İRANA QARŞI ŞİMALİ KOREYA TAKTİKASI…-Tramp yeni nüvə sazişi üçün Tehranı niyə razı sala bilmir?
Donald Tramp yeni nüvə sazişi ilə bağlı İranı danışıqlara getməyə məcbur qoymaq istəyir. ABŞ prezidenti Şimali Koreya liderinə qarşı istifadə etdiyi taktikanı işə salıb. Lakin ekspertlər əmindilər ki, İran İslam Respublikasına qarşı bu təzyiq taktikası işləməyəcək.
Yenixeber.org: Tramp bəyan edib ki, heç bir ön şərt qoymadan İran lideri Həsən Ruhani ilə görüşməyə hazırdır. “Mən istənilən adamla görüşə bilərəm”, – deyə ABŞ prezidenti Ağ Evdə İtaliya baş naziri Cüzeppe Konti ilə birgə keçirdiyi mətbuat konfransında bildirib: “İnsanlarla danışmaq lazımdır. Xüsusən də söhbət insanların ölümündən gedirsə”.
Tramp xatırladıb ki, Şimali Koreya lideri Kim Çen İnlə apardığı danışıqlar sayəsində bir çox müsbət hadisə baş verib: “Məsələn, artıq 8 aydır ki, Şimali Koreya raketlərini işə salmır. Eyni zamanda mənim Rusiya prezidenti Vladimir Putinlə də çox yaxşı görüşüm olub”, – deyə Tramp əlavə edib.
Öz növbəsində ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, əgər İran hökuməti öz xalqına qarşı münasibəti fundamantal şəkildə dəyişmək niyyətində olduğunu, yeni nüvə sazişinə (nüvə silahının yayılmasının qarşısını alan) hazır olduğunu nümayiş etdirsə, o zaman da prezident Tramp onlarla dialoq aparacaq.
Tramp və Konti
Pompeo bundan əvvəl də bəyan etmişdi ki, 12 tələbin icra olunacağı təqdirdə ABŞ İranla yenidən dialoq qura bilər.
Bu şərtlərə görə İran özünün hərbi və nüvə proqramı üzrə apardığı fəaliyyətinin bütün detallarını Beynəlxalq Atom Enercisi Agentliyinin ixtiyarına verməli, agentlik müfəttişlərinin istənilən vaxtda hərbi və nüvə təsisatlarına baxış keçirməsinə şərait yaratmalıdır.
İran, uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmalı, heç vaxt pluton emalı ilə məşğul olmamalı, ağır su təsisatlarını qapatmalıdır.
İran, nüvə başlıqları daşımağa qadir olan ballistik raketlərin istehsalını dayandırmalı, nüvə silahı istehsalı üzrə apardığı əvvəlki proqramların məzmununu açıqlamalı, terrorizmə, o cümlədən də “Həmas”, “Hizbullah” və “İslam cihadı” kimi terrorçu qruplaşmalara dəstəyinə son qoymalıdır.
İran bölgədə, xüsusən də Yəməndəki şiə yaraqlılarına dəstəyini dayandırmalı, öz hərbi hissələrini Suriyadan çıxarmalı, Əfqanistanda “Taliban”a və digər terrorçu qruplaşmalara dəstəyindən əl çəkməlidir.
İran “Əl-Qaidə” terror təşkilatının rəhbərlərinə və onun komandirlərinə ev sahibliyi etməkdən əl çəkməli, region ölkələrinə, o cümlədən də öz qonşularına qarşı təhdid siyasətinə son qoymalıdır.
İran həmçinin bu ölkədə həbsdə saxladığı bütün Amerika vətəndaşlarını azadlığa buraxmalı, kiberhücumlarını dayandırmalıdır.
Eyni zamanda, ABŞ-ın regiondakı əsas müttəfiqləri olan İsrail, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanının ünvanına bütün təhdidləri dayandırmalıdır.
Həsən Ruhani isə bu şərtlərin qəbuledilməz olduğunu bildirib.
İrana qarşı güclü sanksiyalar tətbiq etmək üçün Tramp bu ilin mayında İranla imzalanmış nüvə sazişindən çıxdı. Bu sanksiyaların hədəfi başqa ölkələrin İran neftini almaqdan imtina etməsini təmin etmək idi.
İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. ABŞ-ın keçmiş prezidenti Barak Obama dövründə əldə edilən razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina etməli, qarşılığında isə sanksiyalar tədricən ləğv olunmalı idi.
İyulun 30-da ABŞ Milli Təhüləksizlik Şurasının nümayəndəsi Harret Markizbir daha bəyan etdi ki, Tehranın siyasətində nəzərəçarpacaq və qalıcı dəyişikliklər olmadan ABŞ heç bir sanksiyanı ləğv etməyəcək, diplomatik və kommersiya münasibətlərini də bərpa etməyəcək. Əksinə sanksiyalar daha da güclənəcək.
Buna cavab olaraq İran Prezident Adminstrasiyası rəhbərinin müavini Həmid Abutalebi Ruhaninin Trampla hansı şərtlə görüşə biləcəyini açıqladı. Bu şərtlər böyük İran xalqına hörmət olaraq hərbi fəaliyyətin məhdudlaşdırılması və 2015-ci ildəki nüvə sazişinə qayıdışdır.
Son vaxtlar ABŞ və İran administrasiyaları arasında savaş ritorikası güclənib. Bir həftə əvvəl Tramp “Tvitter diplomatiyasından” istifadə edərək İranı tarixi boyu görmədiyi nəticələrlə hədələyib.
Lakin bir neçə gün sonra Tramp öz ritorikasını yumşaldaraq bildirdi ki, real nüvə sazinə nail olmağa hazırdılar. Keçmiş saziş isə fəlakət olub.
Bu, nüvə sazişi ilə bağlı danışıqlar aparmaq üçün Trampın ilk belə cəhdi deyil. Bundan əvvəl də İran rəsmisi bildirmişdi ki, Tramp administrasiyasından iki liderin görüşü ilə bağlı 8 dəfə təklif gəlib.Onlardan biri də BMT Baş Assambleyasının ötən il baş tutan sessiyası zamanı olub. Lakin bu təkliflərin hamısı İran tərəfindən rədd edilib.
Ekspertlər deyir ki, İran məsələ ilə bağlı sərt mövqe tutur və yeni nüvə sazişinə razılıq verməyəcək. Bunun isə ən azı iki səbəbi var.
Birincisi, yeni sazişin şərtləri onları qane etmir. İkincisi də, hazırda İrandakı daxili siyasi mübarizə rəsmi Tehranı çətin vəziyyətə salıb. Ruhaninin opponentləri hesab edirlər ki, 2015-dəki nüvə sazişi qaneedici deyil.
Belə ki, İran çox şey verir, əvəzində az alır. Əgər avropalılar da sazişdən çıxarsa, İran prezidentinin oppoenetləri ona heç bir yeni sənəd imzalamağa imkan verməyəcəklər.
Strateq.az