ABŞ-ın Qolan təpələrini İsrail torpağı kimi tanıyan sənədi imzalamasından sonra bu məsələ bütün dünyada müzakirə mövzusuna çevrilib.
Yenixeber.org: "Haber7” saytının yazarı Taha Dağlı Qolan məsələsinin arxsındakı prosesləri qələmə alıb.
ABŞ prezidenti Qolanı Suriyadan alıb İsrailə verdi. İndi bir çox Əsəd sevdalısı deyir ki, “Türkiyə Əsədlə dərhal barışmalıdır”. Niyə? Çünki “Suriyanın ərazi bütövlüyünün qorunması üçün Türkiyə Əsədi dəstəkləməlidir”.
2011-ci ildən indiyə qədər Əsədlə barışma tezisini irəli sürənlər Qolanı səbəb kimi göstərərək, “indi tam zamanı” deyirlər. Yaxşı, 1981-ci ildə İsrail Suriya torpağı olan Qolanı ilhaq edəndə Bəşər Əsədin atası Hafiz Əsəd niyə səssiz qaldı?
Əsəd ailəsi 1967-ci ildən bəri Suriya torpaqlarının İsrailin əlinə keçməsində hansı rolunu oynadı?
Suriyalı müxaliflər bildirirlər ki, “Qolan İsrailə birbaşa Hafiz Əsəd tərəfindən verilib”. Ərəb dünyasında bu məsələ illərdir müzakirə olunur. Buna görə də Türkiyənin Qolan üçün Əsədlə barışması lazım deyil. Çünki Qolan işi başqa, Əsədin dərdi başqadır.
Bəşər Əsəd Rusiya ilə İran arasında sıxışandan sonra ruslardan umduğunu ala bilmədi və İrana üz çevirdi. Çünki Şamın iqtisadi vəziyyəti bərbaddır, Əsədin öz gələcəyi də sual altındadır.
25 fevralda Əsəd Qasım Süleymani tərəfindən təcili şəkildə Tehrana aparıldı. İran Əsədə maddi yardım etdi. Bunun qarşılığında da Şamdan geniş imtiyazlar aldı. 27 fevralda israilin baş naziri Benyamin Netanyahu Moskvada Putinlə görüşdü. İsrail və Rusiya Suriyada uzlaşma əldə etdi. Ortaq güc qurub Suriyadan xarici güclərin çıxarılması ilə bağlı razılaşma əldə etdilər, bu xarici güc İrandır.
Martın 18-də İranın baş qərargah rəisi ilə İraqın hərbi rəhbərliyi Şamda görüşdü. Suriya-İraq sərhədi olan Əbu Kamal qapısının açılmasına qərar verildi. İran İraq üzərindən Suriyaya girişini təmin edrək, Aralıq dənizinə dəhliz açmaq planını masaya yatırdı. Yəni İranın nəzarətindəki İraq şiə ordusu ilə Şam arasında körpü yaradıldı. Çünki İran enerji resurslarını bu marşrut üzrə Aralıq dənizinə çıxarmağı planlaşdırır. Martın 19-da isə Putin müdafiə naziri Sergey Şoyqunu Şama yolladı və Əsədə xəbərdarlıq etdi. Çünki Əsədin Tehranla razılaşmasında Rusiyanın nəzarətindəki Lazkiyə bölgəsinin İranın üzünə açılması məsələsi də var. İran İraq üzərindən Suriyaya girərək, Aralıq dənizinə çıxış əldə edəcəkdi. Əsəd də məcbur qalıb buna icazə verdi və rusları hirsləndirdi.
İndi Qolan ABŞ tərəfindən İsrail torpağı olaraq tanındı və belə görünür ki, bu, Əsədi çox da narahat etmir. İsrail İran və Hizbullah təhdidinə görə Qolan məsələsində israr edir. İranın dərdi isə Qolandan daha çox Şamın şimalından Aralıq dənizinə çıxmaqdır. Rusiya da Suriyada öz nəzarətindəki ərazilərin taleyini düşündüyü üçün Qolan məsələsindən kənar qaçır. Görünən budur ki, Suriyanın ərazi bütövlüyü nə Əsədin, nə də onun müttəfiqlərinin marağındadır.
Bundan sonra nələr olacaq?
İsrail İran-Hizbullah məsələsini əsas götürərək Qolan təpələrinə bağlı olan Kuneytra şəhərini də ələ keçirə bilər. Çünki bu şəhər Şama ən yaxın və strateji yerdir. Bu şəhər ABŞ-ın ən vacib hərbi bazalarının yerləşdiyi Al Tanf bölgəsinin də yaxınlığında yerləşir.(publika)