KONQRESDƏ “KARTOF MÖVSÜMÜ”: Türkiyə əleyhinə 3 qanun layihəsi hazırlanıb
Brayant Harris
“Əl-Monitor”, 16.10.2019
Yenixeber.org: İkipartiyalı millət vəkili qrupu prezident Donald Trampın Türkiyəyə qarşı sanksiyalarını yetərsiz sayıb. Bu, Türkiyənin Suriyada kürd “Xalq Müdafiə Birləşmələri”nə (YPG) qarşı hücumuna görə cəzalandırılması üçün Konqresin öz sanksiya qanun layihəsi ilə irəliləməyə hazır olduğunu göstərir.
Ancaq Türkiyəyə əlavə sanksiyalar tətbiq etmək üçün hər hansı bir addımın atılması Senatdakı respublikaçılar və bir demokrata görə şübhə doğurur.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi (demokrat) bu həftə keçirdiyi mətbuat konfransında “əl-Monitor”a təsdiqləyib ki, Türkiyə əleyhinə sanksiya təklifi ilə çıxış edən respublikaçı senator Lindsi Qrahamla əlaqə saxlayır. Qraham həm də ABŞ qoşunlarının Suriyanın şimalından çıxarılması qərarının əleyhdarıdır.
Mətbuat konfransında Pelosi deyib: “Prezident Türkiyəyə yaşıl işıq yandırıb, kürdlər üçün humanitar fəlakət yaradıb və bizi etibarsız müttəfiq halına gətirib. Ardınca vəziyyətə uyğun olmayan sanksiyalara işarə edib”.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki respublikaçı Mayk MakKol da sanksiyalarla irəliləməyi düşünür. O, komitənin sədri Eliot Engelin (demokrat) dəstəyi ilə Türkiyəyə qarşı ikipartiyalı sanksiya qanun layihəsini təqdim edib.
MakKolun sözçüsü Kaylin Minton deyib: “Administrasiyanın Türkiyəyə qarşı planlı hərəkətini təqdir edirik, ancaq bu, Türkiyəni Suriyadakı kobud qanun pozuntularına görə cəzalandırmaq üçün yetərli deyil. Qanunvericiliyimizdə tətbiq olunan sanksiyaların və digər iqtisadi qadağaların hamısına təkan verməyə davam edəcəyik. Qanun layihəmizin tezliklə Konqresdə qəbul ediləcəyinə dair nikbinik”.
Yalnız bu gün respublikaçı Liz Çeyni 70-dən çox respublikaçının dəstəyi ilə ayrıca sanksiya paketini təqdim edib. Kevin MakKarti, Stiv Skalis, Mak Tornbörri kimi əsas simalar onun qanun layihəsinə imza atıblar.
Bu arda Qraham və demokrat senator Kris Van Hollen hələ də yuxarı palatada öz sanksiya paketi ilə irəliləyirlər. Cümə axşamı gününə qədər qanun layihələrini ortaya qoymayacaqları halda belə, keçən həftə təklif etdikləri çərçivəyə sadiq qalmaq niyyətində olduqlarını bildiribblər.
Qraham deyib: “Bizə dəstək böyükdür. Düşünmürəm ki, əksər insanlar Türkiyənin Suriyaya hücumunun heç bir nəticəsi olmadığına dair prezident Trampın fikri ilə razılaşmırlar”.
Hər üç qanun layihəsi ABŞ-ın Ankaraya silah satışını qadağan edərək, Türkiyənin müdafiə sektorunu və enerji sənayesinin bir hissəsini dəstəkləyən hər kəsə sanksiya tətbiq edəcək. Qraham və Çeyninin qanun layihələri prezident Rəcəb Tayyib Ərdoğanı və daha 6 yüksək səviyyəli Türkiyə rəsmisini birbaşa sanksiya edir, halbuki MakKol və Engelin təklif etdiyi layihədə bu bənd yoxdur.
Çeyninin qanun layihəsinə imza atmayan MakKol, Engel ilə ortaq olaraq, bu gün Türkiyənin Suriyanın hücumunu qınayan qətnamə təqdim edib (Qətnamə oktyabrın 17-də 60 əleyhinə, 354 əleyhinə olmaqla qəbul olunub – tərc.).
Qanun Senatda qəbul olunsa, mümkün veto ləğv edilməsi üçün mərhələ ilə Trampın masası üstünə qoyulacaq.
Lakin Senatdakı çoxluğun lideri Mitç MakKonnell (respublikaçı) bu günə qədər ya qətnamə, ya da Türkiyəyə dair sanksiya layihəsi ilə əlaqədar səsvermə keçirməkdən imtina edib. “Biz bütün Suriya məsələsini müzakirə edirik”.
Tramp bu gün Suriyanı müzakirə etmək üçün MakKonnell və ikipartiyalı Konqres qrupu liderlərini Ağ Evdə dəvət edib. Qrupa Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ceyms Riş (respublikaçı) və Silahlı Xidmətlər Komitəsinin sədri Ceyms İnhof daxildir.
MakKonnell kimi, Riş və İnhof Konqresin Türkiyəyə tətbiq olunan qadağalara əlavə sanksiyalarla bağlı addımlardan imtina ediblər.
Qraham Trampın Ərdoğan, müdafiə və enerji nazirliklərinə sanksiyalardan məmnun olsa da, Suriyanın şimalından çəkildiyi üçün prezidentə şifahi hücumu davam etdirərək, onu “Barak Obamanın İraqda etdiyi səhvləri təkraralmaqda” suçlayıb.
Hovard Eyssenstat, “Yaxın Şərq Demokratiyası Layihəsi”nin böyük elmi işçisi Trampın Türkiyəyə tətbiq etdiyi sanksiyaları “kiçik kartof” adlandırıb.
Eyssenstat deyib: “Polad tarifi gülməlidir. Türkiyə ümumiyyətlə, bizə çox polad satmır. Müdafiə, daxili işlər və energetika nazirliklərinə tətbiq olunan cəzalar heç bir dövlətlərarası münasibətlərə mane olmur və hər halda 30 gün ərzində aktivləşdirilməyəcək”.
Bundan əlavə, Tramp “S-400” rus raket hücumundan müdafiə sistemini satın aldığı üçün Türkiyəyə qanuni olaraq təsdiq edilmiş sanksiyaları tətbiq etməkdən imtina edib. Hər üç sanksiya qanun layihəsi Tramp administrasiyasının satınalma ilə bağlı sanksiyaları həyata keçirməli olduğunu aydınlaşdırır.
MakKolun qanun layihəsi Obama administrasiyası dövründə İranın sanksiyalardan yayınma sxeminə görə Türkiyənin dövlət “Halkbank”ını qadağa siyahısına salmağa çağırır.
Lakin Konqres “Halkbank” sanksiyaları ilə bağlı hərəkət etməyə məcbur olmaya bilər. Ədliyyə Nazirliyi artıq “Halkbank”ı, Ankaranın çoxillik lobbiçilik səylərinə baxmayaraq, İranla bağlı ittiham edib. Eyssenstat “Halkbank”ın 2 milyard dollar cərimə ödəyəcəyini təxmin edir, lakin onun fikrincə, “mühakimə qərarında siyasi əsas var”.
Türkiyəyə qarşı sanksiyalar təhlükəsi artdığı bir dönəmdə Trampın sanksiyalarını “sərsəm” adlandıran senator Kris Mörfi Qrahamın qanun layihəsinə qarşı lobbiçilik edir. O deyib: “Əgər sanksiyalar barədə danışacağıqsa, gəlin onların Türkiyə əleyhinə işləyəcəyinə əvvəldən əmin olaq. Gəlin Trampa qəzəblənməyimizi unudub, sanksiya rejimini necə qurmaq barədə əsl söhbət aparaq”.
Senatın Yaxın Şərq komissiyasının respublikaçı sədri Mitt Romni Mörfinin fikirlərini bölüşmür: “Ankaranın dostlarımızı məhv etdiyini görəndə, sanksiya tətbiq etmək vacibdir. Ancaq bilin ki, kürdlərin etdikləri də administrasiyanın baş verənlərə qapı açmasının səbəbidir”.
Lakin hətta NATO müttəfiqinə qarşı sərt sanksiyaları dəstəkləyən millət vəkilləri də sanksiyaların Türkiyənin Suriyanın şimal-şərqindən çəkilməsini effektiv şəkildə dayandıracaqlarına əmin deyillər.
Senator Cin Şahin deyib: “Düşünürəm ki, onlar Türkiyənin davranışlarını dəyişdirməyəcək, amma Türkiyə də bir qədər məsuliyyətli olmalıdır”.
Tərcümə: Strateq.az