Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”
Ekspertlər Putinin ən yaxın adamının Ermənistana iki günlük səfərinin gizlinlərindən danışdılar
Ermənistanda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana iki günlük səfəri maraq doğurdu. Rusiya rəsmisinin erməni həmkarı Armen Qriqoryanla və baş nazir Nikol Paşinyanla görüşləri barədə müəyyən məlumatlar açıqlansa da, hesab olunur ki, səfərin əsas məğzi qapalı qalıb.
Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti öz məlumatında bildirib ki, İrəvanda keçirilən Rusiya-Ermənistan təhlükəsizlik məsləhətləşmələrində beynəlxalq təşkilatlarda iki ölkənin milli təhlükəsizlik maraqları istiqamətində qarşılıqlı əlaqələri, həmçinin informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq müzakirə olunub. “Nikolay Patruşev iki ölkənin beynəlxalq informasiya təhlükəsizliyi məsələlərində, həmçinin beynəlxalq qurumlar çərçivəsində sıx əməkdaşlığının vacibliyini vurğulayıb. Qeyd olunub ki, bu, iki ölkənin stabil inkişafı, həmçinin terrorizmə və ekstremizmə qarşı səmərəli mübarizəsi baxımdan çox önəmlidir”, - deyə məlumatda bildirilir.
Nikol Paşinyanla görüşdən sonra isə bildirildi ki, tərəflər Rusiya ilə Ermənistan arasında əməkdaşlığı müzakirə ediblər. Təhlükəsizlik məsələləri, iqtisadi və investisiya sahəsində ikitərəfli əməkdaşlığın qurulması, iki ölkənin beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyəti, eləcə də beynəlxalq gündəmdəki bir sıra problemlər də müzakirə mövzusu olub. Paşinyanla Patruşev Suriya xalqına humanitar yardımın göstərilməsinə və bu ölkədə dinc həyat şəraitinin bərpası məsələsinə də toxunublar.
Rəsmi məlumatda o da qeyd olundu ki, Ermənistan Baş naziri və Rusiya Təhlükəsizlik Şurasının katibi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi, bölgədə balans və sabitliyin qorunması, həmçinin regional və beynəlxalq təhlükəsizlik problemləri barədə də fikir mübadiləsi aparıblar.
Ancaq hesab olunur ki, Patruşevin səfərini zəruri edən səbəblər heç də açıqlandığı kimi deyil. Patruşevin səfərinin Rusiya prezidentinin İrəvana səfəri ərəfəsində reallaşdığı da vurğulanır. Amma Putinin Ermənistana oktyabrda gələcəyi bildirilir, yəni vaxta çox var. Ancaq bundan əvvəl Paşinyan ABŞ-a gedəcək. Üstəlik, son zamanlar erməni baş nazir Qarabağla bağlı çox uzaqgedən mövqelər sərgiləyir. Eyni zamanda, ABŞ-ın Ermənistan şirkətlərinə sanksiya tətbiq etməsi də maraqlı vəziyyət yaradıb.
Gerçək belədir ki, Moskva hələ də Nikol Paşinyan və komandasına ürək qızdırmır.
Yenixeber.org: Hərçənd erməni baş nazir inam-etimadın yaranması üçün ilk baxışda hər şeyi edir; verdiyi vədlərə rəğmən, Rusiyanı qəzəbləndirəcək heç bir addım atmır, əksinə, tənqid elədiyi sələflərindən, Qarabağ klanından da çox Rusiyaya yaxınlaşma kursu aparır, hətta Rusiyanın istəyi ilə Suriyaya humanitar missiya göndərir - hansı ki, ABŞ-ın sərt reaksiyasına səbəb olmuşdu.
Politoloq Arzu Nağıyev dedi ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana səfərini əvvəlcə Soçi görüşü ilə əlaqələndirməyə çalışdılar: “Lakin bu görüş baş tutmadı. İki ölkənin təhlükəsizlik şuralarının rəhbərlərinin axırıncı dəfə bir il əvvəl Rusiyada görüşləri oldu. Lakin orada da ciddi bir qərar qəbul edilmədi. Ermənistan ümumiyyətlə, 2007-ci ildən bəri ölkənin milli təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi ilə bağlı heç bir qərar qəbul etməyib. Yəqin ki, bu məsələ də Rusiya ilə razılaşdırılmalıdır. Təbii ki, Paşinyanın son sərsəm bəyanatları da danışıqlarda müzakirə mövzusu olub. Maraqlı məqam ondan ibarətdir ki, danışıqlarda həm də Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini, xüsusi qərarların hazırlanmasında mühüm rol oynayan Rəşid Nurqaliyev iştirak etdi və hətta mətbuat nümayəndələrinin suallarını da o cavablandırdı. Deməli, danışıqlarda çox mühüm məsələlər müzakirə edilib. Təhlükəsizlik Şurasının əsas işinin dövlətlərarası hərbi-texniki, ticarət-iqtisadi və siyasi məsələlər olduğunu nəzərə alsaq, bu görüşdən elə də ciddi nəticələr gözlənilmir. Yəni dövlət rəhbərləri üçün məruzələr istisna olmaqla, bu görüşdə də elə bir ciddi hadisə baş vermədi”. A.Nağıyev dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən açıqlamalar oldu, üçüncü ölkələrə, yəni Azərbaycana da silah satışı ilə əlaqədar müzakirələr aparıldı, lakin konkret bir nəticə əldə edilmədi: “Digər bir məsələ də MDB-nin və KTMT-nin işində islahatlar aparılması ilə bağlı da Rusiya öz tərəfdaşları ilə müzakirələr aparır və bu görüşdə də bu məsələ müzakirə predmeti idi. Yəni bunları sadalamaqda məqsəd ondan ibarətdir ki, münaqişə ilə bağlı elə bir ciddi müzakirələr olmadı”.
Görüş ərəfəsində Ermənistan XİN başçısı Z.Mnatsakanyanın səsləndirdiyi bəyanata gəldikdə, A.Nağıyev bunları söylədi:“Əgər bu bəyanat Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Patruşevin səfəri vaxtı səsələndisə, deməli, heç də təlimatsız məsələ deyildi. Rusiya ATƏT-in Minsk Qrupunun üzvü olan mühüm bir dövlətdir və bu bəyanatlara, təəssüf ki, ciddi cavab vermədi. Həmişə olduğu ki, yenə də ikili yanaşmanın şahidi olduq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu dedi ki, Patruşevin hər hansı ölkəyə səfəri həmişə çoxsaylı suallar doğurur: “Çünki birincisi, Patruşev Rusiya Təhlükəsizlik Şurasının katibidir. İkincisi də Putinin ən yaxın ətrafına daxildir, dostlarından biridir, onun açıq və gizli tapşırıqlarını yerinə yetirir. Bakıya da bir neçə dəfə gəlib. İrəvana səfəri ilə bağlı onu demək olar ki, yəqin Putinin hansısa mesajlarını Paşinyan hökumətinə çatdırıb. Rusiya hakimiyyətinin Ermənistanın indiki baş nazirinin siyasəti ilə bağlı müəyyən sualları var. Putinin dostu, Robert Köçəryan hələ də həbsdədir. Bundan əlavə, ola bilsin Paşinyanın ”Dağlıq Qarabağ Ermənistandır" bəyanatı Rusiyada da müəyyən narahatlıq yaradıb. Çünki Rusiyada anlayırlar ki, bu bəyanata Azərbaycanın çox kəskin reaksiyası olacaq, hətta lokal toqquşma ehtimalı da var. Ola bilsin Patruşev bu məsələyə də aydınlıq gətirməyə çalışıb".