Nazirlərin Moskva görüşü: Bakıdan müharibə çağırışları
Rusiyanın Qarabağ danışıqlarında moderator rolunu oynaması nəyi dəyişəcək; deputatlar və ekspertlər danışıqların faydasız olduğunu deyir; hər iki ölkədə saxlanılan girovlarla ailə üzvlərinin görüşməsinə şərait yaradılması ilə bağlı ilkin razılıq əldə olunub
Yenixeber.org: Aprelin 15-də Rusiya paytaxtında Qarabağ danışıqlarının növbəti raundu baş tutub. Rusiya mətbuatının yazdığına görə, əvvəlcə görüş Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrovun arasında keçirilib.
Sonra isə ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov, Stefan Viskonti və Endryu Şofer, həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də müzakirələrə qatılıb.
Rusiya XİN-in “Qəbullar Evi”ndə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində müzakirələr aparılıb.
Görüşlə bağlı detallı açıqlamalar verilmir. Lakin öncədən bildirilirdi ki, Moskvadakı görüşdə martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşün yekunlarına dair qapalı məsləhətləşmələr aparılacaq. Bildirilir ki, hər iki ölkədə saxlanılan girovlarla ailə üzvlərinin görüşməsinə şərait yaradılması ilə bağlı ilkin razılıq əldə olunub.
Əksər ekspertlərin Moskva görüşündən xüsusi gözləntiləri yox idi. Amma görüşə nikbin yanaşanların da olduğunu unutmaq olmaz. Məsələn, politoloq Rüstəm Məmmədov teleqraf.com-a demişdi ki, görüşdə Qarabağın ətrafındakı 7 rayonun qaytarılması ilə bağlı razılaşma əldə oluna bilər: “Ermənistan torpaqlarımızı qaytarmasa, Azərbaycan müharibəyə gedəcək”.
R.Məmmədovun sözlərinə görə, Azərbaycanın açıq-aşkar müharibəyə hazır olduğunu bəyan etməsi Ermənistanı qorxudub: “Başa düşürlər ki, bunu çox uzatsalar, müharibə təhlükəsi Ermənistanın başının üstünü alacaq. Müharibə də olsa, Paşinyanın evi yıxılacaq. Ona görə də mütləq 7 rayonu qaytaracaqlar. Ancaq Dağlıq Qarabağ məsələsi hələ gündəmdə xeyli qalacaq. Çünki statusu müəyyən deyil. Qarabağın statusu ilə bağlı əlavə danışıqlar olacaq. Məntiqlə Qarabağın statusunun müəyyənləşdirilməsi uzaq illərin işidir”.
Xatırladaq ki, Avstriya paytaxtında keçirilən görüş Əliyev və Paşinyan arasında dördüncü görüş olsa da, ilk rəsmi danışıqlar idi. Bundan əvvəl dövlət başçıları Sank-Peterburq və Düşənbədə keçirilən (2018-ci ilin sentyabr və dekabrında-E.P.) MDB sammitlərində, həmçinin Davos Forumu (22 yanvar 2019-cu il-E.P.) çərçivəsində bir araya gəlmişdilər.
Əslində Vyana görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə telefon əlaqəsi yaradaraq, müzakirələr aparmışdı. Hətta Ermənistanın baş nazirinin mətbuat xidməti əvvəlcə telefon danışığında Qarabağ məsələsinin müzakirə olunduğunu xəbər versə də, sonradan rəsmi məlumata düzəliş edərək Vyanda danışıqlarının Putinlə müzakirə olunmadığı görüntüsünü yaratmağa çalışdı. Məsələnin Putin-Əliyev və Putin-Paşinyan müstəvisində müzakirəsindən sonra S.Lavrovun dövriyyəyə girərək əlahiddə müzakirələr təşkil etməsi təbii olaraq diqqət çəkir.
Politoloq Tofiq Abbasov da “Yeni Müsavat”a açıqlamasında perspektivlər bağlı pessimist olduğunu açıqladı:“Təmaslardan nəticə o zaman hasil ola bilər ki, Ermənistan sülhə hazırlığını bayağı sözlərlə deyil, əməlləri ilə təsdiqləsin. Hələ ki bizlər, vasitəçilər İrəvanın dağıdıcı bəyanatlarını eşidirik. Sülh istəyən tərəf ”yeni müharibə və yeni ərazi qazancları" şüarı ilə özünü ifadə etməz. Son günlər Paşinyan başda olmaqla, erməni rəhbərlər çox təhlükəli ideya və təkliflər irəli sürməklə münaqişəni bir qədər də müharibə həddinə yaxınlaşdırdılar. Vasitəçilər dinməsələr də, əslində gözəl anlayırlar ki, vəziyyəti gərginləşdirməklə arada xaos yaratmaq məhz İrəvanın səyləri ilə baş verir. Belə olduqda xarici işlər nazirlərinin görüşündən ümidləri doğruldan nəticə gözləmək sadəlövhlükdür". T.Abbasovun fikrincə, əgər “Lavrov planı” qüvvəyə minərsə, onda Ermənistan gərək münaqişə bölgəsindən öz qoşunlarını çıxarsın: “Ondan sonra sülh prosesinin reallaşmasına əməli zəmin yarana bilər. Düzdür, ”Lavrov planı" bütövlükdə təkmil sayıla bilməz, çünki o, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməyi nəzərdə tutmur. Amma o plan ərazi bütövlüyünün bərpasını da istisna etmir. Yəni ona əsasən mərhələli həll variantı gerçəkləşə bilər. Əvvəl 5 rayonun azad edilməsi, sonra köçkünlərin əzəli yerlərə qayıdışı, sonra kommunikasiya xətlərinin de-blokadası, ardınca digər 2 rayonun boşladılmasının müzakirəsi və tam azad olunması, nəhayət, Qarabağ ermənilərinin müvəqqəti statusunun müəyyənləşdirilməsi. Bunların hamısı həm də təhlükəsizlik tədbirlərinin paralel olaraq həyata keçməsini də aktual edir". Politoloq bildirdi ki, əgər rəsmi Moskva, bəyan etdiyi kimi, moderator rolunu üzərinə götürürsə, onda gərək işğalçı tərəfi məsuliyyətə cəlb etməkdən başlasın: “Çünki Ermənistanın daxilindəki vəziyyət qeyri-sabit olduğundan istənilən vaxt ön xətdə fors-major yarana bilər ki, bu da bütün sülhlə bağlı işləri sıfıra endirə bilər”. Politoloqun sözlərinə görə, hər halda, Moskva da artıq anlayıb ki, problemin asılı vəziyyətdə qalması Ermənistanın “xidmətidir” və buna qarşı düşünülmüş planın mövcudluğu kifayət etmir: “Lazımdır ki, Moskva İrəvanı dağıdıcılıqdan yayındırıb sağlam təfəkkürə tərəf çəksin. Prosesin də müqəddəratı bu məsələdən asılıdır”.
Deputat, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aqil Abbas hesab edir ki, xarici işlər nazirlərinin yox, müdafiə nazirlərinin görüşü keçirilməlidir: “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü 370-ci olar, yoxsa 375-ci?!. Düşünürəm ki, cavabım aydın oldu. Hesab edirəm ki, Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin görüşü lazım deyil. Ermənistan müdafiə naziri ilə Azərbaycanın müdafiə naziri səngərdə görüşməlidir. Bununla da məsələ həll olunar”.
Komitənin digər üzvü, deputat Elman Məmmədov isə modern.az-a deyib ki, Ermənistan tərəfi danışıqlar yolu ilə torpaqlarımızdan çıxmaq fikrində deyil: “Ermənistan tərəfinin sərsəm bəyanatları, radikal mövqeləri, işğalçılıq siyasətindən əl çəkmədiklərini nümayiş etdirmələri onu deməyə əsas verir ki, bunlar belə danışıqlarla torpaqlarımızdan çıxmaq fikrində deyillər. Əlavə olaraq müxtəlif səviyyələrdə bəyanatlar da verirlər ki, sülh naminə torpaq qaytarmaq məsələsi olmayacaq. Həmçinin həmsədr dövlətlər, müxtəlif səviyyəli beynəlxalq qurumların qeyri-səmimi mövqeyi erməniləri arxayın salır. Düşünürəm ki, biz daha da güclü olmalıyıq. Bu məsələdə kiməsə ümid etmək, hansısa qərara, qətnaməyə arxayın olmaq olmaz. Düşünürəm ki, son sözü Azərbaycan əsgəri deyəcək”.
Əksər müşahidəçilərin qənaəti budur ki, Moskvada nazirlərin görüşünün təşkili daha çox Dağlıq Qarabağ münaqişəsi ətrafında geosiyasi maraqlardan irəli gəlir. Ekspertlərə görə, Rusiya münaqişənin həllində təşəbbüsün əldən çıxmasını istəmir. Xüsusilə də nazirlərin görüşündə xalqların sülhə hazırlanması ilə bağlı razılaşmanın Moskvada deyil, Parisdə əldə olunmasından sonra S.Lavrovun fəallaşması, bunun ardınca Rusiya XİN-dən Azərbaycana yönəlik əsassız ittihamların irəli sürülməsini unutmamışıq. Vyana görüşündə isə liderlərin humanitar əməkdaşlıqla bağlı razılığa gəldiyi barədə iddialar səslənirdi. Bütün bu “irəliləyişlər” görüntü xatirinə olsa da, hər halda, Rusiyadan kənarda baş verib. Bu mənada Moskva görüşünü zərurətə çevirən ilk amil kimi Rusiyanın təşəbbüsü ələ almaq cəhdini vurğulamaq olar.
Bəzi şərhçilər Moskva görüşündən sonra cəbhədə hərbi toqquşmaların arta biləcəyini vurğulayırlar. Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov hesab edir ki, münaqişənin nizama salınmasında ictimai proses dalana dirənib, sadəcə olaraq, qeyri-kütləvi proses gedir. “Liderlərin və yüksək vəzifəli şəxslərin bəyanatları prosesin kiçik hissəsidir, ola bilər ki, onlar prosesin dalana dirəndiyi təəssüratını yaradırlar. Açıq mübahisə edir, bir-birinin mövqeyini qəbul etmir, bir-birinin yanaşmalarını rədd edirlər, lakin həm də görüşə razılaşırlar. Bu, o deməkdir ki, bizim bilmədiyimiz çağırışlar var. Vyana görüşü 3 saat davam edib və ola bilməz ki, bu müddətdə adi məsələlər müzakirə olunsun”, - deyə o bildirib.
Lakin Moskva görüşünün münaqişənin həlli istiqamətində aparılan danışıqlar yönünü dəyişdirmək ehtimalları da səsləndirilir. Ehtimallara görə, Sergey Lavrov “Lavrov planı” adını alan təklifləri yenidən tərəflərə təqdim edəcək, lakin bu dəfə yenilənmiş formada. İstisna deyil ki, Rusiya Azərbaycanı razı salmaq üçün ilkin mərhələdə 5 yox, daha çox rayonun qaytarılması təklifi ilə çıxış etsin, o cümlədən Ermənistanın Türkiyə və Azərbaycanla kommunikasiyaların qurulması işini öz üzərinə götürməyi təklif etsin.
Moskva görüşü ərəfəsində Ermənistan XİN başçısının Dağlıq Qarabağdakı qondarma qurumun “xarici işlər naziri” Masis Mailyanla İrəvanda görüşməsi və müzakirələri də danışıqlara təzyiq məqsədi daşıyırdı. Ermənistan danışıqların formatını dəyişməyə nail olmasa da, bununla Qarabağ erməniləri ilə “hesablaşdığı” görüntüsünü yaradır. Üstəlik, müdafiə naziri David Tonoyan danışıqlardan bir gün qabaq Azərbaycanla sərhədə gedərək səngərdən mövqelərimizə boylandı. Bütün bunlar İrəvanın “güc nümayişi” kimi qiymətləndirilə bilər, amma çətin ki, Azərbaycanın mövqeyinə təsir etsin. Çünki Bakının mövqeyi dəyişməzdir, bunu Lavrov da bilir.
Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə dedi ki, əvvəlcədən bu görüşdən heç bir sürpriz gözləmirdi: “Bu görüş də o birilər kimi problemi gələcəyə daşımaq cəhdindən başqa bir şey deyildi. Çünki Rusiya üçün münaqişənin həlli deyil, uzadılması sərfəlidir. Lavrovun planının Azərbaycan üçün xeyirli heç bir nəticə verməyəcəyini də təxmin edirəm. 5 və ya 7 rayonun qaytarılması da bugünkü şəraitdə real söhbət deyil, rayonların qarşılığında Azərbaycanın hansı güzəşti edəcəyi də düşündürücüdür. Bu barədə qəsdən heç nə danışılmır. Əslində Lavrov təklif edir ki, rayonların qaytarılması müqabilində Azərbaycan Dağlıq Qarabağda referendum keçirilməsinə razı olsun. Dəfələrlə bildirmişik ki, bu, baş verərsə, Azərbaycan Dağlıq Qarabağı de-yure itirmək təhlükəsi ilə üz-üzə qalacaq. Çünki Dağlıq Qarabağa Lavrovun planına görə hətta bütün azərbaycanlı qaçqınlar geri qaytarılsa, sayı 15 faizi keçməyəcək. Nəticə bəllidir. Bu halda belə bir plana necə razılıq vermək olar?” Q.Çaxmaqlı Moskva görüşünü Vyana danışıqlarının davamı hesab edir: “Məsələni sülh yolu ilə həll etmək, xalqları sülhə hazırlamaq hekayələri bir daha təkrar olundu. Ermənistan rəhbərliyinin tutduğu mövqedən baxsaq, bu görüşə bizim XİN rəhbəri heç getməməli idi. Yenə də deməli idi ki, gedin, Zakir Həsənovla danışın! Qarabağ məsələsində diplomatik fəaliyyət tükənib, sözü hərbi maşın deməlidir”.
İstisna deyil ki, S.Lavrov Rusiya görüşünün faydalı olduğunu diqqətə çatdırmaq üçün hansısa nəticəyə hesablanmış addımlara nail olsun. Əks təqdirdə, Paris və Vyana görüşlərində əldə olunan anlaşmalardan sonra baş tutan Moskva danışıqları mənasızlığı ilə seçiləcək. Bu mənada əsir və girovların dəyişdirilməsi ilə bağlı hansısa addımın atılacağını güman etmək olar. 5-7 rayonun qaytarılması gözləntisi təbii ki, inandırıcı görünmür. Amma heç olmasa Rusiya öz vətəndaşı olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinə töhfəsini versəydi, bunu Moskva görüşünün aktivinə yazmaq olardı...
Elşad PAŞASOY