Paşinyana verilən vaxt bitib: "Dolğun danışıqlar" niyə nəticə vermir?
Yenixeber.org: "Atlas” Araşdırmalar Mərkəzi xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyanın məşhur “Kommersant” qəzetinə verdiyi müsahibəni təhlil edib.
Təhlildə bildirilir ki, Elmar Məmmədyarov Ermənistanla danışıqların bəzi detallarına toxunub:
"Birincisi, Məmmədyarovun müsahibəsindəki sözlərindən aydın olur ki, rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyana düşünmək üçün vaxt vermişdi və həmin vaxt artıq bitib. Məmmədyarov əvvəllər rəsmi Bakının Ermənistanın yeni hakimiyyətinə müəyyən ümidləri olduğuna da diqqət çəkib. Ancaq münaqişənin həllində irəliləyiş yoxdursa, deməli, Paşinyan da özündən əvvəlki prezidentlər - Robert Köçəryan və Serj Sarkisyan kimi Azərbaycanla sülh olmadan da yoluna davam edəcəyini düşünür. Paşinyan bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanla sülhün vacibliyi haqqında düşünmür. İkincisi, Məmmədyarovun sözlərindən o da aydın olur ki, il başlayandan erməni həmkarı ilə iki dəfə görüşməsinə baxmayaraq, Ermənistan rəsmiləri münaqişəni alovlandıracaq açıqlamalarından çəkinmirlər. Məmmədyarovun müsahibəsindəki bu cümlə diqqəti çəkir: “Ötən il həm danışıqlar baxımından dolğun, həm də ziddiyətli oldu”. Yəni, Məmmədyarovun bu fikri dolğun danışıqların nəticə vermədiyinə işarədir".
Təhlildə qeyd olunub ki, Paşinyan Azərbaycanda həbsdə saxlanılan erməni hərbçilərin taleyinə biganədir:
"Üçüncüsü, Məmmədyarov əsirlərin dəyişdirilməsində "hamının hamıya” prinsipinin işləmədiyini bildirib. Çünki Paşinyan Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlı girovu ermənilərlə dəyişmək istəmir. Bəlkə də, Paşinyan rəsmi Bakının təklif etdiyi “hamının hamıya” prinsipinə razılaşardı. Ancaq Qarabağ separatçıları onun istəyi ilə iki azərbaycanlını azad etməyəcəklər və bu onun imicinə mənfi təsir edəcək. Digər tərəfdən Paşinyan belə bir istəyi səsləndirsə, Qarabağ separatçıları və Qarabağ klanı ilə arasındakı münasibətləri daha da gərginləşdirəcəyindən qorxur".
Təhlildə vurğulanıb ki, “humanitar məsələlərin həlli” ilə bağlı əldə olunan razılaşmalar işləmir:
"Dördüncüsü, Elmar Məmmədyarov da razılaşmaların işləmədiyini qəbul edir. O, münaqişənin həlli prosesinə başlamadan iki xalq arasında inam atmosferinin yaradılmasının mümkün olmadığını bildirib. Maraqlısı budur ki, bir müddət əvvəl Azərbaycanın xarici işlər naziri erməni həmkarı ilə “humanitar məsələlərin həlli” bəndinə razılaşmışdı. Onsuz da bu razılaşma işləmir. Çünki hər razılaşmadan sonra atəşkəs pozulur və bu hal bütün razılaşmaların üstündən xətt çəkir".