İki yaxın qonşu və tarixi düşmən hesab olunan ölkə - Türkiyə və Yunanıstan arasında münasibətlər yenidən istiləşməyə başlayıb. Bu ilin fevralında Türkiyədə baş verən güclü zəlzələdən sonra Yunanıstan qardaş ölkəyə ilk yardım göndərənlər arasında oldu. Yunanıstan tərəfinin bu jesti Türkiyə tərəfindən müsbət qarşılandı və iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişlər müşahidə edildi.
Yenixeber.org: Xatırladaq ki, Yunanıstanla Türkiyə arasında gərgin olan münasibətlər 1999-cu ildə hər iki ölkədə baş verən ağır zəlzələdən sonra da mülayimləşmişdi. Məhz həmin dövrdə Yunanıstan Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində ciddi yumşalmaya gedib. Həmin vaxt başlanan mülayimləşmə 10 il davam etdi.
İndi yenidən ölkələr arasında siyasi-diplomatik təmaslar intensivləşir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Miçotakis iyulda NATO-nun Vilnüsdə keçirilən sammiti ərəfəsində bir araya gəldilər. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, görüşdə dövlət başçıları iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların atılmasına dair razılığa gəliblər. R.T.Ərdoğan və K.Miçotakis formalaşmış müsbət atmosferin hər iki ölkənin xeyrinə olduğunu vurğulayıblar.
Dövlət başçıları iki ölkə arasında rabitə kanallarının fəallaşdırılması barədə razılığa gəliblər. Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasının payızda Salonikidə keçirilməsi razılaşdırılıb. Proseslərə rəhbərlik etməklə bağlı xarici işlər nazirlərinə müvafiq tapşırıq verilib. Həmçinin liderlər qarşılıqlı təmasların intensivləşməsi haqqında ortaq məxrəcə gəliblər.
İyulda həmçinin Yunanıstanın xarici işlər naziri Yorgo Gerapetritis bəyan edib ki, ölkəsi dəniz sərhədləri ilə bağlı mübahisələrin həlli üçün Türkiyə ilə danışıqlara açıqdır.
Yunanıstanın xarici işlər nazirinin sentyabrın 5-də Türkiyəyə səfəri planlaşdırılıb. Bu haqda Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, Y.Gerapetritis sentyabrın 5-də Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşmək üçün bu ölkəyə işgüzar səfər edəcək. XİN başçıları ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında əsas problem Egey dənizində yerləşən 20-dək ada, Kipr adasındakı türk əhalinin hüquqları və Aralıq dənizindəki neft-qaz yataqları ilə bağlıdır. Uzun müddət Osmanlı Türkiyəsinin tabeliyində olan adalar hazırda Yunanıstan ərazisi hesab olunur. Türkiyə Yunanıstanın adalarda hərbi bazalar, uzaq mənzilli silahlar yerləşdirməsinə qarşı çıxır. Ötən əsrin 70-ci illərindən Kipr adasında yaranan vəziyyət də tərəflərin nifaq almalarından biridir. Nəhayət, son onillikdə iki ölkənin münasibətləri Aralıq dənizindəki neft-qaz ehtiyatları üzündən də gərginləşir.
Qeyd edək ki, Aralıq dənizinin şərq sahillərində böyük enerji ehtiyatları mövcuddur. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin ehtimallarına görə, Kipr, Livan, Suriya və İsrail arasında qalan dəniz bölgəsində 3,45 trilyon kubmetr qaz və 1,7 milyard barel neft var. Nil Deltası hövzəsində isə 1,8 milyard barel neft, 6,3 trilyon kubmetr təbii qaz və eləcə də 6 milyard barel maye qaz yatağı olduğu ehtimal olunur. Bundan başqa, Kipr adası ətrafında olduğu ehtimal olunan 8 milyard barel neft yatağından başqa Krit adasının cənub və cənub-şərqində “Heredo” adlı yataqda 3,5 trilyon kubmetr qaz olduğu ehtimal edilir.
Bu bölgənin neft-qazla zəngin olmasına dair iddialar 2007-2008-ci illərdən səsləndirilsə də ilk nəticələr 2009-cu ildə əldə edilib -
İsrail öz sahillərində ehtiyatlarının həcmi 280 milyard kubmetr hesablanan “Tamar” qaz yatağını kəşf edib. Daha sonra yenə İsrail tərəfindən 620 milyadr kubmetrlik ethiyatı olan “Leviafan” yatağı açılıb. 2011-ci ildə isə Kipr yaxınlığında “Afrodita” yatağı(200 milyard kubmetr ehtiyatla) aşkarlanıb.
2015-ci ildə İtaliyanın “Eni” şirkəti dənizin Misirə aid hissəsində “Zöhr” yatağını kəşf edib - 850 milyard kubmetrə qədər ehtiyatla.
İsrail, Misir, Kiprdən əlavə, Aralıq dənizinin Suriya, Livan, Fələstin və Yunanıstan hissələrində də böyük ehtiyatların olduğu güman edilir. Buna görə də böyük qüvvələrin bölgəyə marağı getdikcə artır. ABŞ, Fransa, İtaliya şirkətləri kəşfiyyat işləri üçün müxtəlif ölkələrdən lisenziya almağa çalışırlar.
Türkiyə də bölgədə maraqlarını qorumağa, həmçinin dənizin özünə aid hissəsində neft-qaz axtarışlarını genişləndirməyə çalışır. Türkiyənin Aralıq dənizində kəşfiyyat-qazma işləri aparması Yunanıstan tərəfinin etirazlarına səbəb olmaqdadır. Yunanlar Türkiyə ilə Yunanıstan arasında dəniz sularında iqtisadi sərhədlərin müəyyənləşmədiyini əsas gətirməklə Ankaranı dayandırmağa çalışırlar. Türkiyə isə Kipr adası sahillərində hər hansı qazma və ya hasilat işlərinə imkan verməyəcəyini bildirir. Bu məqsədlə türk hərbi gəmiləri dəfələrlə Aralıq dənizinin perspektiv strukturlar olan bölgələrinə yeridilib.
2020-ci ildə İsrail, Yunanıstan və Cənubi Kipr arasında İsrailin “Leviafan”, Yunan Kiprinin “Afrodita” yataqlarının qazını Avropaya çatdıracaq Şərqi Aralıq dənizi qaz boru xəttinin (EastMed pipeline) tikintisi haqqında sazişi imzalanıb. Ötən müddət ərzində hər 3 tərəf sazişi ratifikasiya edib, layihənin icrasına başlanıb.
Avropa İttifaqı layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün 34,5 milyon avro ayırıb, onu özü üçün maraq dairəsində olan layihə elan edib. Bu isə o deməkdir ki, çəkiləcək kəmər Avropa Komissiyasının 3-cü enerji pasketinin təsir dairəsinə düşməyəcək. Bundan əlavə, ABŞ da layihəni dəstəkləyib. Hətta Afinadakı imzalanma mərasiminə ABŞ-ın o vaxtkı dövlət katibi Mayk Pompeo da qatılmışdı. Beləliklə, həm Avropa İttifaqının, həm də ABŞ-ın dəstəyini alan “EastMed pipeline” İsarilin “Leviafan” və Kiprin “Afrodita” yataqlarından qazın Kipr adası və Kritdən Yunanıstanın materik hissəsinə, oradan isə İtaliyaya qədər çatdırılmasını nəzərdə tutur. Uzunluğu 1900 kilometr olan qaz kəmərinin 1300 kilometri dənizin altından, 600 km-i isə qurudan keçəcək. Layihənin ümumi dəyəri 7 milyard dollar hesablanır. Lakin əksər analitik mərkəzlər bu məbləğin 9 milyard dollara qədər artacağını gözləyirlər. 2025-2026-cı illərdə istifadəyə verilməsi nəzərdə tutulan kəmərin illik layihə ötürücülük gücü 10 milyard kubmetr olacaq. Türkiyə Kiprə məxsus sərvətlərdən Şimali Kiprin də bəhrələnmək hüququnun olduğunu bəyan edərək, sazişdə bu hüququn təsbit olunmadığına görə ona qarşı çıxıb. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Şimali Kiprin maraqlarının təmin olunmadığı müddətdə kəmərin çəkilməsinə imkan verməyəcək.
Ötən il Liviya ilə Türkiyə arasında əldə edilən razılaşmaya əsasən kəmərin keçəcəyi ərazinin bir hissəsi - Kipr adasının Şərq akvatoriyası Türkiyənin müstəsna iqtisadi ərazisi hesab olunur. Bu isə o deməkdir ki, həm layihənin iştirakçıları, həm də əsas dəstəkçisi olan Avropa Birliyi Ankara ilə hesablaşmalı olacaqlar.
Türkiyə həmçinin İsraillə münasibətlərini normallaşdırır ki, bu da İsrail qazının Türkiyə üzərindən Avropaya nəqlini nəzərdə tutan kəmərin reallaşması imkanlarını artırır. 2016-cı ildə layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlamaq üçün ikitərəfli işçi qrup formalaşdırılıb. Lakin münasibətlərin gərginləşməsi onun arxa plana keçməsinə səbəb olub. Hazırda İsraillə Türkiyə arasında münasibətlərdə ciddi dönüş müşahidə olunur. Prezident R.T.Ərdoğan tərəflərin qaz kəməri ilə bağlı konkret razılıq əldə etməsini istisna etmir.
Elxan Şahinoğlu
Beləliklə, Türkiyə Yunanıstanla münasibətlərin yeni mərhələsinə qədəm qoyur. Yunanıstan xarici işlər nazirinin Ankaraya səfəri prosesə nə qədər ciddi töhfə verə bilər? Ölkələrin aralarındakı problemləri həll etmək imkanları nə qədər böyükdür? Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun dediyinə görə, Türkiyə ilə Yunanıstan arasında münasibətlər qeyri-sabitliyi ilə diqqəti cəlb edir: “Münasibətlər gah gərginləşir, gah mülayimləşir, sonra yenidən gərginlik yaranır. Uzun illərdir biz bunun şahidi oluruq. Yunanıstanın Türkiyə yaxınlığındakı adaları hərbiləşdirməsi Türkiyənin maraqlarına, beynəlxalq konvensiyalara ziddir. Ölkələr arasında buna görə münasibətlər bir neçə il əvvəl son dərəcə kəskinləşdi, hətta hərbi müdaxilə məsələsi də gündəmə gətirildi. Sonra Yunanıstan bundan nəticə çıxararaq müəyyən geri addımlar atdı və gərginlik aradan qalxdı, münasibətlərin normallaşması üçün zəmin formalaşdı. Türkiyədə də mühüm seçkilər arxada qalıb, Prezident Rəcəb Tayyib Ərdoğan yaxın qonşularla münasibətləri normal axara qaytarmağa çalışır. Burada yalnız Yunanıstan deyil, İsrail, Suriya kimi məsələlər də var. İsraillə münasibətlər normallaşıb demək olar ki. Suriyadakı rejimlə münasibətlərin normallaşması yəqin ki, mümkün deyil. Amma ən azından diplomatik təmasların yaradılması mümkündür”.
Politoloqa görə, yunan nazirin Ankaraya rəsmi səfərindən böyük gözləntiləri yoxdur: “Düşünmürəm ki, tərəflər arasındakı fundamental problemləri bir dəfəyə aradan qaldıracaq hansısa böyük razılaşmalara nail olunacaq. Amma hər bir halda, eyni alyansın üzvü olan iki dövlətin münasibətlərində növbəti gərginləşmənin qarşısını alacaq razılaşmalar mümkündür. Ən əsası isə Yunanıstan Türkiyə yaxınlığındakı adaları hərbiləşdirməkdən geri durmalıdır. Nəhayət, tarixən ticari-iqtisadi bağlılığı olan ölkələr arasında bu sahədə də münasibətlər tənzimlənə bilər”.(musavat.com)
Dünya SAKİT