Türkiyə Suriyaya girdi, dünya üzərinə gəldi
Qərb ölkələri Türkiyəni sanksiyalarla təhdid etdi, Ərdoğanın cavabı isə sərt oldu...
Yenixeber.org: Türkiyənin dəstəklədiyi suriyalı müxaliflərdən təşkil olunmuş “Suriya Milli Ordusu” (SMO) qüvvələri Fərat çayının şərq sahilində YPG-nin nəzarətində olan bölgələrə daxil olub. Türkiyənin Anadolu Agentliyinin məlumatına görə, “Barış Pınarı” (“Sülh çeşməsi”) adlı əməliyyat çərçivəsində SMO qüvvələri Tel Abyad rayonunun qərbində yerləşən əl-Yabsə və Tel Fander kəndlərini nəzarətə götürüb.
Türkiyə ordusu isə oktyabrın 10-da səhər saatlarından etibarən Tel Abyad mərkəzini bombalamağa başlayıb. Daha əvvəl isə Tel Abyadın şərqində Əbu Qəbr və İsavi məntəqələrinə qədər ordu qüvvələri irəliləyib.
Qeyd edək ki, Türkiyə ordusu və dəstək qüvvələri oktyabrın 9-da gündüz saat 16 radələrində Suriyanın şimal-şərqində “Suriya Demokratik Qüvvələri” koalisiyasının nəzarətində olan ərazilərdə əməliyyata başladı. Əvvəlcə artilleriya və aviasiya qüvvələri YPG mövqelərini vurmağa başlayıb, gecə saat 22:35-dən etibarən isə quru qüvvələri Suriya ərazisinə daxil olub. Əməliyyatın ilk günündə YPG-yə məxsus 181 nöqtə Türkiyə ordusu tərəfindən vurulub.
Ancaq Türkiyənin Suriya ərazisində növbəti əməliyyatı gözlənildiyi kimi, etirazlarla qarşılanıb. Əsas etirazlar bu əməliyyata faktiki olaraq “yaşıl işıq” yandıran Vaşinqtondan gəlib. Trampın Türkiyə hökumətinə dəstək verməsi Vaşinqtonda siyasi dairələrdə qəzəblə qarşılanıb. ABŞ senatorları respublikaçı Lindsi Qrem və demokrat Kris Van Vollen Türkiyəyə qarşı sanksiya layihəsi hazırlayıb. Qanun layihəsində Türkiyənin prezidenti də daxil olmaqla, bir sıra hökumət üzvlərinə qarşı sanksiyalar da nəzərdə tutulub. Qrem yaydığı açıqlamada qeyd edib ki, administrasiya bu layihəyə qarşı olsa da, onlar layihəyə hər iki partiyadan ciddi dəstək gözləyirlər.
Sanksiya layihəsinin birinci bəndində Türkiyə hökumət və dövlət rəsmilərinin ABŞ-dakı əmlak və pulları üzərində sanksiya nəzərdə tutur. Layihədə Türkiyə prezidenti, vitse-prezident, milli müdafiə naziri, xarici işlər naziri, xəzinə və maliyyə naziri, ticarət, enerji və təbii ehtiyatlar nazirlərinin də adı var. İkinci bölümdə Türkiyə hərbisinə sanksiyalar yer alır. Türkiyə ordusu ilə bilərəkdən əməkdaşlıq edən, material və texnologiya dəstəyi verən, bunların satışını həyata keçirən əcnəbi şəxslərə embarqo tətbiq olunacaq.
Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə oluna təyyarə və ehtiyat hissələri, mexanizmləri, quru qüvvələr və dəniz qüvvələrinin istifadə etdiyi cihazlar və xidmətlər, silahlar və müdafiə vasitələri satışı və bağışlanmasını nəzərdə tutur. Türkiyə ordusunun istifadə etdiyi yerli neft və təbii qaz istehsalını dəstəkləyən və ya davam etdirən xidmətlər, məhsullar, texnoloji, informasiya və digər formada dəstək verən əcnəbi şəxslər və əmlaklarına sanksiyalar qoyulacaq. Həmçinin ABŞ-ın Türkiyə ordusuna müdafiə vasitələri, texnologiya və materialların satışı qadağan edilir. Türkiyə ordusuna silah və sursatın satışı, eləcə də transferinin qadağan edilməsi nəzərdə tutulur.
Bundan başqa, layihədə Türkiyənin Rusiyadan S-400 HHM sistemləri almasına görə CAATSA (ABŞ-ın Düşmənlərinə qarşı Sanksiyalar yolu ilə Mübarizə Qanunu) qanunu tətbiq olunması daxil olması da var.
ABŞ-la yanaşı, daha bir neçə ölkə də Türkiyənin Suriya əməliyyatına etiraz edib. İran XİN yaydığı açıqlamada Türkiyənin əməliyyatı dayandırması və qüvvələri geri çəkməyə çağırıb. İordaniya xarici işlər naziri Ayman Safadi əməliyyatı dayandırmaq və cavabdehlərin beynəlxalq məhkəməyə çıxarmaq çağırışı edib. Kanada XİN isə yaydığı açıqlamada Türkiyənin əməliyyatını qınayıb və bu əməliyyatın regionda sabitliyə zərər vuracağı, humanitar vəziyyətə pis təsir edəcəyini, İŞİD-lə mübarizədə irəliləmənin dayanacağını qeyd edib. Yaponiya hökuməti baş katibi isə hərbi əməliyyatın regionda gərginliyi yüksəldəcəyi, Suriya böhranının hərbi yolla həll olunmayacağını bəyan edib. Bundan başqa Estoniya, Belarus və Ermənistan da əməliyyatı pisləyən açıqlamalar yayıb.
Əməliyyata Avropa İttifaqından da reaksiya gəlib. Avropa Komissiyasının sözçüsü bildirib ki, Avropa İttifaqına üzv olmaq istəyən ölkələrin siyasəti Aİ-nin xarici siyasəti ilə uyğun olmalıdır: “Türkiyənin də İttifaqa üzv olmaq niyyəti ciddidirsə, o zaman bu xəttə uyğun hərəkət etməlidir”.
Sözçü bildirib ki, hazırda Brüssel və Ankara arasında dialoq davam edir. Bazar ertəsi isə Aİ üzv ölkələrin xarici işlər nazirləri BMT təmsilçisinin də iştirakı ilə Türkiyənin Suriyadakı hərbi əməliyyatını müzakirə edəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi əməliyyatla bağlı qınamalara cavab verib. Ərdoğan deyib ki, əməliyyatın məqsədi Suriyanın ərazi bütövlüyünün təmin olunmasıdır: “PKK-nın, YPG-nin işğalını görməyənlər, bu dəqiqə bizim Suriyanın birliyi və bütünlüyü uğurunda apardığımız addımı tənqid edirlər. Siz kənara durun, biz yolumuza davam edək”.
Ərdoğan deyib ki, bütün ölkələrin adını saymaq istəmir, ancaq Səudiyyə Ərəbistanı, Misir kimi ölkələrin bu əməliyyatı qınamağa haqqı yoxdur. Türkiyə prezidenti Səudiyyə Ərəbistanının illərdir Yəməni bombaladığını xatırladıb, Misir hakimiyyətinin isə dinc insanları qətlə yetirdiyini və Misir prezidentinin qınağının heç bir əhəmiyyət kəsb etmədiyini deyib. Ərdoğan Avropa İttifaqının qınamasına da etiraz edib. Türkiyə prezidenti deyib ki, əgər Avropa bu əməliyyatı işğal adlandrısa, o zaman Ankara qapıları açıb 3,6 milyon qaçqını Avropaya göndərər. Eyni zamanda o, YPG-ni tərk edib Türkiyə tərəfinə keçənlərə qucaq açacaqlarını bildirib.
Əməliyyata Rusiya XİN başçısı Sergey Lavrov da münasibət bildirib. Ankara və Moskva arasında təmasların davam etdiyini qeyd edən Lavrov Ankara və Dəməşq arasında danışıqların bərpa etməyə çalışdıqlarını deyib.
Qeyd edək ki, Türkiyə ordusu əməliyyatlara başladıqdan sonra Suriya ərazisindən Türkiyəyə raket və minalar atılıb. Anadolu Agentliyinin məlumatına görə, oktyabrın 10-da Suriyanın hazırda döyüşlərin davam etdiyi Tel Abyad rayonundan Türkiyənin Şanlıurfa vilayətinin Akçakale qəsəbəsinə bir neçə raket və mina düşüb. Nəticədə qəsəbədə dağıntılar və bir neçə nəfərin yaralanması qeydə alınıb.
Bundan başqa İstanbulda terror hazırlayan qrup ifşa olunub. Ümumiyyətlə, bundan əvvəl Türkiyə Suriyanın şimalında 2016-cı ilin avqustunda “Fərat qalxanı”, 2018-ci ilin yanvarında isə “Zeytun budağı” əməliyyatları həyata keçirib və bu zaman Türkiyənin özündə PKK dəstəkçiləri tərəfindən terror cəhdləri, əks çağırışlar qeydə alınıb, bir neçə nəfər həbs olunub. Kürdlərin Suriyanın şimalında Türkiyə ordusuna qarşı müqaviməti böyük ölçüdə xarici dəstəkdən asılı olacaq. Əgər xaricdəki himayədarları YPG-nin Türkiyə ordusuna müqavimətinə dəstək versə, bu, əməliyyatların daha da uzanmasına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, hazırda Suriyanın şimalında əsasən kürdlərdən ibarət 60 minə yaxın silahlı və 5 ildən çoxdur döyüş təcrübəsi olan SDQ qüvvələri var. Bunlar uzun müddətdir ki, İŞİD-ə qarşı əməliyyat zamanı ciddi şəkildə silah və sursat dəstəyi alıblar.
“Yeni Müsavat”