UKRAYNALILARIN VƏ RUSLARIN QANI ÜZƏRİNDƏ SƏRVƏT SAVAŞI... – Kondaliza Rays nə demişdi?
Ukraynaya qarşı müharibəyə başlamaqla Qərbə belə bir revanş şansını Rusiya özü verdi və...
Yenixeber.org: Amerikanın “The Wall Street Journal” nəşrinin məlumatına görə, Rusiya Ukrayna ilə işğalçı müharibəyə başlayandan bəri bu iki ölkədə itkilərinin ümumi sayı bir milyon nəfəri keçib. Buraya ölənlər və yaralananlar daxildir. dəhşətli rəqəmdir və onun xeyli artacağı şübhə doğurmur. Hər halda bu müharibə əsl amacına çatanadək dayandırılmayacaq.
Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının səbəbləri aydındır: NATO-nu sərhədlərindən uzaqda tutmaq, rus torpaqları saydığı və Novorossiya adlandırdığı əraziləri özünə birləşdirmək.
Daha uzaq hədəfdə isə SSRİ-ni yenidən bərpa etmək həvəsinin olduğu sezilir.
Qarşı cəbhədə 60-dan çox ölkəni birləşdirən antirus koalisiyasını anqlosaks ittifaqı yönəldir. Rusiyanın məqsədi aydın olsa da anqlosaks ittifaqının əsil hədəfləri hansısa gözəl səslənən ideallar arxasında gizlədilir. Ədalətin bərpası, Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi və. s. bu kimi söyləntilər ideoloji yarlıqdan başqa bir şey deyil. Belə əldəqayırma yarlıqlar üçün ingilis ağlı yuz milyardlarla dollar para xərcləməz.
ABŞ və İngiltərənin həqiqi maraqlarının harda gizləndiyini anlamaq üçün əlimizdəki faktları ard-arda düzək.
İlk gözə çarpan odur ki, müharibəni maksimum uzatmağa çalışırlar. Oyun çox acımasızdır. Nə qədər rus, nə qədər ukraynalı öləcək fərq etmir.
Prezident Zelenskinin öz müttəfiqlərinə ünvanladığı sualı yada salaq: ˝Siz müharibəni sonuncu ukraynalı ölənə qədər davam etdirməkmi istəyirsiniz?
Müharibəni uzatmaq üçün çox hiyləgər plan tətbiq olunur. Ruslar irəli gedəndə Ukraynaya böyük silah dəstəyi verilir və ruslar geri püskürdülür. Ukraynalılar irəli gedəndə isə min bir bəhanə ilə silah axını azaldılır, Ukraynanın irəliləməsi dayandırılır. Bütün dünyanın gözləri qarşısında qanlı bir tamaşa oynanılır.
ABŞ və müttəfiqlərinin rəsmi qurumları Ukraynaya silahların süründürməçiliklə verilməsinin səbəbini belə izah edirlər: ˝Daha çox silah verməyimiz Moskvanın səbrini daşırar və nüvə müharibəsi başlayar”.
İri ulduzlu generalların və diplomatların bu tipli izahatlarla çıxış etmələri tamaşanın publikaya göstərilən hissəsidir. Heç şübhəsiz pərdə arxasında daha pramatik səbəblər var. Təxminən otuz il əvvələ qayıdaq. SSRİ dağılıb, Yeltsin Rusiyası çökmək üzrədir və ölkə mağazalarının piştaxtalarında duz və sirkədən başqa heç nə yoxdur. Belə ağır durumda ABŞ ˝köməyə” gəlir,kreditlər ayrılır, özəlləşdirmə aparmaq üçün prosesə qərbli məsləhətçilər cəlb olunur. Nəticədə Rusiya sərvətlərinin ən qiymətli hissələri qərbli investorların əlində cəmləşdi.
Lakin Putinin prezident olması və neft qiymələrinin 150 dolları ötməsi Rusiaya imkan verdi ki, öz sərvətləri uğrunda yenidən mübarizəyə başlasın. “Yukos” neft şirkətini milliləşdirərək dövlət mülkiyyətinə qaytarmaqla və onun prezidenti Xodarkovskini həbsə atılmaqla Putin bütün dünyaya elan etdi ki, neft və qaz Rusiyanındır.
Heç bir güc mərkəzi, xüsusi ilə də ABŞ və bütövlükdə Qərb belə böyük sərvətlərin itirilməsi ilə barışmaz. Təbii sərvətlər uğrunda mübarizə hər zaman kəskin olub. Bununla belə, itirilmiş Sibir sərvətlərinə yenidən çökmək üçün Qərbə məntiqli revanş lazım idi. Ukraynaya qarşı müharibəyə başlamaqla Qərbə belə bir revanş şansını Rusiya özü verdi və ˝işğala qarşı mübarizə aparıram˝ deyən Qərbi daha haqlı görünən mövqedə yerləşdirdi
ABŞ-nın keçmiş dövət katibi Kondaliza Raysın bir sensasiyalı bəyanatını yada salaq: ˝Dünya sərvətlərinin 20 faizindən çoxu təkcə Rusiya ərazisində yerləşir. Bu ədalətsizlikdir˝.
İndi ABŞ Ukraynanın ərazi bütövlüyünün bərpasına kömək etməklə K.Raysın söylədiyi o ˝ədalətsizliyi˝ aradan qaldırmağa çalışır. Ağ Evin Sibir sərvətlərini yenidən qazanmaq üçün hazırladığı plan təəsüflər olsun ki Ukrayna və rusiya gənclərinin məzarları üzərində qurulub. Bu planın baş tutması üçün müharibə uzun sürməlidir və o zamana qədər uzadılmalıdır ki, Rusiyanın hərbi potensialı tam tükənsin, iqtisadiyyatı çöksün, ölkə sosial partlayışla üz-üzə qalsın. Başqa sözlə, Rusiyada yenidən zəif və çarəsiz Yeltsin-2 hakimiyyəti qurulsun. Yalnız bu halda çökməkdə olan Rusiya qərb kreditlərinə və məsləhətçilərinə bir daha möhtac olacaq.
Tarix təkrarlanmağı sevir. Qərb-Rusya qarşıdurmasının perspektivi haqqında müəyyən ehtimal söyləmək üçün yenə yaxın tarixə nəzər salaq. SSRİ-nin çökməsinin əsas səbəblərindən biri kimi Moskvanın Əfqanıstana qoşun yeritməsi göstərilir. Bu bahalı müharibədə taqətdən düşmüş sovet iqtisadiyyatı ikinci zərbəni də neftin kəskin ucuzlaşmasından aldı. Bəzi məlumatlara görə ABŞ Səudiyyə Ərabistanı ilə anlaşaraq neft qiymətlərini 10 dolların altına endirə bildi. Bu ikili zərbə SSRİ-nin sonunu gətirdi. Bu gün Rusiya yenə müharibədədir və kim bilir, bəlkə yenə yaxın gələcəkdə neftin , qazın qimətlərinin kəskin düşəcəyinin də şahidi olacağıq.(azpolitika)
Namiq Bilal