Putinin yeni təyin etdiyi nazirlər... -Cəmi bir qadın var
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin yeni hökumətin tərkibini təsdiqləyib.
Yenixeber.org: İllərdir hökumətdə fəaliyyət göstərən bəzi nazirlərin yeni tərkibdə qalıb-qalmayacağı sual altında idi. Bunlardan biri 2004-cü ildən Xarici İşlər Nazirliyinə rəhbərlik edən 69 yaşlı Sergey Lavrovla bağlı idi. Hətta o, Dmitri Medvedevin rəhbərlik etdiyi hökumət yanvarın 5-də istefaya getdikdən sonra jurnalistlərin ona vəzifə alıb-almayacağı barədə ünvanladığı suala cavabında heç bir fikri olmadığını bildirmiş, bugünə qədər gördüyü işləri şərh edərək vəzifəsini həmişə vicdanla yerinə yetirdiyini söyləmişdi. Ötən gün açıqlanan siyahıda Lavrovun yenə də XİN rəhbəri kimi vəzifəsini yerinə yetirəcəyi məlum olub.
Dövlətin önəmli strukturlarından birinə - Müdafiə Nazirliyinə rəhbərlik edən Sergey Şoyqu da postunu itirməyib. Belə ki, 2012-ci ildən Müdafiə naziri olan 64 yaşlı Şoyqu vəzifəsini eynilə icra edəcək.
2012-ci ildən Daxili İşlər naziri olan 58 yaşlı Vladimir Kolokoltsev də Putinin fərmanı ilə yeni tərkibdə qalıb.
Energetika naziri Aleksandr Novak da öz postunda qalıb. Qeyd edək ki, 48 yaşlı Novak 2012-ci ildən sözügedən vəzifəni icra edir.
Nəqliyyat naziri Yevgeni Ditrix (2018-ci ildən), Sənaye və Ticarət naziri Denis Manturov (2012-ci ildən), Təbii Resurslar və Ekologiya naziri Dmitri Kobılkin (2018-ci ildən), Kənd Təsərrüfatı naziri Dmitri Patruşev (2018-ci ildən), İnşaat, Mənzil və Kommunal Xidmətlər naziri Vladimir Yakuşev (2018-ci ildən), Mülki Müdafiə, Fövqəladə Hallar və Fəlakətlərin İdarə edilməsi naziri Yevgeni Ziniçev (2018-ci ildən), Uzaq Şərq və Arktikanın inkişafı naziri Aleksandr Kozlov (2018-ci ildən), Maliyyə naziri Anton siluanov (2018-ci ildən) yenə də hökumətin tərkibində təmsil olunacaqlar.
Bundan əlavə, dövlət başçısının fərmanına əsasən, bir neçə quruma yeni rəhbərlər təyin edilib.
Mədəniyyət naziri postuna 40 yaşlı Olqa Lyubimova təyin olunub. O, bu təyinatına qədər Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsini icra edib.
Rəqəmsal İnkişaf, Telekommunikasiya və Kütləvi İnformasiya Vasitələri naziri postuna Maqsud Şadayev gətirilib. 1979-cu il təvəllüdlü Şadayev “Rostelecom” Rəqəmsal platformalar üzrə vitse-prezident işləyib.
Səhiyyə Naziri postuna Mixail Muraşko təyin edilib. Bu təyinatına qədər “Roszdravnadzor”a (Səhiyyə Nəzarəti Federal Xidməti”) rəhbərlik edib.
45 yaşlı Sergey Kravtsov Təhsil naziri təyin olunub. Yeni vəzifəsinə qədər “Rosobrnadzor”a (“Federal Təhsil və Elm Nəzarəti Xidməti”) rəhbərlik edib.
1964-cü il təvəllüdlü Oleq Mattısın İdman naziri vəzifəsinə gətirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postuna 1980-ci il təvəllüdlü Anton Kotyakov gətirilib.
40 yaşlı Maksim Reşetnikov İqtisadi İnkişaf naziri təyin edilib.
Ədliyyə naziri vəzifəsinə 54 yaşlı Konstantin Çuyçenko, Elm və Ali təhsil naziri postuna isə 41 yaşlı Valeri Falkov təyin olunub.
qafqazinfo