“Azad olunan ərazilərdə həyata keçirilən işlər Azərbaycanın gücünü göstərir”
“Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərliyinin siyasi iradəsini və xalqımızın əzmini göstərir”.
Yenixeber.org: Bunu Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbədən sonra məcburi köçkünlərin öz doğma torpaqlarına ən qısa vaxtda qayıtması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.
S.Məmmədov 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən Azərbaycana məxsus yüzlərlə dini, tarixi və mədəni abidənin vəhşicəsinə məhv edildiyini vurğulayıb. Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki mənzərə artıq başa çatmış Qarabağ münaqişəsinin mahiyyəti barədə çox aydın təsəvvür yaradır: “Cənab Prezident də dəfələrlə öz çıxışlarında vurğulayıb ki, biz Vətən müharibəsində həm də erməni faşizminə qalib gəlmişik. Vaxtilə Ermənistanın işğal etdiyi ərazilərdə yaşayış məskənlərinin vəziyyəti, eləcə də dini və mədəni abidələrə qarşı törədilmiş vəhşiliklər erməni faşizminin nə qədər təhlükəli və qəddar olduğunu göstərir. 30 il ərzində bu torpaqlar tamamilə xarabalığa çevrilib. Ancaq Azərbaycan dövləti bu gün həmin ərazilərdə hava limanları tikir, avtomobil yolları çəkir, yaşayış məskənlərini yenidən bərpa edir, tarix və mədəniyyət abidələrinin görkəmini özünə qaytarır. Bu, həm də Azərbaycan və Ermənistan arasında fərqin göstəricisidir”.
S.Məmmədov vurğulayıb ki, işğaldan azad olunmuş rayonlarda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi planlaşdırılır. Ağdam Cümə məscidinin, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilməsi istiqüamətində görülən işlər, eləcə də Şuşada yeni məscidin inşasına başlanılması Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərin qorunmasına verdiyi böyük önəmi göstərir: “Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi istiqamətində işlər aparılır. Bütün bu tədbirlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun rolu kifayət qədər böyükdür. Cənab Prezident də bunu xüsusi olaraq vurğuladı”.
Deputat Qarabağ münaqişəsinin artıq başa çatdığını və Cənubi Qafqazın tarixində yeni bir dövrün başladığını qeyd edib. O bildirib ki, münaqişədən sonrakı dövrdə qarşıda duran əsas vəzifə azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını təmin etməkdir: “İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin əsas məqsədi də bu prosesi sürətləndirməkdən ibarətdir. Azərbaycan dövləti bunun üçün bütün resurslarını səfərbər edib. Cənab Prezident iş adamlarına çağırış etdi ki, işğaldan azad olunmuş ərazilərə sərmayə yatırsınlar, müəssisələr qursunlar, iş yerləri açsınlar. Hesab edirəm ki, bu, bölgədə həyata keçirilən quruculuq işlərinə böyük töhfə olacaq. Eyni zamanda, Azərbaycan xalqının əzmini, öz torpaqlarına bağlılığını bir daha bütün dünyaya nümayiş etdirəcək”.