümüzü bildirir, Vətən uğrunda canımızdan keçməyə hazır olduğumuzu bir daha bəyan edirik. Həmin günlərdə tapşırığı məsuliyyətini dərk edib çiyinlərimizdə ağırlığını hiss edirdik. Böyük stress vardı içimizdə. Bununla belə, içimizdə özümüzə böyük bir inam vardı. Biz özümüzə inanmasaydıq, ölkəmiz, xalqımız üçün çox önəmli olan o tapşırığı yerinə yetirə bilməzdik. Sadəcə olaraq, məsuliyyət baxımından böyük bir qorxu gəlmişdi ki, tapşırığı dəqiqliklə yerinə yetirməliyik. Və havada həmin raketləri məhv edəndən sonra bütün şəxsi heyətimiz müqəddəs bayraqlarımızla öyünürdük, sevinirdik. Cənab Ali Baş Komandanımız başda olmaqla, uğurlu fəaliyyətlərimiz olmasına fərəhlənirdik. Təbii ki, sevindiyimiz anlarda belə öz işimizi yenə də buraxmırdıq. Çünki döyüş davam edirdi. Qarşımızdakı düşmən o qədər aciz, o qədər qəddardır ki, hər zaman hər cür naqislik gözləyirdik. Şükür Allaha ki, düşmən Mingəçevir şəhərində öz məqsədinə nail ola bilmədi, tapşırığı yüksək səviyyədə yerinə yetirdik.

“Özümə yer tapmadım...”

Səfər Qurbanov 22 ildir ki, xidmətdədir. Deyir ki, xidmət müddəti bitəndən sonra bilik və bacarıqlarını gələcək nəsillərə öyrətməyə hazırdır. O, yüksək ada layiq görülməsi xəbərini müharibə bitəndən 1 ay sonra alıb:

- Cənab Prezidentin 9 dekabr 2020-ci il sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” medalına layiq görüldüyüm xəbərini aldım. Evdə övladlarımın yanında idim. Yoldaşlar zəng etdi ki, adım Prezident sərəncamda var. Özümə yer tapmadım. Gördüyümüz işə böyük bir dəyər verilmişdi. Bundan sonra həyatımı daha məsuliyyətli yaşamaq, daha diqqətli yaşamaq və öz sənətimdə, öz işimdə daha çox perspektiv əldə etmək, daha çox oxuyub-öyrənməyə çalışacağam. Bizə Qarabağı qaytarmaqla böyük sevinc hissi yaşadan Ali Baş Komandanımıza, cənab Prezidentimizə böyük təşəkkür edirəm. Cənab nazirimizə, Hərbi Hava Qüvvələri komandanlığına məni bu ada uyğun görmələri üçün təşəkkür edirəm. Azərbaycanımla fəxr edirəm. Canım Vətənə qurban olsun. Allah bütün şəhidlərə rəhmət etsin, qazilərimizə cansağlığı versin.

Səfər Qurbanov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində göstərdiyi şücaətə görə polkovnik-leytenant rütbəsinə qədər yüksəlib, divizion komandiri vəzifəsinə təyinat alıb. “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə yanaşı “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

(musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam