3 ton heroin işi davam edir
İstintaq və həbslər başlayıb!
Gömrükçülər 150 milyonluq “yük”ü 5 min dollar dəyərləndirib, 8 min dollar “rüsum” alıblar!
"Xeberinfo.com": İyulun 11-də Gürcüstan ərazisində tutulan 3 ton heroin işində şok yenilik var – əməliyyat Azərbaycan ərazisinə sıçrayıb! Bu barədə AzPolitika.info Azərbaycanın hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat verir.
Xatırladaq ki, iyul ayının 12-də Gürcüstan polisi yük maşınında üç ton maye heroin aparan iki nəfəri saxladığı barədə məlumat yayıb. DİN bu qədər böyük miqdarda narkotikin tutulmasını “presedentsiz hadisə” adlandırıb.
Müəyyən edilib ki, iki Gürcüstan vətəndaşı Azərbaycandan Türkiyəyə gedirmiş. Avtomobilə baxış zamanı 30 litrlik 93 qabda maye narkotik aşkarlanıb.
Kriminalistlərin məlumatına görə, narkotik maddənin 80 faizi xalis heroindən ibarətdir. Onun bazar qiyməti 100 milyonlarla dollar təşkil edir.
Beynəlxalq aləmin diqqətini cəlb edən bu hadisənin üzərindən xeyli vaxt keçsə də, Azərbaycan hökuməti, o cümlədən Dövlət Gömrük Komitəsi və Sərhəd Xidməti 3 ton heroinin Azərbaycan sərhədindən necə keçdiyinə dair ictimaiyyəti inandıra biləcək izahat verməyiblər. Hadisədən 1 gün sonra narkotik maddənin Gürcüstan ərazisinə Ermənistandan keçirildiyi haqda məlumat dövriyyəyə buraxılsa da, Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) bu məlumatı təkzib etdi və “malın” Azərbaycan vasitəsilə ölkəyə gətirildiyini bir daha bəyan etdi.
Bundan sonra təxminən 150 milyon dollar dəyərində olan heroinin Gürcüstanda tutulması əməliyyatından Azərbaycan tərəfinin məlumatlı olduğu barədə xəbərlər yaydırıldı. Hətta iddia edildi ki, Gürcüstanın daxili işlər naziri əməliyyatdan Azərbaycan tərəfinin məlumatlı olduğunu bildirib. Yəni, guya Azərbaycan “mal”ı əməliyyat çərçivəsində sərhəddən buraxıb. Ancaq bu məlumat da təsdiqini tapmadı. Hər halda Gürcüstan mediasında, eləcə də bu ölkənin DİN-nin rəsmi internet səhifəsində məlum əməliyyat barədə yerləşdirilən xəbərlərdə Azərbaycan tərəfinin məsələdən məlumatlı olduğu barədə qeyd yoxdur.
Əvəzində “Azadlıq” qəzeti bu yaxınlarda 3 ton heroinin tutulması əməliyyatını Amerika kəşfiyyatının Gürcüstan hüquq-mühafizə orqanları ilə birgə həyata keçirdiyi xəbərini yaydı.Hətta bu məlumatda iddia edilirdi ki, heroinin Azərbaycan ərazisində hərəkəti, o cümlədən məxfi bir yerdə saflaşdırılması əməliyyatı ABŞ kəşfiyyatı tərəfindən lentə də alınıb…
Azərbaycanın hüquq-mühafizə orqanları isə üzərindən bir aydan artıq müddət keçsə də, 3 ton heroin işi ilə bağlı susmaqda davam edirlər.
Lakin mötəbər mənbələrdən AzPolitika.info-ya verilən bilgiyə görə, bu susqunluq zahiri görüntüdür, əslində isə 3 ton heroinin Azərbaycan ərazisinə necə daxil olması və çıxarılması ilə bağlı çox ciddi istintaq başlayıb. Bizə verilən məlumata görə, onlarla adam istintaqa cəlb olunub, xeyli saxlanılanlar var. Yollarda quraşdırılmış müşahidə kameralarının incələnməsindən sonra “yük” Azərbaycan ərazisində daxil olandan sonra onu müşaiyyət edən avtomobillər müəyyənləşdirilərək kimlərə məxsus olduğu aydınlaşdırılıb, kamera görüntüləri sayəsində içindəki şəxslər saxlanılıb. Bundan başqa telefon siqnalları və danışıqların təhlili də ciddi ipucları verib. Gömrük sənədlərinin araşdırılması zamanı məlum olub ki, yükün ümumi dəyəri cəmi 5 min dollar göstərilib, lakin qəribədir ki, 5 min dollarlıq “mal”a görə 8 min dollar “rüsum” alınıb…
İstintaq qrupu üzvlərinin, eyni zamanda Gömrük Komitəsinin rəhbər şəxslərinin bu işlə bağlı Gürcüstanda ezamiyyətdə olduqları da bizə verilən məlumatlar sırasındadır.
İstintaq son dərəcə gizli aparıldığından saxlanılanların sayı, kimlikləri və digər təfərrüatlar barədə məlumatlar əldə etmək mümkün olmadı. Bununla belə, AzPolitika.info-ya daxil olan bu informasiyalar və bəzi digər məlumatların təhlili onu deməyə əsas verir ki, 3 ton heroini Azərbaycan ərazisindən maneəsiz keçirməyə nail olan qüvvələr kifayət qədər qüdrətlidirlər və bu səbəbdən DİN-də başlanan istintaqın sonadək aparılacağı az inandırıcıdır. Lakin o da istisna deyil ki, müəyyən qədər də məcburiyyətdən bu iş sonadək araşdırılsın və 3 ton heroinə görə Azərbaycan hökumətinin üzərində qalan qara ləkə təmizlənsin.
Mövzu ilə bağlı daha geniş bilgilər əldə etməyə çalışırıq.
Rasim Əliyev
AzPolitika.info