HEÇ-HEÇƏ: RUSİYANIN XEYRİNƏ... - Moskva Belarusa təzyiqini gücləndirir
“Belə getsə, Putinlə Lukaşenko ancaq hava və sıyıq barədə müzakirə aparacaqlar”
Belarus prezidenti Aleksandr Lukaşenkonun bütün cəhdlərinə baxmayaraq, Rusiya öz “kiçik qardaşına” enerji daşıyıcılarının qiymətilə bağlı heç bir güzəştə getmir və belə görünür ki, yaxın gələcəkdə getmək fikrində də deyil.
Yenixeber.org: İki ölkə prezidentlərinin Soçidə keçirilən son görüşü Rusiya və Belarus mətbuatının əsas gündəm mövzusu olsa da, görüşün nəticəsini nəticəsizlikdən başqa heç nəylə adlandırmaq mümkün deyil.
Rusiyada bəzi mətbu orqanlar ümumiyyətlə, Putin-Lukaşenko görüşlərinin getdikcə əhəmiyyətsiz hadisəyə çevrilməsindən yazırlar. Bu görüşlərin mənasız vaxt və onların təşkilinə sərf olunan vəsait itkisindən başqa heç nə olmadığını qeyd edən qəzetlər, hətta iki ölkə liderlərinin apardıqları danışıqları ironiya hədəfinə çevirirlər.
Xatırladaq ki, Putinlə Lukaşenko arasında Soçidə keçirilən son görüş, Putini danışıqlarda müşaiyət etməli olan nümayəndə heyətinin hava şəraiti səbəbindən toplantıya bir neçə saat gecikməsi və liderlərin qatıldığı buzüstü xokkey matçından başqa heç nə ilə yadda qalmayıb.
Danışıqlardan sonra isə liderlər səviyyəsində hər hansı açıqlama verilməyib. Və Rusiyanın Prezident Administrasiyası rəhbərinin yeni müavini Dmitriy Kozakın heç bir məna kəsb etməyən “danışıqlar hökumətlər səviyyəsində davam etdirilir” açıqlamasından başqa ortada heç nə yoxdur.
Rusiyanın populyar “Novaya Gazeta” nəşrinin bu danışıqlarla bağlı yayımladığı məqalədə “Lukaşenko ilə Putinin növbəti görüşü iflasa uğradı” deyə bildirilir. Bir qədər ironiya ilə qələmə alınan məqalədə artıq neçənci dəfədir ki, iki lider arasındakı görüşlərin heç bir sonuc vermədiyi vurğulanır.
Görüşün nəticələrinə dair açıqlamalara gəlincə, qəzet “sanki Oreşkin(sabiq İqtisadi İnkişaf naziri-red.) eyni mahiyyətli kağız parçasını Kozaka ötürüb” yazır.
Görüşlə bağlı xəbərlərə diqqət yetirən qəzet Putinlə Lukaşenko arasındakı dialoqun lağ-lağıdan başqa heç nə olmadığını qeyd edir: “Belə çıxır ki, Lukaşenko Putinlə sadəcə, qarın qalınlığını müzakirə edib – “biz sizdən hündürdəyik, amma bizdə qar yoxdur. Siz aşağıdasınız, amma sizdə qar var” formasında.
Sonra tərəflər özlərinə məxsus olan “yumor hissi” ilə zarafatlaşıblar – “səhər sıyıq yemisiniz?” Putin soruşub.
“Suda hazırlananımı?” Lukaşenko cavab verib.
“Niyə? Dalıdır. Dadına baxın, xoşunuza gələcək” Putin əlavə edib və s. “
Daha sonra tərəflərin xokkey matçı keçirdiklərini və yenidən danışıqlar masasına qayıtdıqlarını yazan “Novaya Gazeta” neftin qiyməti məsələsində heç bir yeniliyə nail olunmadığını qeyd edir: “Neftin qiymətinə gəlincə, heç bir güzəşt olmayacaq. Dmitriy Kozak görüşdən sonra deyib ki, enerji daşıyıcılarının qiyməti administrativ qaydada deyil, bazar tərəfindən tənzimlənir. Maraqlıdır, bəs ötən illərdəki güzəştli ixracatlarda bu necə baş verirdi?”
Qəzet sonda Putinlə Lukaşenkonun görüşlərinin artıq heç bir məna daşımadığını yazır: “Belə getsə, Putinlə Lukaşenko ancaq hava və sıyıq barədə müzakirə aparacaqlar. Və bir də selfi edəcəklər.”
Xatırladaq ki, Belarus tərəfi artıq xeyli müddətdir Rusiyanın ona satdığı neftin qiymətində güzəştə getməsini istəyir və bəyan edir ki, yeni qiymətlər hətta dünya bazarındakından da bahadır. Ancaq Rusiya güzəştə getmir.
Lukaşenko isə əvəzində öz hökumətinə getdikcə Rusiya neftindən asılılığı azaltmağı, digər neft ixracatçılarından, Skandinaviya ölkələrindən, lazım gəlsə lap ABŞ-dan neft alınmasını tapşırıb. Lakin indiki dövrdə Belarusun enerji daşıyıcıları sarıdan Rusiyadan asılılığı qalmaqdadır və Moskvanın tətbiq etdiyi yeni qiymətlər Belarus iqtisadiyyatına ağır zərbə vurur.
Məsələnin kökü isə ondadır ki, rəsmi Moskva Lukaşenkonun iki dövlət arasındakı ittifaq sazişinə soyuq münasibət bəsləməsi və Belarusun suverenliyi məsələsində Rusiyaya güzəştə getməməsi səbəbindən ona qarşı təzyiqini gücləndirir.
Görünür, bir tərəfdən də ABŞ-ın dövlət katibi Maykl Pompeonun Minskə səfəri və Lukaşenkonun son açıqlamaları Putinin mövqeyini daha da sərtləşdirib.(azpolitika)
Rasim