"Russian Field” müstəqil sosioloji araşdırma platformasının təqdim etdiyi nəticələr düşündürücüdür
Yenixeber.org: Bu ilin fevralında Federal Məclisə müraciətində Vladimir Putin Rusiyada prezident seçkisinin vaxtında-2024-cü ilin martında keçiriləcəyini vəd edib. Qanuna görə, bu ilin dekabr ayında seçki kampaniyasına start verilməlidir. Rusiyada son prezident seçkisi 18 mart 2018-ci il tarixində keçirilib. Qanunvericiliyə əsasən, prezidentlik müddəti 6 ildir.
Bəs, Putin 295 gündən sonra keçiriləcək seçkidə iştirak edəcəkmi? Bununla bağlı hazırkı dövlət başçısı bildirib ki, konstitusiyaya görə onun bu hüququ var. “Hələlik, 2024-cü ildə kimin nə planlaşdırdığını söyləmək tezdir”, – Putin çıxışlarının birində deyib. Putin vurğulayıb ki, onun yenidən seçilməsi Rusiya üçün hədəf deyil. Amma ehtimal ki, fövqəladə nəsə baş verməsə, onun seçkiyə qatılacağı şübhə doğurmur.
Fəaliyyəti Rusiyada qadağan edilən “Novaya vremya” nəşri xəbər verir ki, "Russian Field” - müstəqil sosioloji araşdırma platforması 13-16 may tarixlərində prezident seçkisi ilə bağlı sorğu keçirib.
Nəticələrə görə, respondentlərin 53%-i qərarları effektiv olan siyasətçiyə səs verəcək, respondentlərin 23%-i qərarları əxlaqi olan siyasətçini seçəcək.
Sorğuda iştirak edən rusiyalıların 48%-i öz regionlarında seçkilərin kifayət qədər ədalətli keçirildiyini, 39%-i isə nəticələrin saxtalaşdırıldığını düşünür.
Respondentlərin 43%-i bildirib ki, əgər 2024-cü ildə keçiriləcək prezident seçkilərinin ləğv edilərsə, bu qərara mənfi reaksiya verəcək, 21%-i müsbət, 30%-i isə bitərəf olacaq.
Respondentlərin 66%-i hesab edir ki, Rusiya prezidentinin iki müddətdən artıq vəzifə tutmasına icazə verilə bilər. 30% -i isə bunun yolverilməz olduğunu bildirib.
Rusiya prezidentinin malik olmalı olduğu keyfiyyətlərə dair ən populyar üç cavab dürüstlük (30,3%), ədalətlilik (15,9%) və xalqa yaxınlıqdır (13,6%). Respondentlərin 8,3%-i ölkənin maraqlarını, 8,1%-i kəşfiyyat və təhsil, 7,9%-i qətiyyətlilik, 5,6%-i xeyriyyəçilik və ədəb-ərkanı qeyd edib.
“Vladimir Putinin nəyini bəyənirsiniz?” açıq sualına ən populyar cavablar qətiyyətlilik (7,9%) və məqsədyönlülükdür (7,6%). Respondentlərin 6,4%-i dürüstlük və ədəbliliyi, 6,3%-i prezidentin əməl və nailiyyətlərini, 6,1%-i ziyalılığı qeyd edib.
Əksər hallarda respondentlər prezidentin yumşaqlığından (5,2%) narazıdırlar. 4,4% hesab edir ki, Putin daxili siyasətə kifayət qədər diqqət yetirmir.
“Prezident seçkisində istənilən şəxsə səs vermək imkanı verilsə, kimi seçərdiniz” sualına respondentlərin 30,2%-i namizəd kimi Vladimir Putinin adını çəkib, 28,8%-i cavab verməkdə çətinlik çəkib. Seçkidə namizəd kimi görmək istədikləri şəxslərin sıralaması isə belədi: Priqojin (2%), Navalnı (1,8%), Furqal (1,1%).
Respondentlərin 29,4%-i maraqlarını ən yaxşı şəkildə təmsil edən partiyanın adını çəkməkdə çətinlik çəkir, 24,8%-i isə belə partiyaların olmadığı qənaətindədir. Səsləndirilən variantlar arasında “Vahid Rusiya” böyük fərqlə (21,1%) liderlik edir, ondan sonra Kommunist Partiyası (6,2%), Liberal Demokrat Partiyası (6,1%), “Ədalətli Rusiya – Həqiqət naminə” (3,4%) gəlir.
Eyni zamanda, sorğuda iştirak edən rusiyalıların 30,9%-i hər hansı partiyaya səs verəcəkləri ilə bağlı suala cavab verməkdə çətinlik çəkib.(musavat)
Orxan ƏLİYEV