Bakı-Moskva qarşıdurması -Regionda yeni geosiyasi oyun başlayır?
![news content](https://pressklub.az/storage/media/unnamed%20-%202025-02-10T191558.176.jpg)
Rusiya-Azərbaycan münasibətlərindəki zəifləmə və Cənubi Qafqaza yeni təsir imkanları
Yenixeber.org: Rusiya -Azərbaycan münasibətlərində yaranmış gərginliyin miqyası böyüyür, prosesə dövlət mediası, parlament üzvləri, hakim partiyaların nümayəndələri cəlb olunub.
Ritorika çox sərtdir, Azərbaycan ictimaiyyətinin nümayəndələri ötən 30 ildə dövlətə qarşı Rusiyadan qaynaqlanmış təcavüz, cinayət faktlarını qabardır, rusiyalılar isə azərbaycanlıları cəzlandırmaqla hədələyirlər. Onlardan biri, Rusiya Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan Respublikasının və onun xalqının ünvanına təhqiramiz ifadələr və təhdid xarakterli fikirlər işlədib. Azərbaycan XİN onu “arzuolunmaz” şəxslər siyahısına salıb.
Daha əvvəl rəsmi Bakı Rusiyanın “Rossotrudniçestvo” agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı Moskvaya nota göndərib.
Gərginlik hansı həddə qədər davam edə bilər, ölkələrarası əlaqələrin digər sahələrinə necə təsir edəcək? Bakı-Moskva qarşıdurması Cənubi Qafqaz regionunda hansı mənzərə yaradır? Xüsusi ilə Ermənistan gedişatdan hansı nəticələr çıxara bilər? Qarşıdakı dövrdə Rusiyanın iştirakı ilə imzalanmış üçtərəfli müqavilələrin taleyi necə olacaq?
Maraqlıdır, ötən ilin payızında keçirilən parlament seçkilərindən sonra Qərblə açıq konfrontasiyaya gedən Gürcüstan hakimiyyətində nə düşünürlər? Müxalifətin və Qərb təşkilatlarının “Rusiyapərəst” adlandırdığı “Gürcü arzusu” regionda əsas tərəfdaşının Moskva ilə getikdcə böyüyən qarşıdurmsından hansı nəticələr çıxara bilər?
Xatırladaq ki, 44 günlük müharibədən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında 3 birgə bəyannamə imzalanıb, həmçinin nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı hökumətlərarası işçi qrupu formalaşdırıb. Rəsmi İrəvanın dəfələrlə Rusiyanın iştirakı ilə regional nizamlanma prosesində iştirak etməyə maraq göstərmədiyini bəyan edib. Bura Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin bərpa olunması, bütün regional nəqliyyat xətlərinin blokadadan çıxarılması daxildir. Azərbaycan isə əksinə, 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci bəyanatlarının icra olunmasında maraqlı olduğunu bəyan edib. Rəsmi Bakı Rusiya ilə gərgin münasibətlərdən dolayı bu mövqeyində dəyişiklik edib-etməyəcəyi maraq doğurur.
Bu arada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin son müsahibəsində deyib ki, Rusiya Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirmək planlarını rədd edir. “Biz bölgəni xaosdan qorumaq və onu əməkdaşlıq və tərəqqi zonasına çevirmək üçün əlimizdən gələni edəcəyik”. Qaluzin bunun Rusiyanın köklü marağına cavab verdiyini vurğulayıb.
Qaluzinnin bəhs etdiyi “xaos”un əlamətləri barədə danışmayıb, Qərbin bu istiqamətdə planlarını xatırlatmaqla Azərbaycanla birgə həyata keçirilən işbirliyinə işarə vurub. Nazir müavini dolayısı ilə bildirib ki, Rusiya ilə qarşıdurmanı dərinləşdirmək, regionda Qərbə meydan açmaqdır. Yəni münasibətlərin daha da pisləşməsi Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflədir və beləliklə guya region ölkələri Qərb qarşısında müdafiəsiz qalırlar. Ümumiyyətlə, Rusiya rəhbərliyi 3 ildir Ukraynada böyük qurbanlar bahasına apardığı işğalçı müharibəyə “MDB ölkələrinin Qərbdən qorunması” donunu biçməyə cəhd edir. Rəsmilərin ritorikası da postsovet liderlərinə qarşı minnət, yeri gələndə təzyiq, təhdid ifadələri ilə doludur.
Politoloq Fərhad Məmmədov məsələni şərhində bildirib ki, Rusiya-Azərbaycan gərginliyinin regiona təsiri hələ ki, hiss olunmur. Onun sözlərinə görə, Ermənistanda bu hadisələrə iki cür baxış var:
“Onlarda belə narrativ vardı ki, Rusiya və Azərbaycan bir yerdədir, regionda Ermənistana, Paşinyan hökumətinə qarşı razılaşdırlmış siyasət həyata keçirir. Amma belə məsələlərdən məlum olur ki, Azərbaycan prinsipial mövqe sərgiləyir, Rusiya ilə baş-başa gəlməkdən çəkinmir. İkincisi, Ermənistanda düşünürlər ki, bu gərginlik Rusiyanın regionda təsirinin azaldacaq, bu da İrəvanın maraqlarına uyğundur”.
Politoloq xatırladır ki, Ermənistan nəqliyyatla bağlı Rusiyanın iştirak etdiyi üçtərəfli komissiyanın işində iştirak etmir. “Ona görə də bu qurum fəaliyyətsizdir. Bununla belə, Paşinyan hökuməti komissiyadan çıxmaqla bağlı siyasi qərar qəbul etməyib. Nəticədə Rusiyanı tərəf kimi qoruyub saxlayır. Bu günlərdə Rusiya xarici işlər nazirinin müavini də çıxış edərək bildirib ki, onlar prosesdə iştirak etməyə hazırdırlar, təklifləri də qüvvədədir. Bu komissiya 11 yanvar 2021-ci il tarixində liderlərin birgə bəyannaməsi ilə formalaşıb. Əgər Ermənistan nəqliyyat əlaqələrin bərpasında hər hansı formada Rusiyanın iştirakını istəmirsə, o zaman qurumdan çıxdığını elan etməlidir”, - F.Məmədov vurğulayıb.
Gürcüstana gəldikdə, politoloq bildirib ki, Rusiya ilə yaxınlaşmanın kəmiyyət-keyfiyyət göstəriciləri yoxdur. “Doğrudur, Qərblə münasibətlər korlanıb, amma Rusiya ilə xüsusi yaxınlaşmanı göstərən əlamətlər mövcud deyil”.
İqtisadi baxımdan Rusiya-Gürcüstan münasibətlərində hansısa yeniiklər ola bilərmi? F.Məmməıdov deyir ki, ola bilsin, Rusiya qazı ucuzlaşdığına görə qaz, neft idxalını artıra bilərlər. Prinsipial məqamlara gəlincə, ekspert vurğulayır ki, nə siyasi, diplomatik danışıqlar bərpa olunub, nə də açıq danışıqlar həyata keçirilir. “Ona görə də bu fikiri əsaslandırmaq mümkün deyil”, - o əlavə edib.
F.Məmmədov hesab edir ki, ümumilikdə Rusiyanın regionda mövqeləri zəifləyir. “Onun əsasını da Azərbaycan Rusiya qoşunlarını ölkədən çıxarmaqla qoyub, daha sonra Ermənistan bu prosesə qoşulub. Beləliklə, siyasi baxımdan zəifləyiblər, amma Ermənistanın Rusiya ilə aratan iqtisadi əlaqələrinə görə, bu sahədə mövqelərini gücləndiriblər”, - politoloq yekunlaşdırıb.(pressklub)
Turqut