“QƏRB QARABAĞI AZƏRBAYCANIN TƏRKİBİNDƏ GÖRMƏK İSTƏYİR” - “Ermənistan ayaq altında qalacaq...”
“Sülh müqaviləsi ilə Azərbaycan Qarabağ məsələsini tam bağlayacaq”
ABŞ-nin Ermənistandakı səfirinin Qarabağa dair son açıqlamasının əks-sədası davam edir. Məlum olduğu kimi, bir neçə gün əvvəl səfir Kristina Kvin deyib ki, ABŞ Qarabağın erməni sakinlərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşayacağına inanır.
Yenixeber.org: Ermənistanın İndoneziya və Sinqapurdakı sabiq səfiri Dzunik Ağacanyan ABŞ səfirinin timsalında Qərbin Ermənistana və Qarabağa dair mövqeyini tənqid edib. Onun erməni mətbuatında yer alan açıqlamasından görünür ki, Rusiyanı və Qarabağdakı “sülhməramlı” kontingenti müdafiə edən xanım səfir Qərbi ermənilərin maraqlarını satmaqda günahlandırır.
Sülh müqaviləsinin əleyhinə çıxan səfir deyib: “Sülh müaviləsi tarixdə ilk dəfə Azərbaycana Qarabağ məsələsini tam bağlamağa imkan verəcək. İndiki vəziyyətdə sülh müqaviləsi qətiyyən yolverilməzdir. Dəfələrlə sübut olunub ki, bu müqavilədə Ermənistanın maraqları təmin olunmur”.
Qatı millətçi və Baş nazir Nikol Paşinyana qarşı radikal mövqeyilə seçilən erməni səfir deyib ki, “sülhməramlılar”dan və Rusiyadan “möhkəm yapışmaq” lazımdır, Qərb isə satqındır: “Burada sülhməramlılar çox vacib faktordur. Çünki onlara qarşı edilən istənilən hərəkət Rusiyaya qarşı hərəkət sayılacaq. Onları hərbi əməliyyatlara cəlb etmək, diskreditasiya etmək və tərəfsiz sülhməramlı olmadıqlarını göstərmək, bununla da Qarabağdan çıxarmaq, daha sonra isə Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq istəyirlər. Şübhə yoxdur ki, sülhməramlılar çıxarılan kimi ermənilərin köçürülməsi baş verəcək. Rusiya tərəfli kövrək də olsa tarazlığı, stabilliyi saxlamağa çalışır. Çünki bilir ki, qarşıdurma olsa, onun üçün ikinci cəbhə açılacaq və Ermənistan ayaq altında qalacaq. Biz burada hamının düşündüyündən daha geniş cəbhə görəcəyik. Ona görə də Rusiya ehtiyatlı siyasət aparır. Qərb isə danışıqları dəstəkləyir, lakin öz maraqlarını güdür. Ermənistana indiki hakimiyyət bunun üçün gətirilib. ABŞ səfirinin sözləri təəccüb doğurmur. Qərb Qarabağı Azərbaycanın tərkibində görmək istəyir. Sadəcə, bu deyil, Qərb bunu əvvəldən planlaşdırmışdı. Qərb Qarabağı Azərbaycana verməklə, onu anti-İran və anti-Rusiya hərəkətlərinə razı salmaq istəyir. Burada siyasi məqsədyönlük üstünlük təşkil edir və Ermənistan cəmiyyətinin demokratiyaya inamı onun özünə qarşı çevrilir”.
Göründüyü kimi, Qərbin aparıcı qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünə dair birmənalı mövqeyi və Rusiyanın regiondan sıxışdırılması təhlükəsi Moskvanın Ermənistandakı nüfuz agentlərini və ümumilikdə millətçi, revanşist kəsimi olduqca məyus və narahat edib. Ona görə də Kreml bu cür millətçi və təxribatçı ünsürləri xeyli aktivləşdirib.
Bu yolla Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına və bu mövzunun tədricən tarixin arxivinə göndərilməsinə, qan axıdılmasına son qoyulmasına imkan verməməyə çalışırlar.
Qeyd edək ki, Ermənistanda kifayət qədər tanınan Dzunik Ağacanyan məhz Nikol Paşinyanın hakimiyyəti dövründə səfir statusu alıb. 2019-cu ilin martında diplomatik status alan, həmin vaxt da İndoneziyaya və Sinqapura səfir təyin olunan Ağacanyan ötən ilin iyulunda geri çağırılıb. O vaxtdan vəzifə verilməyən xanım diplomatın Paşinyan hakimiyyətinə qarşı çıxmasında bu amilin də rol oynadığı şübhəsizdir.(azpolitika)
C.Məmmədov