Gənc hakimin diplomu saxta çıxdı?!:ÖZƏL
Fikrət Məmmədovun, Fuad Ələsgərovun və Ramiz Rzayevin bunlardan xəbəri varmı?
Xeberinfo.com: Bakı Şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Həsənov Ramil Yaqub oğlu 2010-cu ildən məhkəmə hakimidir. Suraxanıdan əvvəl, 2010-2015-ci illərdə Bakı şəhəri Nizami rayon Məhkəməsində eyni vəzifədə olub. Ötən ildən bugünə kimi isə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimidir. Məhkəmə hakimi olduğu altı il ərzində yəqin ki, yüzlərlə məhkəmə baxışına hakimlik edib, yüzlərlə hökm, qərar və ya qərardad çıxarıb. Başqa sözlə yüzlərlə insanın taleyinə imza atıb...
İlk baxışdan burada qeyri-adi heç nə görünməyə bilər. Ancaq məsələ ondan ibarətdir ki, 1978-ci il təvəllüdlü Həsənov Ramil Yaqub oğlunun hüquq təhsili ilə bağlı ziddiyyətli məlumatlar dolanır. Bu istiqamətdə xeberinfo.com müəyyən araşdırmalar da apara bilib: Suraxanı rayon Məhkəməsinin hakimi Ramil Həsənovun rəsmi tərcümey-halında göstərilir ki, bu şəxs 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. Əlbətdə, bu universitetin bağlanması Ramil Həsənovun təhslini şübhə altına almaq üçün yetərli dəlil deyil. Ancaq məsələ ondan ibarətdir ki, qeyd etdiyimiz kimi, Ramil Həsənovun Azərbaycan Beynəlxalq Universitetinə qəbul olub, hüquqşünas diplomu alması ilə bağlı şübhəli məlumatlar var.
Bununla bağlı redaksiyamıza daxil olan məlumatı araşdırmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəsmi sorğu ilə müraciət etdik. Həmin sorğumuza Tələbə Qəbuli üzrə Dövlət Komissiyasından verilən 04/73№-li 26.01.2016-cı il tarixli cavabda göstərilir ki, “22.05.1978-ci il təvəllüdlü Həsənov Ramil Yaqub oğlu 1995/1996-cı tədrsi ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən alı təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak etmiş və heç bir təhsil müəssisəsinə qəbul olunmamışdır”.
Cavab məktubunda daha sonra qeyd olunur ki, “Əlavə olaraq bildiririk ki, R.Y. Həsənovun hər hansı bir alı və ya orta ixtisas təhsil müəssisəsini bitirməsi haqqında “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində heç bir məlumat mövcud deyil”.
Belə çıxır ki, Həsənov Ramil Azərbaycan Beynəlxalq Universitetinə testdənkənar daxil olub. (Belə qəbulların hansı yollarla baş verdiyi hər kəsə məlumdur.) Belə hallara bəlkə Afrikanın ən geridə qalmış ölkələrində də rast gəlmək mümkün deyil.
Burada daha bir maraqlı məqam belə ali təhsil diplomu alan bir şəxsin hansı yolla məhkəmə hakimi ola bilməsidir? Bu suala da Ramil Həsənovun tərcümeyi-halında rast gəlmək olar. Belə ki, Ramil Həsənovun məhkəmə hakimi olmamışdan əvvəl 2007-2010-cu illərdə Milli Məclisin Aparatında deputat köməkçisi olması ilə bağlı məlumat var. Araşdırmalarımız zamanı müəyyən edə bildik ki, Ramil Həsənov 2007-2010-cu illərdə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputat olmuş, Mərkəzi Univermağın (MUM) faktiki sahibi olan Ərəstun Cavadovun köməkçisi olub. Məlumata görə Ramil Həsənovun məhkəmə hakimi olmasına da məhz o zaman deputat olan Ərəstun Cavadov yardım edib.
İndi maraqlı məqam bu məlumata ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri hörmətli Fikrət Məmmədovun, Prezident Adminstarsiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun və Ali Məhkəmənin sədri Ramiz Rzayevin hansı münasibət bildirmələri olacaq. Biz bu məsələyə aydınlıq gətirmək üçün adları qeyd olunan rəsmi şəxlərə sorğu ilə müraciət etmək, ali təhsili şübhə doğuran bir şəxsin məhkəmə hakimi təyin olunması üçün prezident sərəncamının imzalanmasına hansı səbəbdən yol verdiklərinə aydınlıq gətirməyə çalışacağıq.
Bu arada Ramil Həsənovun özünü də dinləmək istədik. Yazını sayta qoymazdan bir gün öncə cənab Həsənovun elektron poçtuna ünvanladıq. Bir gün sonra hörmətli hakim özü bizimlə danışmasa da, katibi vasitəsi ilə belə bir cavab verdi: “Müəllim (Ramil Həsənov nəzərdə tutulur: Red,) deyir ki, özünüz bilin verirsiniz verin. Amma yalan olsa cinayət məsuliyyətinə cəlb olunacaqsınız”.
Bu da iki günlük çabalarımızın qarışılığında aldığımız cavab. Əlbətdə əgər buna cavab demək mümkünsə. Təəssüf ki, hələ də əksər vəzifə sahiblərimiz mətbuatla işləmək istəmirlər. Bir hüquqşünasdan bu cavabı eşitmək isə xüsusi ilə təəccüblüdür.
Azad