Fransanın daha bir uğursuzluğu: Makron Yeni Kaledoniyadan geri çəkilir -ŞƏRH
Fransa hakimiyyəti Yeni kaledoniyalıların etirazları qarşısında geri çəkilməyə məcbur olub. Prezident Emmanuel Makron əyalətdə ciddi etirazlara səbəb olan və həmin ərazidə 10 ildən artıq daimi yaşayan şəxslərə seçki hüququnun verilməsi barədə düzəlişin qüvvəyə minməsini dayandırıb. Bu, Yelisey sarayının növbəti məğlubiyyəti hesab edilə bilər.
Yenixeber.org: 2024-cü ildə Yeni Kaledoniyada etirazlar burada yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən və yerli əhalinin hüquqlarını pozan qanun layihəsinə görə başlayıb. Fransa liderinin mətbuat xidmətindən bildirilib ki, ərazinin rəhbərliyi qərarla bağlı məlumatlandırılıb. Fransa təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada yerli kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verib, habelə on nəfərdən artıq dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və həbs edilib. Fransa hökumətinin qərarı ilə Yeni Kaledoniyaya giriş qapadılıb, qanunsuz komendant saatı hələ də davam edir. Fransa polisi və jandarması tərəfindən törədilən vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək məqsədilə adanın sahibi olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb.
Beləliklə də etirazlar öz nəticəsini verib. Makron hökuməti etirazların fonunda yerli kanak xalqının səsinə qulaq asmağa məcbur olub. İlk növbədə, bu məsələdə Azərbaycanın, xüsusilə də, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, bu qrupun keçirdiyi çoxsaylı beynəlxalq tədbirlər, eləcə də genişmiqyaslı dəstək xüsusi qeyd olunmalıdır.
Makron hökumətinin etirazçıların tələblərinə reaksiyası necə oldu? Tələbləri yerinə yetirmək əvəzinə, baş verənlərdə “xarici iz” axtarmağa çalışdı. Hətta bu ölkənin daxili işlər naziri Jerar Darmanan baş verənlərin arxasında Azərbaycan və Rusiyanın durduğunu iddia etməyə çalışdı. Fransanın özündə artıq əminliklə bildirilir ki, Yeni Kaledoniyanı bürüyən iğtişaşlar Makronun xaricdəki ərazilərin öz müqəddəratını təyinetmə prosesini pozmağa yönəlmiş qeyri-bərabər siyasi manevrlərinin nəticəsidir. Hətta öz partiyası daxilində də Makron dəstəyi itirib və onun Yeni Kaledoniyadakı vəziyyəti idarə etməsi milli miqyasda siyasi qruplar tərəfindən mübahisəli qiymətləndirilir.
Elə Fransa iqtidarının Avropa Parlamentinə keçirilən seçkilərdə fiaskosunun səbəblərindən biri də məhz uğursuz xarici siyasətdir. E.Makronun koalisiyasına daxil olan parlament üzvləri prezidentin yeni parlament seçkiləri keçirmək qərarı ilə onları fəlakətə sürükləyə biləcəyindən ehtiyatlanır. Hətta “Bloomberg” agentliyi Makronun Milli Assambleyanı buraxmaq və yeni parlament seçkiləri keçirmək qərarının onun rəhbərlik etdiyi “İntibah” partiyasında xaosa və qəzəbə səbəb olduğunu iddia edir.
Qeyd edək ki, “Milli birlik” parlament fraksiyası Avropa parlamentinə seçkilərdə 31,36 faiz və ya 7,7 milyon səs toplayıb. Emmanuel Makron tərəfdarları isə 3,6 milyon vətəndaşın etimadını qazana bilib ki, bu da səslərin 14,6 faizini təşkil edir.
Artıq Avropa Parlamentinə keçirilən seçkilərdə ultrasağların qələbəsi Fransa cəmiyyətində ikitirəlik, vətəndaş qarşıdurmaya səbəb olub. Sağların triumfal qələbəsi cəmiyyətdə birmənalı qarşılanmır - bütün Fransanı etiraz aksiyaları bürüyüb. Avropa Parlamentinə seçkilərdə qalib gələn ifrat sağçı partiyalara etiraz olaraq nümayişlər keçirilib. İfrat sağçıların əleyhdarları Paris, Lion, Renn və Bordo kimi şəhərlərdə küçələrə çıxıb. Etirazçılar iyunun 30-da birinci turu keçiriləcək yerli seçkilərdə ifrat sağçı qüvvələrin qələbəsinin qarşısını almağa çağırıblar. Nümayişçilərin səsləndirdiyi şüarlar isə vəziyyətin nə qədər ciddi olmasından xəbər verir. “Biz prezident Emmanuel Makron istəməsə belə, işçilərin ləyaqəti və daha yaxşı həyat üçün buradayıq”, - etirazçılar bildiriblər. Bundan əlavə, əllərində “Milli Cəbhə”, “Diqqət, faşizm”, “Sən məni qorxutmursan, FN (Milli Cəbhə) sözləri yazılmış plakatlar daşıyıblar. Ölkədə baş verənləri “kabus” adlandıran etirazçılar xüsusilə Makronun parlamenti buraxmaq qərarından şok keçirdiklərini bildiriblər. “Həddindən artıq sağçı - heç vaxt hakimiyyətə bu qədər yaxın olmayıb, bu, qorxudur”, - deyə etirazçılar vurğulayıblar.
Şübhəsiz ki, Avropa Parlamentinə seçkilərdə ifrat sağçıların qələbəsi Makronun hakimiyyəti altında uzun illər yaşamağın simptomları kimi qiymətləndirilməlidir. Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri ölkənin kənd yerlərində vətəndaşların dövlət tərəfindən tərk edilmiş hiss etmələri ilə əlaqələndirilir. Bu, ifadə azadlığına, mətbuat azadlığına və nümayiş azadlığına təsir edəcək narahatedici səsvermədir. Solun ifrat sağa alternativ ola biləcəyinə və bu səbəbdən yerli seçkilərin keçirilməsi üçün birləşməli olduğuna diqqət çəkib.
Aksiyalar zamanı müsəlmanlara və miqrantlara qarşı ayrı-seçkiliyə, habelə ölkədə “faşizmin” böyüməsinə səbəb olan qərarlarda hökumət günahlandırılıb. Avropa Parlamentinə seçkilərdə ifrat sağçıların yüksəlişi əksəriyyətə Fransanın keçmişini xatırladıb. Solçu partiyaların bu siyasi formasiyaya qarşı koalisiya yaratması tələb edilib.
Yeri gəlmişkən, etiraz aksiyaları zamanı nümayişçilərə qarşı zor da tətbiq edilib. Bəzi şəhərlərdə polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi halları qeydə alınıb. Baş verənlərə ilk olaraq Azərbaycan Xarici İşlər Nazirliyi reaksiya göstərib. Bildirilib ki, baş verənlər narahatlıq doğurur. Xarici İşlər Nazirliyi "X" hesabında "Toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir. Biz Fransa hökumətini təcili olaraq gərginliyi azaltmağa çağırırıq", - yazıb. Media azadlığı, azad söz, fikir müxtəlifliyi prinsiplərinin “carçısı” olan Fransa hakimiyyətinin bu hərəkəti heç bir məntiqə sığmır.
Avropanın göbəyində, demokratiyanın beşiyi kimi qələmə verilən Fransada etirazçılara qarşı polis zorakılığına heç bir ölkə reaksiya vermədiyi halda, Azərbaycan XİN bəyanat verib. Rəsmi Bakı bundan əvvəl də Fransaya müxtəlif məsələlərlə bağlı etirazını bildirib.
Beləliklə, yazının əvvəlində qeyd etdiyimiz məsələ, eləcə də, ölkənin vətəndaş müharibəsi həddinə çatılması problemin ciddiliyindən xəbər verir. Proseslərin gedişi onu deməyə əsas verir ki, Makron hökuməti qarşıdakı seçkilərdə də sağlara məğlub olacaq.(Report)