Ölkəmizin yerləşdiyi bölgə ətrafındakı proseslərin təhlükəli pərdəarxası
Avropa İrana, ABŞ Türkiyəyə qucaq açır, bəs Azərbaycan?; Rusiya “5-ci kolon”çularının qəfil fəallaşması, Sterliqov “sindromu” müstəqilliyimizə və Qarabağa nə vəd edir?
"Xeberinfo.com": İranın nüvə proqramı ilə bağlı Tehranla “Altılıq” ölkələri arasında əldə edilmiş 14 iyun Vyana anlaşması cənub qonşumuzun dünyaya, Qərbə təzədən açılmasına yaxşı fürsət yaradıb. Artıq iri Qərb şirkətləri bir-birinin ardınca İslam Respublikası ilə bağlı əməkdaşlığı yüksək səviyyədə qurmaq üçün fəaliyyətə keçib. Təbii ki, burada söhbət qarşılıqlı mənfəət və maraqlardan gedir.
Paralel surətdə İranla Qərb dövlətləri, o cümlədən Avropa Birliyi arasında qırılmış münasibətlər sürətlə qaydaya salınır, vaxtilə pozulmuş diplomatik əlaqələr - səfirlik və konsulluqlar bərpa olunur. Bu fonda həmçinin qarşılıqlı, siyasi-diplomatik xarakterli gediş-gəlişlər, səfərlər intensivləşməyə başlayıb.
Məsələn, dünən Fransanın xarici işlər naziri Loran Fabius İrana gedib. Fabiusun prezident Həsən Ruhani, İran XİN rəhbəri Məhəmməd Cavad Zəiriflə görüşü gözlənilirdi. Fransa XİN-in rəsmi nümayəndəsi Romen Nadalın sözlərinə görə, söhbət Fransa diplomatiya rəhbərliyinin 12 il ərzində İrana ilk səfərindən gedir. “Səfər iki ölkə arasında siyasi dialoqun bərqərar olmasına kömək edəcək. Görüşlər zamanı Fransa-İran əlaqələrinin əsas məqamları, regional məsələlər, eləcə də Parisdə keçirilən iqlim konfransı müzakirə olunacaq” - qeyd edib XİN yetkilisi.
***
Öz növbəsində rəsmi Tehran da dünyaya, Qərbə daha yaxşı açılmaq, iri xarici investisiyaları cəlb eləmək üçün birtərəfli qaydada addımlar atmaqdadır. O sırada srağagün İran 7 ölkə - Türkiyə, Azərbaycan, Livan, Misir, Gürcüstan, Suriya və Boliviya vətəndaşları üçün viza rejimini götürüb. Sadalanan ölkələrin vətəndaşları 90 gün müddətində vizasız bu ölkədə qala biləcəklər. Məlumatlara görə, belə bir qərar həm də İranda turizmin inkişafına hesablanıb. Tehranın daha 60 ölkəyə qarşı eyni qərarı verəcəyi bildirilir.
Diqqətçəkicidir ki, viza ləğv edilən ilk 7 ölkə arasında Rusiya və işğalçı Ermənistan yoxdur. Halbuki cənub qonşumuzun Moskva və İrəvanla elə bir problemi mövcud deyil. Hər necə olmasa, bu iki ölkəyə qarşı vizanın saxlanması Rusiya ilə gərgin münasibətlərdə olan Qərbə və Ermənistanla müharibə vəziyyətində olan Azərbaycana özünəməxsus mesaj təəssüratı bağışlayır, beynəlxalq hüququ eyni dərəcədə ayaqaltı eləmiş iki işğalçı dövləti Tehranın ayrı bir rəfə qoyması təsəvvürü formalaşdırır.
***
Burdaca qeyd edək ki, ABŞ-dan fərqli olaraq Avropa, ələlxüsus da Fransa və Böyük Britaniya ənənəvi olaraq İslam Respublikası ilə yaxşı münasibətlərdə olub. ABŞ isə ənənəvi olaraq bölgədə Türkiyəyə stavka edib. Son günlər bu müttəfiqlik özünü Ankaranın İŞİD və PKK terroruna qarşı mübarizəsində Vaşinqtonun və Brüsselin verdiyi dəstəkdə, Suriya ərazisində iki ölkənin bufer (təhlükəsizlik zonası) yaratmaqla bağlı ortaq qərarında bir daha nümayiş etdirdi.
Növbəti dəfə bəlli oldu ki, qardaş ölkə ABŞ və Avropa üçün bölgədə əsas, açar ölkə olaraq qalır. Doğrudur, bəzi ehtimallara görə, Türkiyəyə verilən dəstəyin qarşılığında ABŞ ondan Ermənistanı Rusiyanın ağuşundan qoparmaq üçün konkret əvəz istəyə bilər - misal üçün, sərhədlərin açılması formasında. Ancaq hətta belə bir tələb-istək olsa belə, şübhə yox ki, Ankara bunu Bakının istəkləri nəzərə alınmaqla həyata keçirəcək.
Bütün hallarda Türkiyə ilə ABŞ-ın münasibətlərində pozitiv inkişaf söz yox ki, Qarabağ kimi üzücü bir problem yaşayan Azərbaycanın da köklü maraqlarına uyğundur. Son vaxtlar rəsmi Bakının Qərbə (ABŞ və Avropaya) münasibətdə yumşaq ritorikaya keçməsi bu xüsusda qardaş ölkə ilə ABŞ-ın ilıqlaşan əlaqələri ilə sinxronluq təəssüratı yaradır və müsbət tendensiya sayıla bilər.
Bu tendensiyanı qalıcı və daimi eləmək üçün rəsmi Bakının da görməli olduğu işlər var. Məsələn, tərəflər arasında etimadsızlıq divarı kimi qalmaqda olan siyasi məhbuslar məsələsində çoxdan gözlənilən addımı atmaq zamanı çatıb. Belə bir addım Qərblə münasibətləri tam qaydaya salmaq niyyətinin səmimiliyinin parlaq təsdiqi olar, öz pozitiv təsirini dərhal Qarabağ məsələsində də göstərərdi.
Hər halda, qərbyönlü qüvvələrin tanınmış təmsilçilərin (Anar Məmmədli, İlqar Məmmədov, Tofiq Yaqublu, Rauf Mirqədirov, Rəsul Cəfərov, Leyla Yunus və başqaları) bundan sonra da həbsdə saxlanması yeni və ümidverici ritorika ilə, ən önəmlisi, bölgədə formalaşmış son geosiyasi situasiya ilə uzlaşmır.
***
Yeri gəlmişkən, Azərbaycanda Rusiya “5-ci kolon”çuların qəfildən məhz bu ərəfədə fəallaşması (Azərbaycanda “Avrasiya Hərəkatı”nın təsis edilməsi) diqqət çəkir. O da maraqlıdır ki, Qərbin “5-ci kolonu”na qarşı olduqca sərt olan hakimiyyətimiz Azərbaycanı Rusiya boyunduruğuna salmağı hədəfləmiş və açıq fəaliyyətə keçən Rusiya “5-ci kolon”çularına (Ilqar Qasımov, Nəriman İmranov) qarşı olduqca tolerant davranır.
Xatırladaq ki, “Avrasiya Hərəkatı”nın Rusiyadakı lideri, Kremlin “danışan dilləri”ndən hesab edilən, avantürist və hədələyici açıqlamaları ilə tanınan Aleksandr Duqindir. Jirinovskinuin başqa bir siyasi tayı olan bu adam Qarabağ mövzusunda dəfələrlə Azərbaycanın, müstəqilliyimizin əleyhinə fikirlər söyləyib, hətta hədələr səsləndirib.
Bu da onun - Duqinin fikridir ki, Dağlıq Qarabağ problemi yalnız Azərbaycanla Ermənistan Avrasiya İttifaqına qoşulduqdan sonra mümkün ola bilər, nəinki Bakıya hansısa güzəştlərdən sonra. Yəni boş vəd məsələsi...
Belə bir absurd ideyanın müəllifinin Azərbaycanda tərəfdarlar tapması və tərəfdarların hökumətin gözü önündə açıq təbliğata başlaması (bura rusiyalı avantürist oliqarx German Sterliqovun Azərbaycan əleyhinə fəaliyyətə keçməsini də əlavə edin) nəinki Qarabağa, bütövlükdə Azərbaycana və onun suverenliyinə yaxşı heç nə də vəd edə bilməz.
***
Bölgəmizdə və ətrafında cərəyan edən bu və başqa təhlükəli proseslərdən qənaət hasil olur ki, Rusiya Qərbi elə Azərbaycanın öz içindən “vurmaq” istəyir. Ölkəmiz uğrunda geosiyasi rəqabət gerçəkdən də daha sərt və bəlkə də sonuncu mərhələyə adlayıb. Bu mərhələni yalnız qardaş Türkiyə ilə birgə və Qərbə ciddi reveranslar hesabına, bir də təbii ki, Azərbaycan cəmiyyətini, yerli milli-demokratik qüvvələri baş verənlərdən vaxtında hali eləməklə uğurlu şəkildə adlamaq mümkündür.