Naziri bitirirlər
İqtidardaxili oliqarx savaşları pik nöqtədə...
Nazirlərin savaşı amansız xarakter alıb
Nəqliyyat naziri ilə iqtidardakı ən qüdrətli klan bütün cəbhələrdə savaşır;
Bu savaşda zəif tərəf kimi görünən və ölkə rəhbərliyi yanında əvvəlki nüfuzunu itirən NN şefinə öldürücü zərbələr vurulur...
"xeberinfo.com": Nazir-oliqarxların savaşı getdikcə daha amansız xarakter almaqdadır. Hazırda bir neçə yüksək vəzifəli məmur arasında ciddi mübarizə gedir. Bunlardan ən diqqətçəkəni və geniş miqyaslısı isə nəqliyyat naziri Ziya Məmmədovla iqtidardakı ciddi bir qrupun arasında gedən müharibədir. Bu müharibə Z. Məmmədovun media sektoruna girməsindən sonra daha da qızışıb.
Bir sıra qəzetlər iddia edirlər ki, nazir Məmmədova və onun klanına öldürücü zərbələri vuran iqtidarın ən qüdrətli naziri kimi tanınan K. Heydərovdur. Kənar müşahidələr də bu cür qənaətə əsas yaradır. Lakin daha peşəkar təhlil ortaya daha vahim bir səhnəni çıxarır: Ziya Məmmədovun ipini siyasi rəhbərlik kəsib! Və ona qarşı “qara piar”, gözdənsalma kampaniyasına rəvac və dəstək verən təsisatlarsa qətiyyən K.Heydərovun nəzarətində deyil, onunla eyni səviyyədə olan ayrı-ayrı məmurların nəzarətindədir. Ziya Məmmədovun yeni qurulan media-holdinqi ilə “atışan”, hörmətli Ziya müəllimin görməmiş qohumlarının qudurğan və çılğın həyat tərzini ifşa edən KİV-lərə məlumatlar da tamamilə fərqli qurumlardan servis edilir.
Həm də maraqlı budur ki, həmin KİV-lərin böyük əksəriyyəti heç K. Heydərova bağlı da deyil. Tam əksinə, Heydərova məxsus olması iddia edilən media quruluşları bu müharibədə daha təmkinli davranırlar. Bir sözlə, Z. Məmmədovun adamları əllərinə media gücü keçən kimi özünə düşmən bildiyi K. Heydərovun üzərinə saldırsalar da, onlara susdurucu yaylım atəşi ən fərqli cinahlardan açılır...
Bu iki nazirin münasibətləri, onların arasındakı problemlərin mənbəyi və təfərrüatları haqda səhih bilgilərə malik şəxslərin bildirdiyinə görə, Z. Məmmədovun ən böyük yanlışı odur ki, o, hər zaman özünün, oğlunun və digər yaxınlarının mətbuatda vurulmasının sifarişinin K. Heydərov tərəfindən verildiyini hesab edib. Lakin bir şeyi unudur ki, illərlə K. Heydərovun özündən amansız tənqidi planda yazan müstəqil qəzetlər heç zaman Tale Heydərovdan neqativ bir şey yazmayıblar. Səbəb sadədir. Tale Heydərov bu cür yazılar üçün, anadolular demiş, “malzeme” verməyib. Digər tərəf üçünsə bunu söyləmək mümkün deyil. Məmmədov klanının gəncləri əyləncəyə, eyş-işrətə, lüks həyata qədərindən çox aludədirlər. Və bu səbəbdən də ortada çoxlu faktlar, “malzemeler” buraxırlar.
Elə son faktlardan danışaq. Eynulla Fətullayevə məxsus olduğu kimsədə şübhə doğurmayan saytların Ziya Məmmədovun qardaşı oğlanları barədə ortaya çıxartdığı sübutlar “göz çıxardır”. Həmin materiallar qəzetçilik üçün o dərəcədə mühümdür ki, əksər KİV-lər onları tirajlamaq üçün yarışa giriblər. Nə qədər “fövqəlnazir” olsa da, K. Heydərov istəsə də bunca fərqli media quruluşlarını bir neçə dəqiqənin içərisində ansambl kimi bir araya gətirə bilməz. Medianı sinxronlaşdıran yalnız bir faktor var - o da ortada olan, danılması mümkünsüz əlahəzrət faktlar!
Təbii ki, bu iki nazir arasında savaş var, gedir də. Lakin Ziya Məmmədov bütün göstəricilərinə görə bu savaş-yarışda geridə qalır; o, zatən starta 3:0 məğlubiyyətlə başlayıb. Heydərovlara olan həsəd onların işlətdiyi fəndləri (texnologiyaları) kopyalamaqdan uzağa getməyib. Tale Heydərovun Britaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyətinə alternativ olaraq ABŞ-da Anar Məmmədovun rəhbərliyi ilə Amerika-Azərbaycan Alyansı yaradılıb. Həsəd hədəfini keçmək üçün böyük paralar xərclənir və insafən, Azərbaycan üçün iş də görülür. Bu cür yarış ən yaxşısıdır - saatda 240 sürətlə qaza basan Məmmədovları küçələrdən, barlardan, əyləncə sektorundan siyasi səhnəyə, “xidmət sektoru”na keçirmək Ziya müəllimin ən düzgün, müdrik layihəsidir. Onsuz da bu paralar xərclənir - qoy heç olmasa hansısa türk müğənnisinin çantasına, villasına, lüks araba və yaxtalara, ekzotik dadımlara yox, Amerikanın ...yekədiş senatorlarına, konqresmenlərinə, iş adamlarına israf edilsin. Təbii ki, o cəmiyyət gənc Məmmədovlara əyləncəli, maraqlı deyil - onlar yaşlanmış və əksəriyyəti də erkək olan (anadolu təbirincə) Amerika konqresmenlərini neyləyəcəklər ki! Lakin məcburiyyət və Tale Heydərov həsədi var ...
Tərs dönən şansa nə deyəsən: Amerikada görülən işin “propoqanda”sı cəmiyyətə çatana qədər hansısa gənc Məmmədovun növbəti əyləncə videosu ortaya çıxır... Bütün bunlar da düşmənçilikləri bir daha körükləyir, iqtidar düşərgəsində kompromat müharibəsinə səbəb olur. Əvvəl Ziya müəllimin media quruluşları yox idi; tək qapıya oynamaq hər kəs üçün maraqsızdı; hücum dalğası tez səngiyirdi. İndi onun da media holdinqi var, artıq tərəfdir; bu baxımdan ara daha da qızışır və dava uzanır...
Ancaq qeyd etdiyimiz kimi, Məmmədovlar bu işdə uduzan tərəfdir; zəifdirlər və bu da gözlə görünür. İndi onu informasiya müharibəsində didib-parçalayırlar. Buna müsaidə etməyəcək, onu qoruyacaq 1-ci ünvan isə müsaidə edir və qorumur! Paralel olaraq, onun rəsmi və qeyri-rəsmi bir sıra səlahiyyətləri əlindən alınır. Gedişat, ortadakı məlumatlar və ekspertlərin rəyləri Z. Məmmədov “imperiyası”nın sonunun gəldiyini göstərir. İş o yerə çatıb ki, YAP-çı deputat Siyavuş Novruzov da bu məsələdə Məmmədov klanının əleyhinə olduğunu açıq şəkildə bəyan edib. Mətbuata açıqlama verən “YAP qırğısı” gənc Məmmədovların lüks həyat sevgisini kəskin tənqid edib.
S.Novruzov deyib ki, dəbdəbəli həyat tərzinə və bahalı avtomobilə sahib olmaq insan üçün əsas göstərici deyil: “İnsan üçün əsas göstərici onun ağılı, təhsili, vətəninə, dövlətinə olan yaxşı xidməti və sədaqətidir. Cəmiyyətin də hər kəsdən gözlədiyi müsbət göstərici bunlardır. Yoxsa kimsə hər hansı bahalı markalı avtomobil sürməklə və dəbdəbəli həyat tərzi keçirməklə özünü kiməsə göstərə bilirsə, bu onların özləri kimi 1-2 nəfərin diqqətini cəlb edəcək. Ancaq digərlərinin buna münasibəti kəskin pis olacaq”.
Bu sitat əslində siyasi hakimiyyətin Ziya Məmmədov klanına verdiyi qiymət, biçdiyi taledir.
İş o həddə çatıb ki, ölkənin ən güclü nazirlərindən biri hesab olunan Ziya Məmmədovun qardaşı oğluna məxsus olan və məlum videolara düşən maşınlar polis tərəfindən cərimə meydançasına aparılır...
Ölkənin ən zəngin nazirinin qələminin qırıldığı gözlər önündədir.