TRAMP ABŞ HƏRBÇİLƏRİNİ SURİYADAN ÇIXARMAĞA NİYƏ QƏRAR VERDİ? –Yeni plan, yoxsa növbəti avantüra?
Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 29 dekabr 2018-ci il
Yenixeber.org: Prezident Tramp, heç kimlə məsləhətləşmədən, ölkənin bütün milli təhlükəsizlik strukturunu çaşdıran Suriyadan hərbçilərin geri çəkilməsi haqqındakı qərarını açıqlayınca, bütün dünyada “Bu, yeni gizli ABŞ planının olması səbəbiləmi oldu?” şübhəsi yarandı və hər kəs, mən də daxil olmaqla, bu yeni planın nə olduğunu araşdırmağa başladıq.
Həm yeni il tətilində Vaşinqtonda qalanlarla, həm də ailələrinin yanına gedənlərlə danışaraq, təhlil qabiliyyəti güclü olan hər kəslə fikir alış-verişi edərək, elə hesab edirəm ki, sonunda bu suala axtardığım cavabı tapdım.
Ortada yeni bir ABŞ planı, yeni bir strategiya yoxdur. Baş verən bütün hadisələr bu prezidentin idarəçilik üslubu, spontan hərəkət edərək, insanları çaşdırmaqdan zövq alması ilə izah edilə bilər.
Çərşənbə gecəsi onun həyata baxışını, idarəçilik fəlsəfəsini açıqlayan bir hadisəyə də şahid oldum.
Təsadüfən şahid olduğum hadisə
Səhər Pentaqondakı dostumla danışarkən mənə “Sən heç kilsələrdəki gecəyarısı ayinlərinə şahid oldunmu?”deyərək, sual etdi. Belə şeylərlə elə də maraqlanmadığımı söylədim, lakin o, “Bir dəfə olsa da, mütləq görməlisən, çox maraqlı və rəngarəng keçir. Mən bu gecə gedəcəm, istəsən, birlikdə gedə bilərik” dedi.
Etiraf etməliyəm ki, gecə bir yerə getmək planı ilə bağlı ağlıma heç gəlməyəcək bir şey təklif edirdi. “Heç olmasa, bir baxım” deyərək, təklifi qəbul etdim.
Gecə kilsəyə getdikdə salonun xeyli dolu olduğunu gördüm. Bir müddətdən sonra, ayin başlamışkən Prezident Tramp həyat yoldaşı Melania ilə birlikdə kilsəyə girərək, ortalarda bir yerdə oturdu.
Salonda heç bir təhlükəsizlik tədbiri, mühafizəçi, polis və s. yox idi.
Böyük ehtimalla, Tramp, anidən, daxilindən gəldiyi kimi hərəkət edərək, mühafizəyə belə xəbər vermədən Ağ Evdən çıxaraq, kilsəyə gəlmişdi. Təbii, daha sonra mühafizə qrupları gəldilər, lakin o zaman aralığında hər şey ola bilərdi.
Dostum mənə “Əslində, baş verən bu hadisə Prezidentin Suriya haqqında qərarı da necə aldığını göstərir”dedi. Birdən ağlına gəlir, öz ağlına yatırsa, reallaşdırır. Onun üçün işləyənlər çaşsalar da, sonradan ona yetişməyə çalışırlar.
Suriya ilə bağlı qərar veriləndə də milli təhlükəsizlik sahəsində çalışan kadrlar son dəqiqəyədək belə bir şeyin olacağını bilmirdilər.
Sonra baş verənləri bilirsiniz – o, qərar verdi və açıqladı. Ardınca istefalar gəldi, şoklar yaşandı. Və ABŞ baxımından, Suriyada böyük bir boşluq yaradıldı.
Trampın bu davranışı Türkiyəni də çaşdırdı, ancaq bizim baxımımızdan bir çox faydalı durum da yaratdı. Lakin burdakı bəzi ekspertlər yaranmış yeni durumun, Türkiyənin lehinə olmasına rəğmən, bəzi təhdidlər daşıya biləcəyini də söyləyirlər.
Con Boltonu tanıyaq
Milli təhlükəsizliyə cavabdeh olan vəzifəli şəxslər qərar qəbulu prosesindən kənarda saxlandılar, şok yaşadılar, lakin indi yaranmış yeni durumu öz lehlərinə çevirmək üçün çalışmağa başlayırlar.
Məsələn, mənə Türkiyəyə gələcək nümayəndə heyətinə rəhbərlik edəcək Milli təhlükəsizlik müşaviri Con Boltonnümunə olaraq anladıldı.
Con Bolton tam İsrail tərəfdarı, İrana qarşı olan şahinlərdən biridir. Prezident Ərdoğandan da çox xoşu gəlmir.
Suriyada yaranmış yeni durumda Bolton, “Görəsən, Suriyada Türkiyəni İran və Rusiya ilə qarşı-qarşıya gətirmək üçün fürsətlər yaradıla bilərmi?” deyərək, düşünməyə başlayıb. Bunu Pompeo da edir.
Türkiyə, təbii ki, onların tələsinə düşən deyil, lakin yenə də istədim ki, baş verən hadisələri bilək.Tərcümə Strateq.az-ındır