Bakıdan İrəvana sərt ismarış:“Müharibə partiyası” ilə danışıq aparılmayacaq!
“Qan-qan” deyən erməni müxalifətinə xəbərdarlıq: kapitulyasiya haqda üçtərəfli sənədin etibarsız elan edilməsi Ermənistanın sonunu gətirə bilər...
Yenixeber.org: Rusiya Ermənistanda 20 gündür davam edən anti-hökumət aksiyalarının arxasında durmadığını rəsmən bəyan eləsə də, fakt budur ki, baş nazir Nikol Paşinyanı devirməyə çalışan qüvvələr əsasən Moskvaya bağlı qüvvələr - Sərkisyan-Köçəryan tandemi qismində Qarabağ klanı və digərləridir. O da sirr deyil ki, Kreml Ukrayna böhranı bəhanəsi ilə Bakı-İrəvan sülh barışığına maraq göstərmir - sözdə bunun əksini iddia eləsə də.
Eyni hədəfi radikal erməni müxalifəti güdür. Yəni Rusiya ilə revanşistlərin məramı hazırkı mərhələdə üst-üstə düşür. “Müharibə partiyası”nın ən azından, altdan-altdan Rusiya tərəfindən dəstəkləndiyi və yönləndirildiyi də istisna deyil. Düzdür, belə fikir var ki, Kremlə bölgədə xüsusən də Ukrayna müharibəsi fonunda nəticələri proqnoz edilməyən yeni müharibə gərək deyil. Ancaq görünür, heç sülh də gərək deyil. Çünki sonuncu halda Moskvanın Azərbaycan və Ermənistana ənənəvi təzyiq rıçaqı aradan qalxmış olacaq.
Bu qənaəti gücləndirən gəlişmələrdən biri də iki gün öncə Moskvada Rusiya Prezidenti Vladimir Putinin Nikol Paşinyanla görüşdə söylədiyi sözlərdir. Rusiya lideri Paşinyana deyib: “Biz Qarabağ probleminin həllində birgə fəal işləməyə davam edirik”.
Görəsən, hansı “Qarabağ problemi”ndən söhbət gedir? Azərbaycanın belə bir problemi yoxdur. Yalnız Ermənistanla sülh müqaviləsi ilə bağlı problem var, sərhədlər məsələsi var. Əgər Moskva həqiqətən iki ölkə arasında barışıqda maraqlıdırsa, məhz bu prosesə dəstək verməlidir. Bu da gözə dəymir. Yalnız quru bəyanatlar, boş vədlər.
*****
Maraqlıdır ki, Ermənistanın özündə də Kremlin heç də ermənilərə faydası olmayacaq gerçək niyyətindən xəbərdar olanlar var.
“Moskvanı çox narahat edən daha bir nüansı nəzərə almaq lazımdır. Bu, digər məsələlərlə yanaşı, dünən (srağagün - red.) Avropa İttifaqının İrəvan ofisi qarşısında keçirilən etiraz aksiyasının səbəbinə də aydınlıq gətirir. Hər şeydən göründüyü kimi, Ermənistanla Azərbaycan arasında sülh prosesi Rusiyadan çox Avropada daha yaxşı alınır. Lakin sonuncu (Rusiya - red.) bununla heç cür barışa bilmir ki, kimsə onu danışıqlar prosesindən kənarlaşdıra və bununla da onun İrəvan və Bakıya təzyiq rıçaqlarını əlindən ala bilər”.
Bunu erməni siyasi şərhçi Tevos Arşakyan Armenianreport.com-dakı məqaləsində yazır.
Arşakyana görə, məhz buna görə də son vaxtlar Ermənistanda keçmiş hakimiyyətin nəzarətində olan KİV-lərdə, Telegram kanallarında anti-Qərb yazıları göbələk kimi artıb: “Bu yazıların mahiyyəti bir məsələyə gedib dirənir: Avropa və ABŞ Paşinyanı ”Artsax"dan tamamilə imtina etməyə və Bakının bütün şərtlərini qəbul eləməyə məcbur edir. Bu, erməni xalqının hissləri üzərində qurulmuş sinik oyun olsa da, reallıqla heç bir əlaqəsi yoxdur. Axı belə baxanda həm Rusiya, həm də Avropa eyni istiqamətdə, lakin müxtəlif səmlərdən hərəkət edir".
*****
Sözsüz ki, Rusiyanın kövrək sülh prosesinə badalaq gəlmək istəyi İrəvandakı radikal-revanşistlərə əlavə stimul verir. Onları daha aqressiv edir. O dərəcədə ki, hakimiyyətə gələcəkləri təqdirdə Paşinyanın imzaladığı üçtərəfli sənədləri belə etibarsız elan eləməyə cürətlənməyə başlayıblar. Hərəkatın liderlərindən olan daşnak İşxan Saqatelyan iki gün öncə məhz buna işarə edib. Lakin Azərbaycan atalar məsəlində deyildiyi kimi, “sirkə nə qədər tünd olsa, öz qabını sındırar”.
“Bu qəbil adamların hakimiyyətə gəlişindən sonra Azərbaycan və Türkiyənin ümumilikdə onlarla danışıqlar aparacağını söyləmək kifayət qədər təkəbbürlüdür. Unutmaq olmaz ki, bu qüvvələr revanşist şüarların istismarı fonunda hakimiyyətə gəlmək istəyirlər”.
İlqar Vəlizadə
Bu sözləri Minval.az-a “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
“İşxan Saqatelyan da obrazlı ifadə eləsək, ”altılıq" rolundadır. Orada isə proseslərin arxasında duran “tuz”lar var. Amma həmin “tuz”ların kartları həm 2018-ci ildə İrəvandakı etiraz aksiyaları zamanı, həm də Qarabağda 44 günlük müharibə zamanı vurulub. Bu adamlarla Azərbaycan əlbəttə ki, heç bir danışıqlar masasına oturub nəyisə müzakirə etməyəcək", - deyə politoloq qeyd edib.
Bu xüsusda Vəlizadə hesab edir ki, Saqatelyan və bu kimi bəzi aralıq fiqurlar (baxmayaraq ki, davam edən etirazların effektivliyi çox şübhəlidir) hakimiyyətdə də Köçəryanın, Sərkisyanın, Ohanyanın, yəni cinayətkarların ruporu rolununda olacaqlar: “O zaman cinayətkarların ruporu ilə danışmağın nə mənası var, əgər əvvəlki 25-26 illik danışıqlar, hətta cinayətkarların özləri ilə aparılan danışıqlar heç nə verməyibsə? Birbaşa demək lazımdır ki, Azərbaycan və Türkiyə Ermənistan cəmiyyətinə mesaj verir ki, bu adamlar hakimiyyətə gəlsə, o zaman sülh danışıqları, sülh gündəmi olmayacaq. Çünki belələri ilə sülhdən danışmaq mümkün deyil. Bunlar avantüristlər, şantajçılardır, onların başlarında ancaq bir gündəm var - müharibə”.
Ekspert əmindir: “Bu adamlar hakimiyyətə bir məqsədlə gələcəklər - Azərbaycanla növbəti, yeni müharibə üçün cəmiyyəti, eləcə də maliyyə və digər resursları səfərbər eləmək. Çünki onların təbliğ etdikləri Qarabağın ”müstəqilliyi" ilə bağlı tezislər birbaşa müharibə deməkdir, Azərbaycana açıq ərazi iddialarıdır. Bu adamlar hakimiyyətə gəlməməlidir".
Bununla belə, politoloq ümid edir ki, Ermənistan cəmiyyətində hər halda sağlam düşüncə üstün gələcək, erməni siyasi elitasında da həqiqətən sülh gündəmini müdafiə edən qüvvələr qalib gələcək. “Yəni heç bir halda bu revanşistlərin hakimiyyətə gəlməsinə imkan verilməyəcək. O səbəbə ki, bu, onların siyasi mövcudluğu və siyasi gələcəyi üçün yeganə şərtdir. Əgər revanşistlərlə döyüş hansısa səbəbdən uduzulsa, bütün Ermənistan uduzacaq”, - deyə ekspert xəbərdarlıq edib.
Qalır bu xəbərdarlıqdan düzgün nəticə çıxarmaq. Özü də tez. Çünki masa üzərinə Ermənistanın taleyi qoyulub və qərar vermək üçün zaman çox qalmayıb...“Müsavat”