XAMENEİNİN SƏHHƏTİ VƏ GÜCLƏNƏN “VARİS İNTRİQASI”…-İranda ali dini lideri kim əvəz edəcək? - TƏHLİL
İslam İnqilabının 40 illik yubileyi İran üçün olduqca vacib bir məsələni yenidən gündəmə gətirir. Bu, dünyasını dəyişəcəyi təqdirdə ali dini lider Əli Xameneini kimin əvəzləyəcəyidir. İsrail və Qərb mətbuatında bu mövzuda yazılanların adətən spekulyativ xarakter daşımasına baxmayaraq, Xameneinin səhhətinin o qədər də stabil olmadığı heç kimə sirr deyil. Bu ilin iyulunda ali dini liderin 80 yaşı tamam olacaq.
Yenixeber.org: İran – hələ 50 yaşı tamam olmayan teokratiyadır. Qısa zaman kəsiyində İslam Respublikası çətin bir yol keçib. Bu illər ərzində ölkənin ali dini lideri cəmi bir dəfə – 1989-cu ildə İran İslam İnqilabının ideoloqu və simvolu Ruhulla Xomeyni həyatını itirəndə dəyişib. Həmin vaxt Əli Xamenei prezident postunu tuturdu. Onun ali dini lider postuna namizəd olması təbii idi.
Ruhulla Xomeyninin yaxın çevrəsində yer alan Xameneinin iranlılar arasında da kifayət qədər nüfuzu vardı. Məsələn, İraqla savaş dövründə parlamentin müdafiə məsələləri üzrə komitəsinin nümayəndəsi kimi tez-tez cəbhə bölgəsinə gedirdi.
“İran Xalqının Mücahidləri” təşkilatının ona nifrəti və sui-qəsd hazırlaması isə Xameneiyə ancaq xal qazandırırdı.
İranda rəhbərin səhhəti barədə məlumatlar gizli saxlanılsa da, bəzi şeyləri gizlətmək çətin olur. Yəqin bu səbəbdəndir ki, bir neçə il əvvəl İranın rəsmi KİV-lərində açıq şəkildə bildirilirdi ki, prostat xərçəngindən əziyyət çəkən ali dini lider əməliyyat keçirib.
Xamenei və Mahmud Şahrudi
Məlumatlara görə, ali rəhbərin müalicəsi uğurlu keçmişdi. Buna baxmayaraq, müşahidəçilər onun səhhəti ilə bağlı məlumatları diqqətlə izləyirlər. Jurnalistlər isə Ayətullahın köhnə şəkilləri ilə dövlət KİV-lərində yayılan son fotoları arasında maraqla müqayisə aparmağa davam edirlər.
Varis məsələsi İslam Respublikasında hələ də əsas daxili siyasi intriqa olaraq qalır. Xüsusən də 2018-ci ildəAyətullah Mahmud Haşimi Şahrudi ötən il 71 yaşında dünyasını dəyişəndən sonra.
Mahmud Şahrudi Dini Ekspertlər Şurasının sədri idi. Bir müddət Məsləhət Şurasının sədri vəzifəsini də tutmuş, 2017-ci ildə Əli Əkbər Haşimi Rəfsəncanidən sonra boş qalmış kürsüyə sahib olmuşdu.
Şahrudi uzun müddət Xameneini əvəz edəcək şəxs hesab olunurdu. Lakin bu hesablamanı aparanlar onun beynində şiş olduğunu və vəziyyətinin getdikcə ağırlaşdığını nəzərə almamışdılar. Deyilənlərə görə, Şahrudinin səhhətinin kəskinləşdiyi uzun müddət gizli saxlanılıb.
Dini Ekspertlər Şurası, ölümündən sonra Xameneinin yerini kimin tutacağını müəyyənləşdirməlidir. Bu orqanın fəaliyyət reqlamentinə (1982-ci ildə qəbul olunan, 2006-cı ildə düzəlişlər edilən) uyğun olaraq ora 88 üzv seçilir. Şuranın vəzifəsi həm ali dini lideri seçmək, həm İran İslam Respublikasının Konstitusiyasına müxtəlif düzəlişləri hazırlamaq, həm də zərurət (əsas qanunda göstərilən hallar) yaranarsa, ali rəhbərin mümkün istefasına dair qərar qəbul etməkdir.
Dini Ekspertlər Şurası ildə iki dəfə toplanır. Qapalı şəraitdə keçirilən bu toplantılarda ali dini liderin yürütdüyü xəttin doğru olub-olmadığı, gözləntiləri nə dərəcədə doğrultduğu müzakirəyə çıxarılır. Şuranın nəzdində daxili və xarici siyasət məsələlərinə cavabdeh olan 6 komissiya fəaliyyət göstərir.
Üzvlər arasında çoxluğu mühafizəkar qoldan olan xadimlər təşkil edir. Bu isə o deməkdir ki, Xameneinin ölümündən sonra hazırkı prezident Həsən Ruhaninin ali dini rəhbər seçilmək şansı yoxdur. Təbii ki, bu vəzifəyə namizədliyini verərsə.
Deyilənlərə görə, Ruhaninin ali dini lider postuna seçilmək kimi ambisiyası var. Lakin nəzərə alınmalıdır ki, şurada təmsil olunan Əli Əkbər Haşimi Rəfsəncaninin ölümündən sonra Ruhani bu mübarizədəki vacib müttəfiqini itirmişoldu. Rəfsəncani din xadimlərini islahatçılar fraksiyasının təmsilçisi Ruhaninin namizədliyini dəstəkləməyə yönləndirə bilərdi.
Unutmaq olmaz ki, İran İslam Respublikasında ali dini lider müxtəlif siyasi fraksiyalar arasındakı qarşıdurmada arbitr rolunu oynayır. Ekspert çevrəsində deyildiyi kimi, rəhbərin seçilməsi ilə bağlı yaranan istənilən problem və ya ziddiyyət daxili siyasi mübarizədə eskalasiyaya gətirib çıxara bilər. Və etiraz potensialı onsuz da yüksək olan ölkədə hakimiyyət əleyhinə çıxışlara təkan verər…Tərcümə: Strateq.az