Ağ Evin Cavad Zərifə - sanksiyasının arxasındakı nüans
Tramp İran hökuməti ilə nədən danışmaq istəməyib, təmsilçisini “mühafizəkar” qanadla görüşdürür?
Yenixeber.org: ABŞ hökuməti İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi sanksiyalar siyahısına daxil edib. Cavad Zərifin sanksiyalar siyahısına salınacağı bir neçə ay əvvəldən məlum idi. ABŞ administrasiyasının yüksək çinli nümayəndələrindən biri jurnalistlər üçün brifinqdə deyib ki, Cavad Zərifin diplomatik imici saxtadır: “Zərif İran rejiminin beynəlxalq ictimaiyyət qarşısındakı simasıdır və o, Tehranın nüvə proqramına dəstək, ballistik raket yaradılması və terror şəbəkələri üçün təbliğat və dezinformasiya aparılmasında öndə gedir”.
Ağ Ev rəsmisi onu da əlavə edib ki, ABŞ İranın XİN rəhbərini fəal dialoq aparılmasında tərəfdaş hesab etmir və danışıqların daha yüksək vəzifəli şəxslə aparılmasını istəyir.
Eyni zamanda ABŞ-ın maliyyə naziri Steven Mnuçin yaydığı yazılı açıqlamada qeyd edib ki, Cavad Zərif İranın dini liderinin planlarını həyata keçirir və rejimin dünyadakı əsas sözçüsüdür:“ABŞ İran rejiminə son günlərdəki davranışlarının tamamən qəbuledilməz olduğu mesajını göndərir”.
Cavad Zərif ABŞ administrasiyasının ona qarşı sanksiya tətbiq etməsinə cavab verib. Twitter statusunda Zəif ona qarşı sanksiyaların əsas səbəbinin ABŞ hökumətinin onu özünə təhlükə olaraq görməsi olduğunu yazıb: “Sanksiyaya məruz qalmağımın başlıca səbəbi mənim İranın dünyada əsas nümayəndəsi olmağımdır. Bu həqiqətən belə ağrılıdır? Bu nə mənə, nə də ailəmə təsir etmir”.
C.Zərif qeyd edib ki, İran hüdudlarından kənarda onun və ya ailəsinin adına olan hər hansı əmlak və ya vəsait yoxdur.
İran prezidenti Həsən Ruhani isə ABŞ hökumətinin Zərifi sanksiya siyahısına daxil etməsini tənqid edərək ABŞ-ın özünü “uşaq kimi” apardığını qeyd edib. İran prezidenti qeyd edib ki, bu qərar Vaşinqtonun rasional düşünmə gücünü itirdiyini göstərir.
Qeyd edək ki, İran XİN rəhbəri 1980-ci illərdə ABŞ-da universitet təhsili alıb, siyasi dairələrlə əlaqələri var. 2018-ci ilin mayında ABŞ prezidenti İranla nüvə anlaşmasından çıxanda Cavad Zərif Nyu-Yorkda ABŞ-ın nüfuzlu düşüncə mərkəzi Xarici Əlaqələr Şurasında çıxış etmişdi. Bir neçə gün əvvəl də Nyu-Yorkda olan İran XİN rəhbəri burada çıxışlar etmiş, eləcə də ABŞ telekanalına müsahibə vermişdi. Həmin vaxt ABŞ dövlət katibi Mayk Pompeo şikayətlənmişdi ki, Cavad Zərif rahat şəkildə ABŞ-a səfər edib müsahibə verə bilsə də, onun Tehrana səfərinə İran hakimiyyəti icazə verməyib. Buna cavab olaraq İran XİN Pompeonun İranın rəsmi dövlət telekanalı olan “PressTV”-nin bu ilin əvvəlində ABŞ-da saxlanılan əməkdaşı Mərziyə Haşimiyə müsahibə verə biləcəyini bildirib. Belə görünür ki, indi artıq Zərifin ABŞ-da hərəkət etməsi rahat olmayacaq. Çünki sanksiya qərarına baxmayaraq BMT toplantısında iştirak etmək üçün Zərif ABŞ-a gedə biləcək, ancaq onun hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq.
Cavad Zərifə qarşı sanksiya qərarına ABŞ-dan da etiraz gəlib. APA-nın məlumatına görə, ABŞ Senatının hüquq komitəsinin baş demokratı Dayenn Faynstayn yazılı açıqlama yayaraq ABŞ administrasiyasının Cavad Zərifə qarşı sanksiya tətbiq etməsini yanlış qərar adlandırıb.
Sitat: “Administrasiyanın bu gün İranın xarici işlər naziri Cavad Zərifə qarşı sanksiya tətbiq etməsi səhv qərardır. Mən Zəriflə 15 ildən çoxdur tanışam. Doğrudur, onunla fikirlərimiz üst-üstə düşməyib, ancaq o həmişə ixtisaslı diplomat olub”, - senator belə deyib.
Onun sözlərinə görə, Trampın addımı rəsmi Tehranın masa arxasına qayıtması imkanlarını məhdudlaşdırır: “Qərar bizi sülhə yaxınlaşdırmır, onsuz da gərgin olan vəziyyəti daha da sərtləşdirir”.
“İranla uzunmüddətli diplomatik nizamlanma əldə etməyin yeganə yolu danışıqlar aparmaqdır, onun yüksək vəzifəli şəxslərinə qarşı sanksiya tətbiq etmək çıxış yolu deyil”, - deyə senator əlavə edib.
Cavad Zərif 2015-ci ildə imzalanmış nüvə anlaşmasının əsas memarı hesab olunur. ABŞ hökumətinin son qərarı faktiki olaraq diplomatik kanalları qapadır. ABŞ administrasiyasının Zərifi danışıqlar üçün səlahiyyətli şəxs hesab etməməsi isə dini liderin daha üstün güc olmasına işarədir. Lakin o da var ki, İranın xarici ölkələrlə diplomatik danışıqlarını xarici işlər naziri aparır - hər nə qədər prezidentdən üstün dini lider olsa da. Bu addım diplomatik danışıq imkanlarını məhdudlaşdıracaq. Ancaq güman ki, sanksiyalar Zərifin fəaliyyətinə ciddi təsir etməyəcək.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı mediası ötən həftə ABŞ respublikaçı senatoru Rand Paulun Müdafiə Nazirliyi və Dövlət Departamentinin iki əməkdaşı ilə birlikdə Tehrana səfər etdiyini yazıb. Ərəb mediasının iddiasına görə, Tehrana gələn Paul burada ali dini liderin ofisində və Sepah qərargahında yüksək rütbəli rəsmilərlə görüşlər keçirib.
Bundan sonra ABŞ-a qayıdan Paul burada prezident Tramp tərəfindən qəbul olunub. İddialara görə, amerikalı senator İranda yalnız nüvə proqramı deyil, həmçinin ballistik raket proqramı və həmçinin İranın Yaxın Şərqdəki silahlı qruplara dəstəyi mövzularını da müzakirə edib.
Trampın Cavad Zəriflə bağlı qərarı iki məqama işarə sayıla bilər. Birincisi, Rand Paulun səfəri uğursuz olub və amerikalılar iranlılarla danışıqlara artıq ehtiyac görmürlər. İkincisi idə ABŞ administrasiyası rəsmisinin dediyi kimi, Zərif həlledici fiqur deyil, amerikalılar artıq istəyəndə dövlətin birbaşa qərarverici orqanları ilə təmas qura bilir.
Eyni zamanda qəribə də olsa, Paulun məhz Tehranda dini liderin ofisi və generallarla danışıqlar aparması, Tehran yaxınlığında hərbi aerodroma gəlməsi göstərir ki, Tramp administrasiyası İranda prezident və hökuməti idarə edən “islahatçı” qanadla deyil, daha sərt xətt tərəfdarı olan, dini lider və Sepah kimi “mühafizəkar” qanadla danışıqlar aparır. Halbuki Obama hökuməti “islahat” qanadı ilə danışıqlar aparırdı. Yeri gəlmişkən, amerikalı demokrat senatorun açıqlaması da bu mənada diqqət çəkir. Belə anlaşılır ki, Tramp administrasiyası İranın “islahatçı” hökuməti ilə deyil, Yaxın Şərqdə hərbi-siyasi kursu aparan, nüvə və ballistik raket proqramını idarə edən Sepah generalları və dini liderin ofisi ilə danışmağa üstünlük verir.