RUS ORDUSUNUN 17 BATALYONU MƏHV EDİLDİ - İşğalçılar Xarkova desant çıxardı, Xersonda yüzlərlə cəsəd kücələrdə qalıb... -FOTOLAR/VİDEO
“Ukrayna xalqının Rusiya işğalına qarşı qəhrəmancasına müqavimətinin yeddinci günü davam edir”.
Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” hesabında məlumat yayıb.
Məlumatda bildirilir: “Podolsk bölgəsində paytaxtın şimal və şimal-qərb istiqamətindən girişinin qarşısını almaq üçün düşmən Qoreniçi, Qostomel, Demidov sərhədləri boyunca hücum əməliyyatlarını davam etdirməyə çalışır.
Jitomir vilayətində Rusiya Federasiyası silahlı qüvvələrinin Şərq Hərbi Dairəsinin 5-ci Birləşmiş Silahlı Qüvvələrinin üç taktiki batalyon qrupu var.
Şimal istiqamətində işğalçı qüvvələrin on yeddi batalyon canlı qüvvə və texnika itkisi var.
Kozelets, Bobrovitsa və Makiiv ərazilərində işğalçıların qarşısı alındı. Digər istiqamətdə, Svitilnya, Peremoha və Hostroluçça yaşayış məntəqələri ərazilərində düşmən qoşunları hücum potensialını itirdi.
İşğalçı itki verib və Boxoduxiv, Çuqiv, Şevçenkove yaşayış məntəqələri yaxınlığında dayandırılıb.
Donetsk istiqamətində isə uğur qazana bilməyən Rusiya qoşunları Mariupol şəhərini blokadaya almağa istiqamət götürüb.
Tavriya istiqamətində düşmən hücum əməliyyatlarını davam etdirir.
Qara Dəniz Əməliyyat Bölgəsində düşmən dəniz dəstəsini yerləşdirir və dəniz desant əməliyyatı üçün hazırlıqlarını davam etdirir.
İrəliləyə bilməyən düşmən Ukrayna Silahlı Qüvvələri ilə yanaşı olan mülki əhalini qorxutmaq üçün məkrli şəkildə mühüm infrastruktur obyektlərinə raket və bomba zərbələri endirməkdə davam edir.
Qoşunlarımızın davamlı müdafiəsi sayəsində düşmənin ruh yüksəkliyi və qələbə əzmi sürətlə aşağı düşür. İşğalçıların bütün istiqamətlərdə itkiləri var”.
Bu arada Rusiya Xarkov şəhərinə desant qoşunu çıxarıb, Ukrayna döyüşçüləri onlarla döyüşə girib.
Ukrayna Ali Radasının teleqram kanalının məlumatına görə, bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Rusiya desantları Xarkova enib. İşğalçılar xəstəxanaya - Şimal Regionunun Hərbi Kliniki Tibb Mərkəzinə hücum ediblər. İşğalçılarla ukraynalı müdafiəçilər arasında döyüş başlayıb", - məlumatda deyilir.
"Ukraynanın Operativ Silahlı Qüvvələri" teleqram kanalının məlumatına görə, hücum şəhər və bölgədə hava həyəcanı xəbərdarlığının elan edildiyi anda baş verib.
Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin yüzlərlə dinc sakini həlak olub və yaralanıb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.
Sosial şəbəkələrdə Xarkovda tank zavodunda partlayışla əlaqədar kadrlar paylaşılıb.
Bildirilir ki, yanğına görə sursat anbarında döyüş sursatlarının detonasiyası baş verir.
Bundan başqa, ATƏT missiyası Donetsk və Xersonda partlayışlar qeydə alıb. Gecə saatlarında Xerson hakimiyyətinin əhalinin təxliyəsini tələb etdiyi bildirilir.
Ukrayna mediasının məlumatına görə, Xerson şəhərində dəhşətli vəziyyət yaranıb.
Bu barədə Xerson şəhərinin meri İqor Kolıxayev məlumat verib: “Ukraynanın Xerson şəhərini ələ keçirən Rusiya ordusu hazırda çayın limanını və dəmiryol vağzalını nəzarətə götürüb. Dünən gecə şəhərdə sakitlik olub, yalnız tək-tək atışma səsləri eşidilib”.
İ.Kolıxayev həmçinin Ukrayna prezidentindən şəhər ərazisində qalan yüzlərlə cəsədin çıxarılması üçün “yaşıl dəhliz” təşkil edilməsini xahiş edib.
Şəhərin meri həmçinin əlavə edib ki, onların sərəncamında olan anbarlar şəhərdən kənarda yerləşdiyindən Xersona ərzaq gətirməyə ehtiyac var.
Ukraynanın Sumı bölgəsində gecə saatlarından küçə döyüşləri gedib. Ən çox itki Trostyanetsdə olub. Orada Rusiya qoşunları qərargahı zəbt edərək qarətə başlayıblar.
Bununla yanaşı, onlar ruhdan düşür, bəziləri Ukrayna Silahlı Qüvvələrinə təslim olur, digərləri isə insanlara hücum etməkdən imtina edərək qaçmağa çalışır.
Rusiya əsgərləri Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşmək istəmirlər.
Sum vilayətinin Axtır rayonundakı Trostyansk qəsəbəsinə də üç istiqamətdən Rusiya hərbi kalonları daxil olub və yaşayış məntəqəsini tam ələ keçirib. Şəhərdə infrastruktur dağıdılıb, ruslar evləri gəzir, insanları zirzəmilərdən çıxarır və küçədə oturmağa məcbur edir. Bu barədə Sum vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib.
Rusiya qoşunları şiddətli bombardmanların hesabına bəzi yaşayış məntəqələrinə daxil ola bilsələr də ağır itkilər verməkdə davam edirlər. Ötən gün Xarkov ətrafında Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş batalyonlarından birinin döyüşçüləri Rusiyanın 200-cü motoatıcı briqadasının tərkibindən 6 ən yeni T-80BVM döyüş tankını qənimət kimi ələ keçiriblər. Tanklar cəmi bir BMP-2 və “Javelin” tank əleyhinə raketinin köməyi ilə ələ keçirmək mümkün olub. Bu haqda ukraynalı jurnalist Yuri Butusov özünün Facebook hesabında bildirib və ələ keçirilən tankların fotolarını yayıb.
Sum vilayətində isə martın 1-də axşam Ukrayna ordusu Rusiya ordusunun daha bir böyük kalonunu darmadağın edib. Vilayət rəhbəri Dmitri Jivitski bildirib ki, Ukrayna döyüşçüləri “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsinin və digər vasitələrin köməyi ilə Romensk rayonunun Pustovoytovka kəndi yaxınlığında Rusiya qoşunlarının cəmləşmə rayonuna zərbələr endiriblər. Nəticədə yarısı “Qrad” qurğularından ibarət olmaqla 80-ə yaxın texnika məhv edilib. Bundan başqa Bişkin kəndi yaxınlığında uzunluğu iki kilometrə çatan Rusiya hərbi kalonuna zərbələr endirilib. 100-ə yaxın tank və BTR-lər sıradan çıxarılıb.
“Sum vilayəti Ukraynanın şimal forpostudur! Sum vilayətinin müdafiəsi bütün ölkənin müdafiəsidir. Biz düşməni sərhəddə dayandırmışıq”, - Jivitski bildirib. (azpolitika)