Azərbaycan siyasi düzəninə həmrəylik möhürü vuran partiya-VHP
Partiyanın 30 il öncə, təsis qurultayında irəli sürdüyü şüar bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlamışdır. Nicatımız – Vətəndaş Həmrəyliyindədir!
Yenixeber.org: Vətəndaş Həmrəyliyi Partiyasının tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşür. Partiyanın yaranması Dövlət Müstəqilliyinin elanından bir il sonraya təsadüf etsə də bu məqama gətirib çıxaran yol 1988-ci ilin Meydan hərəkatından başlamışdı. Bu mənada VHP-nin yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
VHP-nin yarandığı siyasi şərait
Milli Azadlıq Hərəkatı Azərbaycanın müstəqilliyinə nail olduqdan sonra yeni dövlətin iqtisadi inkişafı və azad, demokratik cəmiyyətin yaradılması zərurəti yarandı ki, bu da özlüyündə ölkənin rifahını müxtəlif ideyalarda görən şəxslərin başqa-başqa siyasi qurumlarda mübarizəsini şərtləndirdi. Həmin dövrdə – 1992-ci ildə müxtəlif partiyalar yarandı. Hüquqi münasibətlər və siyasi etika çərçivəsində fəaliyyət göstərən belə partiyaların yaranması və hakimiyyət mübarizəsinə qatılması ölkənin inkişafı, fikir azadlığının təmini baxımından bəlkə də uğurlu hal kimi qiymətləndirilə bilər. Ancaq nəzərə almaq lazımdır ki, siyasi partiyaların çoxluğu və bu çoxluğun yarada biləcəyi xaos ərazisinin bir hissəsi işğal olunmuş, müharibə şəraitində olan, şimaldan və cənubdan xarici təhdidlərə məruz qalan Azərbaycan üçün çox təhlükəliydi. Çünki ordunun tam qurulmadığı, könüllü özünümüdafiə batalyonlarının bir mərkəzə tabe olmadığı və mərkəzləşmiş hakimiyyətin formalaşmadığı dövrdə xalqın lokomotivi sayılan insanların siyasi mübarizə yollarının ayrılması fəsadsız ötüşə bilməzdi. Təəssüf ki, həmin fəsadlardan qaçmaq mümkün olmadı. Millət vəkili Sabir Rüstəmxanlı da məhz bu ərəfədə gözlənilən təhlükəni hiss edib, eyni zamanda bu günə kimi Azərbaycanı həm mənəvi, həm də coğrafi baxımdan parça-tikə edən tarixi səhvlərimizdən nəticə çıxararaq həmrəylik ideyasının tərəfdarlarını bir araya gətirdi: 1992-ci il sentyabrın 26-da Gənc Tamaşaçılar Teatrında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) I təsis qurultayını keçirdi. Bu qurultayda Azərbaycanın taleyini düşünən insanlar ölkənin siyasi həyatına yeni ideologiya gətirəcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Meydan hərəkatının lideri, ədəbi və siyasi mübarizəsi ilə bütün ölkə boyu böyük sevgi və nüfuza sahib olan Sabir Rüstəmxanlını Vətəndaş Həmrəyliyi Partiyasının sədri seçərək onun ətrafında birləşdilər. VHP 3 noyabr 1992-ci ildə 7-ci siyasi partiya olaraq dövlət qeydiyyatına alıdı. VHP-nin ilk addımından nicat yolumuzun Vətəndaş Həmrəyliyində olduğunu bəyan etdi.
Vətəndaş Həmrəyliyi ideyası: tarixi zərurət
Beləliklə hələ müstəqilliyinin bir ili tamam olmamış Azərbaycan Respublikasının siyasi həyatına yeni bir qurum qatıldı: Vətəndaş Həmrəyliyi Partiyası. Dünyanın ictimai-siyasi mübarizələr tarixində yaranmış və dəbdə olan müəyyən ideoloji ənənələrə bağlı olan partiyalardan sonra Vətəndaş Həmrəyliyi siyasi ədəbiyyatda rastlanılmayan bir ad idi və qulaqlara yad gəlirdi. Lakin partiyanın qurucuları adı, zahiri effektləri yox ölkənin və xalqın ehtiyaclarını nəzərə almışdılar, yeni dövlətin maraqları, gələcəyi baxımından ən doğru siyasi yolu seçmişdilər. Yeni dövlət müharibə şəraitində idi, üstəlik erməni işğalçılarına dəstək verən qüvvələr ölkəni zəiflətmək üçün hakimiyyət uğrunda mübarizə aparan digər iddiaçıları və etnik qrupları da qızışdırmaqla yeni münaqişə ocaqları yaratmağa çalışır, qarşıdurmalar, bölücülük meyilləri bir-birini əvəz edirdi. Belə bir vaxtda yeni partiya ölkənin milli varlığının və gələcəyinin təminatı olan əsas prinsipləri, siyasi ideoloji hədəfi düzgün müəyyənləşdirmişdi.
Partiyanı təsis edənlərin çoxu zəngin iş təcrübəsi olan, addımlarının məsuliyyətini dərk edən, meydan hərəkatında sınanıb möhkəmlənmiş və Azərbaycanın bütün bölgələrini əhatə edən ziyalılar idi: Haqq dünyasına qovuşanlara Tanrıdan rəhmət diləyir, digərlərinə indi harda çalışmalarından və hansı siyasi cəbhədə dayanmalarından asılı olmayaraq uğurlar arzulayırıq.
Ölkədə yetərincə tanınan, sevilən, meydan hərəkatının əsas təşkilatçı və liderlərindən biri kimi şöhrət qazanmış Sabir Rüstəmxanlı partiyanın təsis qurultayındakı çıxışında demişdi: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir... Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək, vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq... Mən mövcud partiyaların adını mətnə daxil etməklə hələ ilk addımlarını atan təşkilatımızı onlara qarşı qoymaq istəmirəm. Sadəcə ümumi məqsədimizə doğru yolda gələcəkdə hansı ideyanın aparıcı rol oynayacağını nəzərə çatdırmaq istəyirəm və arzu edirəm ki, bu ideya bizim siyasi partiyalar arasında münasibətlərin təməl daşı olsun”.
Müsavat partiyasının ikinci proqramında böyük Məmməd Əmin Rəsulzadənin irəli sürdüyü milli təsanüd (milli həmrəylik) nəzəriyyəsini davam və inkişaf etdirərək Vətəndaş Həmrəyliyinə çevirməklə VHP çağdaş dünyamızda vətəndaşlıq amilinin və vətəndaş cəmiyyəti quruculuğunun ölkənin var oluşu və gəlişməsi baxımından önəmini irəli çəkmişdir.
VHP seçkilərdə
VHP seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu ilə ölkənin aparıcı siyasi partiyalarından biridir. VHP müstəqillik dönəminin bütün parlament və bələdiyyə seçkilərində iştirak edən və nəticə əldə edən müxalifət partiyalarından biridir. Vətəndaş Həmrəyliyi Partiyası 2003-cü ildə prezident seçkilərinə qatılmışdır. VHP sədri Sabir Rüstəmxanlının prezidentliyə namizədliyi irəli sürülmüşdür. Prezident seçkiləri zamanı ölkənin bütün böyük şəhərlərində, rayon mərkəzlərində kütləvi görüşlər, seçki zamanı Bakıda möhtəşəm yürüş-mitinq keçirmişdir. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan müstəqillik tarixində hər zaman parlamentdə təmsil olunub. 2020-ci ildə VHP 75 seçki dairəsindən namizəd irəli sürüb və onlardan 3 nəfəri parlamentə seçilib və hazırda ana müxalifət partiyası olaraq Milli Məclisdə vitse-spiker postunu VHP sədrinin müavini Fəzail İbrahimli tutur. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanda keçirilən bütün bələdiyyə seçkilərində iştirak edib. VHP-dən bələdiyyələrə 1999-cu ildə 500, 2004-cü ildə 103, 2009-cu ildə 115, 2019-cu ildə isə 8 nəfər üzv seçilib. Hazırda partiya üzvləri ölkənin 10-a yaxın bələdiyyələrində təmsil olunmaq hüququ qazanıblar. Parlament və bələdiyyə seçkiləri zamanı VHP öz namizədlərinin təşviqat kompaniyası çərçivəsində bütün ölkə boyu görüşlər keçirmiş, bu zaman partiyanın məram və məqsədləri ictimaiyyətə təbliğ olunmuşdur.
VHP siyasi birliklərdə
VHP bu günə kimi müxalifət partiyalarının təşkil etdiyi əksər birlik, blok və digər qurumlarda təmsil olunub. Milli Müqavimət Hərəkatı, Demokratik Konqres, SİDSUH, DUH, Dəyirmi Masa, Müxalifətin Koordinasiya Mərkəzi, İctimai Palata, Milli Şura, Qarabağ Komitəsinin formalaşmasında iştirak edib.
Müxtəlif siyasi bloklarda təmsil olunmaqla bərabər VHP 30 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirmişdir. Bölgədə gedən mürəkkəb ictimai-siyasi proseslər vətəndaş həmrəyliyinin Azərbaycan cəmiyyəti üçün ən düzgün və gələcəyimizə yönəli ideologiya olduğunu sübut etmişdir.
Xarici əlaqələr
Vətəndaş Həmrəyliyi Partiyası bir sıra beynəlxalq təşkilatlar, siyasi qurumlar və xarici ölkələrin siyasi partiyaları ilə əməkdaşlıq edir. Almaniya, ABŞ, İsveç, Polşa, Gürcüstan, Qazaxıstan, Ukrayna, Moldovada fəaliyyət göstərən siyasi təşkilatlar və Türkiyənin MHP, AkParti, CHP, İYİ Parti, BBP və digər partiyalarla VHP-nin sıx əlaqələri var. VHP-çi deputatlar Avropa Şurasının, Avropa Birliyinin və İslam Konfransı Təşkilatının parlament komitələrinin üzvləridirlər, həmçinin VHP-nin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP), ABŞ-ın Respublikaçılar və Demokratlar İnstitutları ilə qarşılıqlı əməkdaşlıq münasibətləri var. VHP sədri Sabir Rüstəmxanlı ABŞ konqresində, İsveç, Almaniya, Belçika, Ukrayna və Avstraliya parlamentlərində keçirilən beynəlxalq konfranslara qatılaraq çıxış edib. VHP üzvləri ATƏT, Avropa Şurası, ABŞ-ın və Avropanın bir sıra ölkələrindəki siyasi partiyalarının təşkil etdiyi konfranslarında iştirak ediblər.
VHP yönətiçiləri
VHP-nin sədri Milli Azadlıq Hərəkatının liderlərindən biri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlıdır. Sabir Rüstəmxanlı 1991-ci ilin 18 oktyabrında qəbul edilən Dövlət Müstəqilliyinin Bərpası haqqında Dövlət Aktının müəlliflərindən, Azərbaycanın 43 İstiqlalçı Deputatından biridir. VHP Siyasi Şurasının üzvləri: Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Felmar Ələkbərli, Rafiq Manaflı, Samir Əsədli, Elxan Mirzəyev, Arif İsmayılbəyli, Yusif Salmansoy, Nəsimi Şərəfxanlı, İbrahim Quliyev, Faiq Balabəyli, Şəfəq Quliyeva, Asif Şəkərli, Səlahəddin Əsgər və Yusif Xantemirov.
VHP hədəfə doğru
Vətəndaş Həmrəyliyi Partiyasının bu günə kimi 8 qurultayı keçirilib. Hazırda partiyanın respublikanın 81 bölgə (şəhər/rayon) və 1 muxtar respublika təşkilatı fəaliyyət göstərir. Bu gün ölkədə gedən proseslər və siyasi partiyaların bəyan etdiyi ideoloji sistem VHP-nin 30 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və müasir olduğunu nümayiş etdirir. Siyasi leksikonumuza Vətəndaş Həmrəyliyi ifadəsini məhz VHP gətirmişdir. Bu gün 82 bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvü vardır. Partiya təşkilatlarında və rəhbərliyində ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda demokratik qüvvələr düşərgəsində ön sırada dayanan partiyalardan biridir. Azərbaycanın iqtisadi yüksəlişi, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfi olaraq qalır.
Partiyanın 30 il öncə, təsis qurultayında irəli sürdüyü şüar bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlamışdır. Nicatımız – Vətəndaş Həmrəyliyindədir!
VHP Siyasi Şurası