ƏN YENİ TARİXDƏ ANALOQU OLMAYAN ANKARA-VAŞİNQTON QARŞIDURMASI:Ərdoğan Amerikanın hər bir zərbəsinə zərbə ilə cavab verir – Təhlil
Stanislav Tarasov
regnum.ru, 01.05.2019
Ankarada gözləyirdilər ki, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğanı bütünlükdə ikitərəfli münasibətlərdəki problemləri və özəlliklə türklərin Rusiyanın S-400 zenit raketi komplekslərini alması haqda Vaşinqtona müzakirəyə dəvət edəcək.
Yenixeber.org: Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu qabaqlar NATO ölkələrinin yubiley sammitinə qatılmaq üçün Amerika paytaxtına səfərdən sonra özəlliklə belə bir açıqlama ilə çıxış edib: “Trampın özü boynuna aldı ki, ABŞ Türkiyəyə “Patriot” kompleksini satmaqdan imtina etməklə səhv buraxıb və Ərdoğana söz verdi ki, bu məsələ ilə məşğul olacaq, eyham vurub ki, Ankara F-35 qırıcılarını hələ də ala bilər”.
Ərdoğan S-400-ün F-35 qırıcılarına təsirini dəyərləndirə biləcək birgə işçi qrupunun yaradılmasını amerikalılara təklif edərək bu süjet xəttini davam etdirmək qərarına gəlib. Yada salaq, Pentaqon qorxur ki, “F-35-lərin S-400 qurğularının yaxınlığında istismarı Moskvaya ən çağdaş Amerika qırıcısı haqda informasiya toplamaq imkanı verər”. Amma Ərdoğan belə də Trampın dəvətini səbirsizliklə gözləməyib və özü onunla telefon bağlantısına girib. Bütün əlamətlərə görə, söhbət sərt alınıb. Birincisi, çünki işçi qrup yaratmaq üçün təşəbbüs ABŞ tərəfdən gözlənilən reaksiyanı doğurmayıb. İkincisi, Ərdoğan Ağ Evin başçısıyla söhbətdən sonra bildirib ki, “Türkiyə müdafiə sahəsində qərar məcburiyyətini nə indi, nə də gələcəkdə qəbul edəcək”. Bu bildirir ki, Ankaranın Trampın hansısa “özəl fikrinə”ümidləri bir iş görməyib. Parlament komitələrinin respublikaçı sədrləri Ceyms İnhof və Cim Riş və bu komitələrdəki baş demokratlar Cek Rid və Bob Menendes bu yaxınlarda “The New York Times”-da məqalə dərc edərək Ankaraya xəbərdarlıq ediblər ki, “Rusiyanın S-400 kompleksini alarsa, F-35 qırıcılarını almayacaq”.
Bundan savayı, ona göstəriblər ki, “əvəzolunmaz deyil” və “müdafiə ehtiyaclarına dair” məsələdə ABŞ və Rusiya arasında seçim etməlidir. Onlar habelə iyunda Türkiyəyə sanksiya tətbiq edilə biləcəyi haqda öz versiyalarını təklif etməkdən yana Pentaqonu Amerika-Türkiyə münasibətləri haqda hesabat təqdim etməyə çağırıblar. Bununla belə, Ərdoğan “Rusiya ilə sazişə yenidən baxıla bilməyəcəyini”, ola bilsin, “Rusiya kompleksləri tədarükünün tezləşdirilə biləcəyini” bildirməklə sərt reaksiya verib.
Sanksiyalara gəlincə, Ərdoğanın sözlərinə görə, “Türkiyə NATO üzvü olaraq ABŞ üçün təhlükə ifadə etmir və ona qarşı sanksiya tətbiq edilməməlidir”. O, eyni zamanda həmləyə keçərək bildirib ki, “Amerikanın F-35 qırıcılarının istehsalı və tədarükü proqramı Türkiyəsiz tam iflasa məhkumdur”. Doğrudan da, Pentaqon təsdiq edir ki, Ankaranın F-35 istehsalı proqramından çıxdaş edilməsi çətinliklərlə bağlıdır, çünki təyyarənin əsas hissələri bu ölkədə istehsal olunur, belə ki, Türkiyə detallarına alternativ axtarışı üçün zaman gərəkdir. Eyni zamanda, “Rosoboroneksport”un baş direktor müavini Sergey Ladıqinin məlumat verdiyi kimi, Rusiya və Türkiyə beşinci nəsil qırıcılar barədə müxtəlif, o cümlədən ən yüksək səviyyədə də məsləhətləşmələr aparır. Çavuşoğlu qabaqlar deyib ki, ABŞ F-35-in tədarükündən imtina edəcəyi halda Ankara ona əvəz tapar. O habelə əlavə edib ki, Amerika tərəfi “Patriot”u verməkdən imtina edərsə, Türkiyə S-400-ün alqısını davam etdirə bilər.
Bir sözlə, Türkiyə S-400 aldığına görə Ankaranın F-35-in yaradılması proqramından çıxarılması haqda Vaşinqtonun mövqeyi ilə bağlı Amerika-Türkiyə diskussiyaları manevrlərlə müşayiət olunur, Ankara Vaşinqtonun hər bir zərbəsini zərbə ilə cavablandırır. Amma bu gün Türkiyə-Amerika münasibətlərində baş verənlərin ən yeni tarixdə analoqu yoxdur. ABŞ Türkiyəyə münasibətdə “incə diplomatiya” üsullarından əl çəkib, onu açıqca alçaltmağa və qollarını burmağa çalışır. Söhbət təkcə Rusiyanın S-400 sistemlərinin alqısından getmir. Türkiyə poladı və alüminiumuna sanksiyalar, habelə rüsumlar tətbiq olunub ki, bu da Türkiyə iqtisadiyyatına ciddi ziyan vurur. Ərdoğan bütün bunları “arxadan zərbə”adlandırır. Yəni NATO üzvü Türkiyə ABŞ tərəfdən, demək olar, İran kimi xarici basqıya məruz qalır. “The New York Times”-ın bu yaxında yazdığı kimi, “Vaşinqtonu hətta Türkiyənin suverenliyinin özünə, Yaxın Şərqdə öz maraqları ilə bölgəsəl dövlət kimi önəminə məhəl qoymamağa itələyən səbəblər anlaşılmaz qalır”.
İstər kürd, istər İran qazının tədarükü və İran neftinin alqısı və ya Suriya tənzimlənməsi məsələsi olsun, Ankara və Vaşinqton heç bir məsələ üzrə həmfikir deyil. Bəzən duyum yaranır ki, ABŞ Türkiyəni yalnız birvariantlı qərar qəbul etmək durumuna salmağa çalışır.
Amerikalılar Türkiyə diplomatiyasını “ya – ya da” dilemması qarşısında qoyaraq ikitərəfli münasibətlrədəki problemləri kəskinləşdirmək, həmişə yüksəltməyə oynayaraq onu ənənəvi manevrdən məhrum etmək istəyirlər. ABŞ Türkiyənin ağrılı həddini belə yoxlamaq siyasəti ilə nə qədər dərinə getməyə hazırdır? Hələlik aydın deyil. Ankara bundan sonrakı fəaliyyət və qərarlarını götür-qoy edir.Tərcümə: Strateq.az