Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kiyevin mühasirəsi daralır

Zelenski vurğulayıb ki, paytaxtın müdafiəsi dövlət üçün başlıca məsələdir; Rusiya-Ukrayna müharibəsinin bir həftəsi-itkilər artır, dəhşət yaşanır...

Yenixeber.org: Rusiya və Ukrayna arasında 5 saatlıq görüşün keçirilməsinə və danışıqların növbəti raundunun təşkili ilə bağlı anlaşmanın əldə olunmasına baxmayaraq, ötən gün də müharibə dayanmadı. Əksinə, elə görüşdən bir neçə saat sonra Kiyev yaxınlığına “İskəndər-M” raketləri, qanadlı və ballistik raketlər, kasetli bombalarla zərbələr endirildi.

Hərbi hissənin hədəfə alınması nəticəsində azı 70 ukraynalı hərbçi həlak olub. Xarkov Vilayət Administrasiyasının binası darmadağın edilib. Həmçinin Kiyev ətrafına endirilən zərbələr insan tələfatı ilə nəticələnib. Bu arada prezident Zelenski danışıqların heç bir nəticə vermədiyini bəyan edib.

Prezidenti Volodimir Zelenski Rusiyanın itkilərinin sayını açıqlayıb. Musavat.com-un xəbərinə görə, dövlət başçısı facebook vasitəsilə xalqa video-müraciətində bildirib ki, Ukrayna Silahlı Qüvvələri indiyədək 6 minə yaxın Rusiya hərbçisini məhv edib, 200 nəfəri əsir götürüb. Onun sözlərinə görə, Rusiya real itkilərini gizlədir.

“Ukraynanın Xarkov şəhərindəki Azadlıq meydanına zərbə endirdikdən sonra Rusiya terrorçu dövlətdir. Xarkov və Kiyev indi Rusiya üçün daha vacib hədəfdir. Bizi sındırmaq, müqavimətimizi qırmaq üçün terror törədirlər. Onlar bizim paytaxtımıza doğru hərəkət etdikləri kimi Xarkova da girməyə çalışırlar. Ona görə də paytaxtın müdafiəsi dövlətimiz üçün başlıca məsələdir”, - V.Zelenski vurğulayıb.

Rusiya müdafiə naziri Şoyqu isə rus ordusunun öz hədəfinə çatmayanadək əməliyyatları dayandırmayacağını bəyan edib. Martın 1-də Belarus ordusu da sərhədi keçərək, Ukraynanın içərilərinə doğru istiqamət almağa başlayıb.  Bununla da Belarus danışıqlardakı vasitəçilik missiyasına zərbə vurmuş oldu.

Ukrayna qoşunlarının Şimal komandanlığı isə özünün Facebook səhifəsində 28 fevralda, axşam saatlarında Sum vilayətinin Lebedinıy şəhəri ətrafında Rusiya ordusunun 90-a yaxın tankının, 20 “Qrad” qurğusunun və 8 yanacaqdaşıyan avtomobilinin “Bayraktar TB2" döyüş pilotsuz təyyarəsindən endirilən raket zərbələri ilə məhv edildiyini bildirir. ”Bu, rusların yanacaq bazası idi. “Habelə ”Qrad"ların mövqeləri məhv edildi", - komandanlıq bildirib və həmin zərbələrin videosunu paylaşıb. Xarkov vilayətinin Derqaç rayonunda isə yerli polis əməkdaşları iki Rusiya zirehli texnikasını məhv ediblər. “Derqaç rayonunun ərazisinin az bir hissəsi bu gün müvəqqəti olaraq Rusiya işğalçılarının nəzarətinə keçib, amma bunun heç bir əhəmiyyəti yoxdur. Düşmən texnikası orada da tüstülənir. Ukrayna hərbçiləri, milli qvardiyaçılar, polis, ərazi özünümüdafiə dəstələri, vətəndaşlar heç vaxt Ukraynanın işğalı ilə barışmayacaqlar. Biz hamımız düşməni məhv edəcəyik, hətta onların nəzarətinə keçən ərazilərdə də”, - yerli polis bildirib. Və məhv edilən Rusiya zirehli texnikasının görüntülərini paylaşıb.

Rusiya qoşunları Xarkovu atəşə tutmaqda davam edir. Onlar yarımstansiyaları partlatmağa başlayıblar. Bu barədə şəhərin başçısı İqor Terexov Ukrayna telekanallarının efirində bildirib. “İndi mərmi atılır, artıq 87-dən çox evə ziyan dəyib, dağıntılar altında qalanlar var... Şəhəri elektrik enerjisi ilə təmin edən yarımstansiyalarımız partladılıb. Xarkovun bəzi rayonları artıq elektrik enerjisi şəbəkələrindən kəsilib, onlar işıqsız qalıb və müvafiq olaraq su və istilik təchizatında problemlər yaranıb. Bu, soyqırımdır... İnsanları məhv etmək üçün müharibədir”..., - Ukrayna KİV-ləri Terexovdan sitat gətirir. Mer qeyd edib ki, Rusiya qoşunları daim şəhərə soxulmağa çalışır, təxribat qrupları işləyir. “Lakin Xarkov dözür, Xarkov qalib gələcək”, - o bildirib.

Rusiya ordusunun amansız zərbələri prezident Zelenskinin Ukraynanın Avropa İttifaqına qəbulu ilə bağlı rəsmi müraciət imzalamasından sonra daha da intensivləşib. Gözləntilər var ki, Avropa İttifaqı Kiyevin quruma qəbul edilməsi ilə bağlı qərarı hər an qəbul edilə bilər. Bu barədə Böyük Britaniya KİV-ləri də yazıb. Bundan əvvəl Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı müraciətin Brüsselə çatdırıldığını və rəsmi qeydiyyata alındığını, üzvlük məsələsinin tezliklə müzakirə oluncağını deyib.

Avropa İttifaqı Ukraynanın üzvlüklə bağlı müraciətini nəzərdən keçirməyə  başlayıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Artıq Ukraynanın üzvlüklə bağlı müraciətinin nəzərdən keçirilməsi üzrə rəsmi prosedur başlayıb. Bu barədə Ukraynanın Avropa İttifaqındakı nümayəndəsi Vsevolod Çentsov özünün “Twitter” səhifəsində yazıb. Martın 1-də isə prezident Zelenski Avropa Parlamentinin toplantısına onlayn şəkildə qatılıb və çox təsirli bir müraciət edib. Rusiyanı bəşəri cinayətdə ittiham edən Ukrayna lideri bildirib ki, onun ölkəsi Avropanı seçib, indi söz Avropanındır. AP üzvləri V.Zelenskini ayaq üstə sürəkli alqışlayıblar.

Ukraynanın Rusiya təcavüzünə qarşı qəhrəmanlıqla dirəniş göstərməsi dünyanı da hərəkətə keçirib. Litva, Böyük Britaniya kimi bir sıra ölkələr öz vətəndaşlarının Ukraynada könüllü olaraq döyüşməsinə etiraz etmədiklərini bəyan etməklə əslində çox ciddi mövqe sərgiləmiş olublar. Gürcüstanın paytaxtı Tiflisdən Ukraynaya getmək istəyən könüllülərin isə yolunu Gürcüstan hökuməti kəsib. Bundan sonra Ukrayna Gürcüstandakı səfirini geri çağırıb. Həmçinin Qırğızıstandakı səfir də Kiyevə çağırılıb.

“Putin sülhü məhv etdi, Belarus da işğala yardım etdi. NATO Ukraynanın yanındadır”. “Report” xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib. “Ötən həftədə Alyansımızın şərq cinahındakı mövcudluğumuzu gücləndirdik. Bizim müdafiə məsələsindəki öhdəliklərimiz mübahisəsizdir. NATO ərazilərini müdafiə etməyə davam edəcək”, - o vurğulayıb. Yens Stoltenberqin sözlərinə görə, NATO Rusiya ilə savaşmaq istəmir: “Problem xoşniyyətli diplomatik yollarla həll edilməlidir. Bütün dünya sülh üçün Ukraynanın yanındadır”.

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel bildirib ki, qurumun xarici işlər nazirləri Ukraynaya 450 milyon avro dəyərində öldürücü silahlar verməyə razılaşıblar. Bundan əlavə, Borrell Aİ-nin Ukraynaya hərbi təyyarələr tədarük edəcəyini bildirib.

Yunanıstan hava məkanını bağlayıb, İtaliyaya uçan Rusiya təyyarəsi İstanbula məcburi endi

Rusiyanın “Aeroflot” aviaşirkətinin Moskva-Verona reysini həyata keçirən sərnişin təyyarəsi İstanbul hava limanına məcburi eniş edib. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən Avropa hava məkanını Rusiya təyyarələri üçün bağladığından Moskvadan İtaliyanın Verona şəhərinə gedən sərnişin təyyarəsi Yunanıstanın hava məkanına buraxılmayıb. SU-7236 uçuş nömrəli Boeing-737 tipli sərnişin təyyarəsi bir müddət Türkiyə-Yunanıstan sərhədində dövrə vurub. Hava məkanına daxil olmasına icazə verilmədiyi üçün İstanbula doğru hərəkət edib. Təyyarə 21:00 radələrində İstanbul Hava limanına eniş edib və yanacaq doldurulduqdan sonra Moskvaya geri qayıdacaq. Ümumilikdə 50-dən çox ölkə Rusiyaya hava məkanını qapadıb.

Bu tarixlərdə Moskvadan Bakıya uçuş olmayacaq - RƏSMİ » AzadSəs

Ötən gün Ukraynadan təxliyə edilən azərbaycanlıların daha bir qismi Bakıya gətirilib. “Azərbaycan Hava Yolları” QSC (AZAL) fevralın 28-də Ukraynadakı vəziyyətlə əlaqədar qonşu ölkələrə keçmiş 176 Azərbaycan vətəndaşını çarter reysi ilə təxliyə edib. Rumıniyadan uçuş həyata keçirən təyyarə Bakıya eniş edib. Qeyd edək ki, Rumıniya ərazisindən reallaşdırılan çarter reyslərindən birincisi artıq həyata keçirilib. Türkiyənin “Tailwind” şirkəti vasitəsilə 168 nəfər Azərbaycana çatdırılıb.

Ukraynanın Xarkov şəhərinin mərkəzinin raket atəşinə məruz qalması nəticəsində Azərbaycanın fəxri konsulluğunun binasına ziyan dəyməyib. Bu barədə Musavat.com-a Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğundan məlumat verilib.

“Hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu təxliyə edəcəyik. Həmvətənlərimizə bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyə edirik. Təxliyə ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, - məlumatda vurğulanıb. Qeyd olunub ki, raket zərbələrinin endirildiyi ərazi fəxri konsulluq binasına yaxın yerləşir.

 “Bir az əvvəl maşınla paytaxtı bir az gəzdik. Şəhərin kənarındakı blok-posta qədər getdik. Hər tərəfdə sakitlikdir. Geri qayıdanda Ukraynaya məxsus silahlı qrup bizi saxladı, sənədlərimizi yoxladı, silahlarımızın olub-olmamasını soruşdu. Hər şeyin qaydasında olduğunu biləndən sonra üzr istədilər. Mənsə onlara bu cür ciddi fəaliyyətləri üçün təşəkkürümü bildirdim, dedim ki, Ukrayna uğrunda biz azərbaycanlılar da döyüşməyə hazırıq”.

Yalçın Qəhrəmanoğlu: Azərbaycanlılar Ukraynanın müdafiəsində aktiv iştirak  edir

Kiyevdə yaşayan diaspora fəalı Yalçın Qəhrəmanoğlu bu sözləri Musavat.com-a açıqlamasında bildirib. Həmyerlimiz deyib ki, gecə müəyyən gərginliklər olsa da, hazırda sakitlikdir: “Şəhər çox yüksək səviyyədə, hərtərəfli mühafizə olunur. Hazırda sakitlikdir. 1-2 dəfə xəbərdarlıq siqnalı olub, sonuncu dəfə 2 saat öncə siqnal oldu. Ancaq şəhərdə həyat davam edir. Ərzaq dükanları, apteklər, yanacaqdoldurma məntəqələri, metro fəaliyyətə başlayıb, bəzi avtobuslar yollara çıxıb”. Y.Qəhrəmanoğlu paytaxt sakinlərinin sonadək döyüşmək iqtidarında olduğunu söylədi: “Prezident Zelenski başda olmaqla, Ukraynanın bütün siyasi elitası Kiyevdədir. Bu da insanları yüksək səviyyədə ruhlandırır, sadə insanlarda böyük ruh yüksəkliyi yaradır ki, kimsə öz həyatını düşünüb, Lvova, digər təhlükəsiz şəhərlərə qaçmadı”.

Həmvətənimiz dedi ki, qonşularla birgə 10 nəfərlik döyüşçü qrupu yaradıblar: “Kimin ki, vətəndaşlığı yoxdur, onlar silah ala bilməsə də, Molotov kokteyli hazırlayıblar. Müqavimət mütləq göstərəcəyik! Dövlət orqanları ilə əlaqəli şəkildə, hər birimiz öz evimizi qoruyuruq”.

Y.Qəhrəmanoğlu Ukrayna hərbçilərinin əlinə keçən azərbaycanlı barədə ajiotaja ehtiyac olmadığını da söylədi: “Yəqin ki, həmin azərbaycanlının məsələsi ilə xüsusi xidmət orqanları məşğul olacaq. Ancaq baxıram ki, bizim media və azərbaycanlı sosial şəbəkə istifadəçiləri bu faktı çox şişirdir. Azərbaycan millətinin və dövlətinin Ukraynaya böyük dəstəyi müqabilində bu, o qədər xırda məsələdir ki, böyütməyə gərək yoxdur. Məgər Ukraynanın satqını yoxdur? Kifayət qədərdir. Ukrayna sosial şəbəkə istifadəçiləri o məsələyə heç bir önəm vermirlər. Amma istənilən halda, biz onu araşdıracağıq imkan dairəsində”.

Y.Qəhrəmanoğlu dedi ki, Ukraynanın böyük və orta şəhərlərindən heç biri işğal olunmayıb. Xerson və Xarkovda isə ağır döyüşlər gedir.(Musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam