ABŞ İran hərbi katerlərini havadan dəlik-deşik etməyə hazırlaşır-AC-130 və “Apache”-lərlə
Hələ ABŞ prezidenti Donald Tramp beynəlxalq sularda Birləşmiş Ştatlar donanmasının gəmilərini təqib edən İran sürətli katerlərini vurmaq əmri verməzdən əvvəl Pentaqon zəruri hazırlıq görübmüş.
Yenixeber.org: “Bloomberg” xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Fars körfəzindəki gəmilərini qorumaq üçün AC-130 təyyarələrini və “Apache” vertolyotlarını səfərbər edib.
Xatırladaq ki, bir neçə gün əvvəl İran İnqilab Keşikçilərinin sürətli katerləri Fars körfəzi sularında üzən ABŞ hərbi gəmiləri ətrafında təhlükəli manevrlər edib, katerlər hətta ABŞ gəmilərinin bir neçə metrliyinə qədər yaxınlaşıb. Bunun ardınca prezident Tramp bildirib ki, hərbçilərə bir daha belə hallar təkrarlanarsa İran katerlərinə atəş açmaq və məhv etmək əmri verib.
ABŞ hərbi dəniz kəşfiyyatının məlumatlarına görə hələ 2007-ci ildə İnqilab Keşikçilərinin 1000-dən çox kiçik sürətli katerlərdən ibarət donanması vardı. İndi bu katerlərin sayının daha çox olduğu təxmin edilir.
Agentlik yazır ki, Trampın İran katerlərinə atəş açmaq əmrindən əvvəl Birləşmiş Ştatların Mərkəz komandanlığı P-8A “Poseidon” dəniz kəşfiyyat təyyarəsinin, xüsusi əməliyyatlarda quru hədəflərinə qarşı tətbiq edilən, 30 millimetrlik toplarla silahlanmış AC-130 təyyarələrinin iştirakı ilə təlimlər keçirib.
Daha sonra aprelin 15-də ABŞ Hərbi Dəniz Qüvvələri AJ-64E “Apache” vertolyotları ilə koordinasiyalı əməliyyatları praktikadan keçirib. Komandanlığın yeni yanaşmasına görə, bu vertolyotlar Birləşmiş Ştatları donanmasının ilk üzən dəniz bazası kimi layihələndirilmiş “Puller” gəmisində yerləşdiriləcək. Təlimlər zamanı daha kiçik gəmilər və esminetslər hədəfləri aşkar edərək koordinatları “Puller” gəmisinə ötürüb. Gəmidən qalxan “Apache” vertolyotları hədəfləri vurub.
ABŞ 5-ci donanmasının nümayəndəsi Rebbeki Rebariç bildirib ki, quru əməliyyatları üçün nəzərdə tutulmuş aviasiya texnikasının və vertolyotların bu cür dəniz əməliyyatlarda istifadəsinin sınaqdan keçirilməsi ilk dəfə baş verir. Bu da ABŞ və onun müttəfiqlərinə qarşı təhdidlərə cavab olaraq bütün vasitələrin işə salına biləcəyini göstərir.
“Bu təlimlər göstərir ki, ABŞ kiçik İran gəmilərinə qarşı hücuma keçməyə hazırdır və təkcə müdafiə olunmaqla kifayətlənməyəcək”,-hərbi dəniz əməliyyatları rəisinin keçmiş xüsusi köməkçisi Brayan Klark deyib.
Onun sözlərinə görə, “Apache” vertolyotları İran katerlərinə hədəfə lazerlə yönləndirilən “Hellfire” raketləri buraxa və ya onları top atəşinə tuta bilər. “Vertolyotlar daha sürətli hərəkət etdiyi üçün onların İran sürətli katerlərinə qarşı tətbiq edilməsi gəmilərin tətbiqindən daha effektlidir. Çünki İran katerləri suda yüksək sürətlə manevr edib ora-bura tullana bilir. Mahiyyətcə həm də AC-130 həmin katerləri atəşə tutmaq qabiliyyətinə malikdir”,-ekspert bildirib.
Müdafiə naziri Mark Esper “Fox News”-a açıqlamasında Trampın əmri ilə bağlı bildirib ki, o İran katerlərinə qarşı hansı taktikanın işə salınacağını açıqlamaq niyyətində deyil. “Lakin onlar xəbərdarlıqdan agah olmalıdır və bilməlidir ki, biz bu cür davranışlarla barışmaq niyyətində deyilik”,-Esper deyib.(virtualaz)