Nyu-York triumfu – dünya nəhəngləri İlham Əliyevlə görüşə can atır -ŞƏRH
"Birlikdə işləmək: sülh, inkişaf və insan hüquqları naminə 80 illik birgə iş və gələcəyə gedən yol". Bir neçə gündür ki, bu şüarla Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 80-ci yubiley iclası keçirilir. Təşkilata üzv ölkələrin liderləri və yüksək vəzifəli nümayəndələrin qatıldığı tədbirdə Prezident İlham Əliyev də iştirak edir.
Yenixeber.org: Təşkilatla Azərbaycan arasında münasibətlər ölkəmizin müstəqilliyinin ilk günlərindən başlayır. Dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə həm diplomatik, həm də hüquqi baxımdan böyük əhəmiyyət kəsb edən hadisələr yaşanıb. 1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv qəbul edilib və bu addım ölkəmizin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayıb.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi dörd qətnamə ilə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verib və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edib. Azərbaycan uzun illər bu qətnamələrin yerinə yetirilməsini tələb etsə də, beynəlxalq ictimaiyyətin susqunluğu nəticəsində 2020-ci ildə öz ərazilərini hərbi-siyasi yolla azad etməyə məcbur olub.
44 günlük Vətən müharibəsi BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququnun ən bariz nümunəsi idi. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq hüquqa sadiqliyinin və öz suveren hüquqlarını qoruma əzmindən geri çəkilmədiyinin göstəricisidir.
BMT-nin Baş katibi Antonio Quterreş 2025-ci il 9 avqust tarixli bəyanatında ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında əldə olunmuş sülh üzrə razılaşmaları Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində mühüm addım kimi alqışlayıb. Baş katib Azərbaycan və Ermənistan liderlərinin bu istiqamətdəki sadiqliyini yüksək qiymətləndirib, davamlı etimad quruculuğunun zəruriliyini vurğulayıb. Eyni zamanda, Cənubi Qafqazda sülhün davamlı təmini üçün BMT-nin bütün səylərə güclü dəstəyini bir daha təsdiq edib.
"Mən Sizinlə, həqiqətən, fəxr edirəm"
Azərbaycan liderinin sentyabr ayının 22-də ABŞ-yə səfəri əvvəlkilər kimi zəngin görüşlərin keçirilməsi ilə yadda qalır. BMT sessiyası çərçivəsində keçirilən görüşlər həm regional sülh gündəliyinə, həm də qlobal maliyyə və enerji əməkdaşlığına dair müzakirələri əhatə edib.
Prezidentin Nyu-York səfəri həm Azərbaycanın beynəlxalq statusunu möhkəmləndirmək, həm də yeni regional reallıqlar fonunda sülh gündəliyini dünyaya təqdim etmək baxımından olduqca əhəmiyyətlidir.
Səfərin diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Trampın səmimi söhbətidir. Bu dialoq Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ üçün mühüm siqnal hesab oluna bilər. Birinci vitse-prezident Mehriban Əliyeva da sosial şəbəkə hesablarında həmin görüşün qısa videosunu paylaşıb. Söhbət zamanı ABŞ lideri Azərbaycan Prezidenti İlham Əliyevlə fəxr etdiyini deyib.
"Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız", - ABŞ Prezidenti deyib.
Göründüyü kimi, dünya nəhəngi Azərbaycan liderinin tək regionda deyil, bütövlükdə postsovet məkanında güclü lider, nüfuzlu dövlət başçısı olduğunu qəbul edir.
Prezident İlham Əliyevin Nyu-Yorkda sessiya çərçivəsində Azərbaycanla əməkdaşlıq etmək istəyən dünyanın aparıcı şirkət rəhbərləri ilə görüşü də mühüm əhəmiyyət kəsb edir. Ən əsası, yenə də bu görüşlər qarşı tərəfin xahiş və təşəbbüsü ilə baş tutur. Onlardan bəzisinə nəzər salaq;
Prezident İlham Əliyev "Brookfield Asset Management"in baş icraçı direktoru Brüs Flətt, "Neuberger Berman" şirkətinin rəhbəri Corc Volker və "Blackstone" şirkətinin prezidenti Conatan Qreylə ayrı-ayrılıqda danışıqlar aparıb.
Qeyd edək ki, "Brookfield Asset Management" daşınmaz əmlak, infrastruktur və bərpaolunan enerji sahəsində dünyanın ən iri idarəedici şirkətlərindən biridir. İdarəetməsindəki kapitalın həcmi 549 milyard ABŞ dollarına çatır. Azərbaycanın alternativ enerji zonalarının inkişafında bu şirkətlə əməkdaşlıq xüsusi əhəmiyyət daşıya bilər.
Qlobal infrastruktur investisiya idarəetmə şirkəti "Global Infrastructure Partners"in təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşdə isə infrastruktur sahəsində beynəlxalq tərəfdaşlıq imkanları və bu sahəyə yönələn birgə investisiyaların regional iqtisadi əlaqələrin genişləndirilməsində rolu müzakirə edilib. A.Oqunlesi rəhbərlik etdiyi şirkətin enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib.
Qeyd edək ki, "Global Infrastructure Partners" şirkəti 2006-cı ildə ABŞ-də təsis edilib. Hazırda təxminən 170 milyard ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətin Nyu-York, London, Sinqapur, Sidney və digər qlobal maliyyə mərkəzlərində ofisləri fəaliyyət göstərir. "Global Infrastructure Partners"in nəzarət etdiyi bərpaolunan enerji sahəsindəki şirkət ABŞ-də bu sahədə aparıcı şirkətlərdən biridir.
Nyu-Yorkda İlham Əliyev, həmçinin dünyanın ən iri və nüfuzlu qlobal investisiya menecerlərindən biri olan "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Conson ilə görüşüb.
1947-ci ildə ABŞ-də təsis edilən "Franklin Templeton" hazırda təxminən 1,6 trilyon ABŞ dolları həcmində aktivləri idarə edir. Şirkətin 30-dan çox ölkədə 70-ə yaxın ofisi var və 170-dən çox ölkədə 1000-dən artıq müştərək fond və genişçeşidli investisiya məhsullarını idarə edir.
Prezident İlham Əliyev Nyu-Yorkda "Ares Management" qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti ilə də görüşüb. "Ares Management" kredit, daşınmaz əmlak, özəl səhm və infrastruktur sahələrində fəaliyyət göstərir. Maykl Aruqeti və tərəfdaşlarının 1997-ci ildə təsis etdiyi şirkət hazırda 600 milyard ABŞ dollarına yaxın aktivləri idarə edir.
Regional gücdən qlobal oyunçuya çevrilən Azərbaycan
Bu görüşlər Azərbaycanın artan geosiyasi əhəmiyyətini və Prezident İlham Əliyevin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunmasını bir daha nümayiş etdirir. Qlobal maliyyə institutlarının rəhbərlərinin görüş tələbi ölkəmizə olan güclü investisiya marağının, Azərbaycanın sabit iqtisadi mühitinin və strateji mövqeyinin göstəricisidir.
Bu səfər Azərbaycanın artan nüfuzunu və ölkəmizin qlobal siyasi-iqtisadi sistemdə strateji aktora çevrildiyini nümayiş etdirir. Bu gün Azərbaycan etibarlı tərəfdaş, risklərin minimum olduğu, gələcəyin təhlükəsiz və dayanıqlı bazarı kimi dəyərləndirilir. Bütün bunlar Azərbaycan dövlətinə göstərilən etimadın və hörmətin real təsdiqidir.
Ümumilikdə, Prezident İlham Əliyevin Nyu-York gündəliyi Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də diplomatik baxımdan güclənməsinin göstəricisidir. Bu səfər həm ölkənin iqtisadi maraqlarına xidmət edir, həm də beynəlxalq müstəvidə Azərbaycanın lider dövlət statusunu təsdiqləyir.
Azərbaycan Prezidenti bu səfərlə bir daha nümayiş etdirir ki, ölkəmiz regional gücdən qlobal oyunçuya çevrilib. Görüşlərin miqyası, BMT tribunasından veriləcək mesajlar və qəbul ediləcək qərarlar Azərbaycanın beynəlxalq siyasətdə mövqeyini daha da möhkəmləndirəcək.
Beləliklə, Nyu-York səfəri Azərbaycanın dövlətçilik tarixinə mühüm bir mərhələ kimi düşəcək. Bu, həm ölkəmizin artan nüfuzunun, həm də Prezident İlham Əliyevin şəxsi siyasi liderliyinin bariz nümunəsidir. Azərbaycan bu gün artıq dünya siyasətində öz sözünü deyən, beynəlxalq münasibətlərə təsir edən, qlobal sülh gündəliyinə töhfə verən bir ölkədir.(Report)