Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Əgər kimsə...” -Prezidentin sərt xəbərdarlığı və hədəfləri

 

 

Sosial-iqtisadi inkişafa həsr olunmuş konfransdakı çıxışında dövlət başçısı İlham Əliyev  “Heç bir toxunulmaz sahibkar yoxdur, heç bir toxunulmaz məmur  yoxdur” dedi və xəbərdarlıq etdi: “Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq”;  dövlət başçısının  korrupsiyaya qarşı mübarizə və sabiq icra başçılarının həbsini yada salaraq  açıq danışmasının səbəbləri...

Yenixeber.org:  Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında prezident İlham Əliyev bir sıra mühüm açıqlamalar, o cümlədən məmur və sahibkarlara  sərt xəbərdarlıqlar edib. Dövlət başçısı çıxışının  bir hissəsini kölgə iqtisadiyyatına qarşı mübarizəyə  həsr edib.

Prezident deyib ki, kölgə iqtisadiyyatına qarşı mübarizə  bundan sonra da aparılacaq: “Burada da iki tərəf var. Bu işlərə göz yuman dövlət məmuru və bu işləri görən sahibkar. Bu sövdələşmə də tamamilə pozulmalıdır və pozulur. Dövlət indi göz yummur, sahibkar da gərək öz biznesini kölgədən 100 faiz çıxarsın. Dövlət, mərkəzi icra orqanlarımız xüsusi anlayış göstərərək bu prosesi tədricən edirlər. Çünki bu işi görənlər onilliklər ərzində, sovet dövründə də, müstəqillik dövründə də belə işləyiblər, öyrəşiblər. Ona görə buna son qoyulmalıdır. Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam...”

Prezident deyib ki, kölgə iqtisadiyyatı ilə bağlı təhlil hazırlanıb ona  veriləndə, dəhşətə gəlib:  “Ona görə buna son qoyulur. Vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsaiti nəyin hesabına toplayıblar? Onun hesabına ki, bu pullar kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi. Biz bu şəffaflığı təmin edərkən, mən qeyd etdiyim sosial təşəbbüsü reallaşdıra bildik. O pul qəpiyinə qədər insanların maaşına, pensiyasına, təqaüdünə, müavinətinə getdi. İndi biz kölgə iqtisadiyyatına göz yuma bilərikmi? Qətiyyən yox! Yenə də deyirəm, kölgə iqtisadiyyatına son qoyulmalıdır və dövlət orqanları bir keçid dövrü də müəyyən edib. Çünki bəri başdan çox sərt tədbirlər görmək düzgün olmaz. İnsanlar buna gərək yavaş-yavaş öyrəşsinlər. Amma biz bu güzəşt müddətini də çox uzada bilmərik. Ona görə bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir”.  Dövlət başçısı daha sonra sərt xəbərdarlıq edib: “Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu, alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar yoxdur, heç bir toxunulmaz məmur  yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz”.

Prezident daha sonra  deyib ki, sahibkarlara çox böyük və  hərtərəfli dəstək göstərilir: “Birincisi, Prezidentin dəstəyi. Mən dəfələrlə demişəm ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır. Digər tərəfdən, icra edilmiş bütün infrastruktur layihələri. İndi təsəvvür edin, əgər rayonlarda işıq, yol olmasaydı, hansı sahibkar orada iş görə bilərdi. Qaz olmasaydı, hansı istixananı işlədə bilərdi. Ona görə bunlar dövlət tərəfindən edilibdir - yol da, elektrik də, qaz da, su da. Bundan əlavə, güzəştli kreditlər - dediyim kimi, aşağı faizlə 2 milyard manatdan çox vəsait ayrıldı. Fermerlərə subsidiyalar verilir, onlar torpaq vergisi istisna olmaqla, - o da cüzi rəqəmdir, - vergilərdən azaddırlar. Dövlət tərəfindən sənaye zonalarının, sənaye parklarının, infrastrukturun yaradılması. Təşviq mexanizmi təşkil edilib və digər stimulverici amillər tətbiq olunubdur. Yəni sahibkarlara çox böyük imkanlar yaradılıb. Ona görə sahibkarlardan da tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər”. 

Dövlət başçı İlham Əliyev qeyd edib ki, rüşvətxorluğun da iki tərəfi var: alan və verən: “İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir. Çünki sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır. Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər. Buna son qoyulmalıdır. Ona görə sahibkarlar vergini tam verməlidirlər. Çünki onların vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır”.

Prezidentin çıxışından da göründüyü  kimi,  dövlət başçısının vergi və gömrük sahələrində apardığı islahatlar, şəffaflıqla bağlı addımları öz ciddi səmərəsini verməkdədir. Əgər gömrük və vergi orqanları ötən il doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil etmişdilərsə, dövlət başçısı bu rəqəmin artıq 1 milyard manatdan çox olduğunu bəyan edib. 

Yada salaq ki, hələ ötən ilin oktyabrında keçirilən  müşavirədə   dövlət başçısı bir çox şirkətlərin hələ də tam qaydada vergi ödəmədiklərini demişdi: “Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır. Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz.  Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Prezident çıxışında  ödənişli ictimai iş yerlərinin yaradılması layihəsini korlayan, kartları ciblərinə doldurub pulları mənimsəyən məmurlara da  bir daha xəbərdarlıq edib. Dövlət başçısı ötən il bu əməllərə görə həbs edilən icra başçılarının aqibətini xatırladaq belə biabırçı halları təkrarlamağa cəhd edənlərin sərt cəzalanacaqlarını deyib.

İlham Əliyevin çıxışından  sitat: “Sosial layihələr arasında ödənişli ictimai iş yerlərinin yaradılması da var. Bu da mənim təşəbbüsümlə irəli sürülmüş məsələdir, o vaxt ki, ölkəmizdə işsizlik bir qədər artmışdı. Onun da səbəbi o idi ki, neftin qiyməti 4 dəfə aşağı düşdü, biz məcbur olub investisiya xərclərimizi ixtisar etdik. Mən giriş sözümdə dedim, valyuta ehtiyatlarımızı, hətta bizim üçün ən ağır illərdə artıra bilmişik.

Amma investisiya xərclərini azaltdıq və beləliklə, bu layihələrdə iştirakı nəzərdə tutulan insanlar işsiz qaldılar. Ona görə mənim göstərişimlə ödənişli ictimai iş yerləri yaradıldı. Ancaq əfsuslar olsun ki, bu sahədə bölgələrdə pozuntulara yol verildi və bu pozuntulara yol verən şəxslər cəzalandırıldı. Əgər bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək. Çünki kasıb təbəqə üçün nəzərdə tutulan iş yerlərinin pulunu mənimsəmək böyük vicdansızlıqdır. Ona görə çox ciddi nəzarət var. Əminəm ki, belə hallar təkrarlanmayacaq. Amma yenə də ciddi nəzarət olmalıdır".

Son müşavirədəki çıxışı belə nəticəyə gəlməyə əsas verir ki, prezident İlham Əliyev məhz vergi ödəmələrini və korrupsiyaya qarşı mübarizənin həllini bir planda  görür.  Dövlət başçısının bu mövzuda açıq danışmasının da, əlbəttə, səbəbi var.

Birincisi, dövlət başçısı kölgə iqtisadiyyatını, necə  deyərlər, hansı məmurun  hansı biznesi kurasiya etdiyindən xəbərdar olduğunu  diqqətə çatdırır.  İkincisi, bir daha həmin məmurlara xəbərdarlıq edir ki, şirkətlərində gəlirlərini gizlətməsinlər və vergiləri tam şəkildə ödəsinlər. O cümlədən sahibkarlara da eyni xəbərdarlıq edilir. Sitata bir daha diqqət yetirək: “Sahibkarlardan  tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər.” 

Dövlət başçısının çıxışında  vergidən yayındırılan pullar “kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi” xatırlatması bir daha  vergi sistemindəki qanunsuzluq və korrupsiya hallarında günahkar olan sabiq vergilər naziri nazir Fazil Məmmədovun  və onun komandasının əməllərini yada salır.  Vergidən yayınmağa çalışan sahibkar, onu himayə edən yüksək vəzifəli məmurlar, rüşvət müqabilində buna göz yuman vergi əməkdaşı daha yoxdur və bu, İlham Əliyevin qəbul etdiyi son qərarlar və kadr islahatları sayəsində reallaşıb. Aydındır ki, məhz bu üç tərəfli korrupsiya piramidası uzun illər boyu Azərbaycanda kölgə iqtisadiyyatını “çiçəkləndirib”, milyardlarla manat büdcədən yayındırılıb.

Müşavirədə Ağstafanın və Yevlağın sabiq icra başçısının həbsini yada salması da təsadüfi deyil.  Prezident bu kimi halların birdəfəlik aradan qaldırılması üçün müşavirədə  son xəbərdarlığını da edib: “Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq”.

Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur.(“Yeni Müsavat”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam